Emmanuel Makron Fransanın paytaxtında Almaniya kansleri vəzifəsini tərk etməyə hazırlaşan Angela Merkellə görüşüb. Moderator.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzet yazıb. Nəşrin materialında vurğulanır ki, iki lider bəzi fikir ayrılıqlarına baxmayaraq, Avropanın xeyrinə etibarlı əlaqələr qurmağı bacarıblar.
Fransa prezidenti Emmanuel Makron cümə axşamı günü Parisdə Almaniya kansleri Angela Merkel üçün şam yeməyi təşkil edib - “Le Parisien” yazır ki, bu, onların böyük ehtimalla Almaniyada Merkelin varisini müəyyən edəcək seçkilər ərəfəsində son rəsmi görüşüdü.
Nəşrin materialında qeyd edildiyi kimi, iki liderin Yelisey sarayında keçirdikləri görüş “xüsusi hisslərlə” şərh edilməsə də, Makron və Merkel birgə çalışdıqları müddətdə dəfələrlə Avropanın xeyrinə ümumi dil tapmağı bacarıblar.
“Bu andan etibarən yeni Almaniya hökuməti qurulana qədər Angela Merkel və mən əvvəlki kimi Fransa-Almaniya münasibətlərində vacib problemlər üzərində çiyin-çiyinə çalışmağa davam edəcəyik”, - deyə Makron görüşü şərh edib.
Nəşrin verdiyi məlumata görə, liderlər şam yeməyi zamanı Əfqanıstandakı böhranı və Afrikanın şimalındakı terror qrupları ilə mübarizədə Avropa ölkələri arasında əməkdaşlığı müzakirə ediblər. “Bununla belə, Fransa-Almaniya münasibətlərində Avropa gündəmi uzun müddət qapalı qala bilər, çünki yeni alman hökumətinin qurulması, 2017-ci ildə olduğu kimi, uzana bilər. Həmin vaxt Almaniyada koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqlar altı ay davam etmişdi və bu səbəbdən Fransa prezidenti Avropa təşəbbüslərini təxirə salmalı olmuşdu”, - deyə jurnalist qeyd edib.
“Uzun müddət hərəkətsiz qalmamaq üçün əlimizdən gələni edəcəyik”, - deyə xanım Merkel öz növbəsində Fransa prezidentini əmin edib.
Qəzet yazır ki, Makron və Merkel yaş və siyasi üslubdakı əhəmiyyətli fərq səbəbiylə dərhal ümumi dil tapa bilməsələr də, zaman keçdikcə məhsuldar əməkdaşlıq və etibarlı münasibətlər qurmağa müvəffəq olmuşdular. Koronavirus pandemiyası fonunda iki lider əlaqələrini daha da gücləndirmış, 2020-ci ilin may ayında birlikdə 750 milyard avroluq Avropa iqtisadiyyatının bərpası planını təklif etmiş və sonra bu “tarixi miqyaslar” planı haqqında razılaşma imzalamışdılar.
“Bu arada, Yelisey sarayı artıq Merkelin varisinin gəlişinə hazırlaşır: Cənab Makron son günlərdə Almaniya kansleri postuna iki favorit namizəd - sosial-demokrat Olaf Şolts və xristian demokrat Armin Laşetlə görüş keçirməyə fürsət tapıb”, - deyə müxbir vurğulayıb.
Miraslan