Sevindirici haldır ki, bu gün Şuşa azadlıqdadır. Şuşanı tikən, Xanlığın paytaxtı halına salan Pənahəli xan Cavanşirlə bağlı orada heç bir detal, abidə belə yoxdur. Sovet dövründə olmaması anlaşılan idi. Hazırda isə Cıdır düzündə əli qılınclı Pənahəli Xanın abidəsi görünmür. Əlbəttə, Şuşa yenidən bərpa olunur, tikilir. Bəs görəsən yenidən qurulan Şuşada Pənahəli Xanın abidəsi olacaqmı?
Mövzu ilə bağlı Mədəniyyət nazirliyinə müraciət etdik. Nazirlikdən Moderator.az-a verilən məluatda isə bu barədə təkliflərin hazırlandığı bildirildi:
“Bildiyiniz kimi, Qarabağ xanlığının banisi, Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın sarayı erməni vandalizminə məruz qalan tarixi abidələrimizdən biridir. Şuşanın ilkin tarixi simasının bərpa edilməsi istiqamətində görülən işlər çərçivəsində şəhərin tarixi mərkəzində yerləşmiş və Pənahəli xanın iqamətgahı olmuş bu sarayın da bərpası nəzərdə tutulur. Hazırda Pənahəli xanın adının əbədiləşdirilməsi, o cümlədən sözügedən sarayın bərpası ilə bağlı təkliflər hazırlanır”.
Xəyalə Rəis