"Azıx mağarası elmi mahiyyətinə görə UNESCO-nun mədəni irs siyahısına daxil olmağa layiq olan abidədir".
Bunu 2023-cü ildə "Daş təpələr" (Göbəklitəpə) neolit dövrünə həsr olunacaq beynəlxalq konfransın təqdimatında iştirak edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə,
bu abidənin unikallığı haqqında dünya ictimaiyyətində kifayət qədər məlumat var:
"1970-1980-ci illərdə Azərbaycan arxeoloqların, o cümlədən Sovet arxeoloqlarının bu tədqiqatda iştirakı bunu sübut edir. Bizim əsas fikrimiz budur ki, gələcəkdə Azıxdakı tədqiqatlar beynəlxalq tədqiqatlar formatında aparılsın. Artıq bir neçə ölkədən təklif var. Xüsusilə də Yaponiyanın Tokio Universiteti bu abidə ilə çox maraqlanır. Biz, Azərbaycan qanunlarına hörmət edən, ərazi bütövlüyümüzü tanıyan bütün tədqiqatçılarla əməkdaşlıq etməyə hazırıq. Çünki o abidənin unikallığı təkcə Azərbaycan üçün yox, bütün dünya üçün önəmlidir".
F. Quliyev Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun ən qədim dövrlə məşğul olan bir qrup mütəxəssisi olaraq İstanbul Universiteti ilə əməkdaşlıq etdiklərini bildirdi:
"Artıq bir çox görüşlərimiz konfranslarımız həyata keçirilib. Uzun zamandır bir yerdə tədqiqatlara başlamağı planlaşdırırdıq. Bu gün Türkiyədə çox möhtəşəm arxeoloji mədəniyyət var. Bu isə Göbəklitəpə abidəsinin aşkar olunması ilə bağlıdır. Bu abidənin ətrafında artıq bir neçə Göbəklitəpə tipli e.ə. XII minilliyə aid olan mədəniyyət abidələrinin aşkar olunması Anadolunun qədim sivilizasiyaların yaranışının mərkəzi hesab etməyə fikrini ortaya qoyub. Bunu artıq xarici mütəxəssislər də bunu qəbul edir. Gələn ildən etibarən Türkiyə hökuməti qazıntı işlərini genişləndirəcək. Təxminən 12 abidədə çox əsaslı tədqiqat işləri gedəcək. 2023-cü ildə dünya neolit dövrü mövzusunda böyük bir konqresin keçirilməsi nəzərdə tutulur. Mənim işim Azərbaycan tərəfinin məhz 2 ildən sonra burada çox mötəbər şəkildə iştirak etməsidir. Bizim burada ayrıca bir Azərbaycanın qədim arxeoloji mədəniyyətləri mövzusunda bölməmiz fəaliyyət göstərəcək. Orada bir neçə tədqiqatçı təqdimatla çıxış edəcək. Ən əsası budur ki, gələn ildən etibarən UNESCO-nun siyahısına daxil olan mədəniyyət abidələrində azərbaycanlı arxeoloqlarının iştirakı mümkün olacaq. İlkin olaraq burada bir neçə mütəxəssisi və tələbələri tədqiqatlara cəlb edəcəyik. Gələn ildən etibarən burada çox möhtəşəm qazıntılar aparılacaq. Burada çoxlu sayda tədqiqat qrupları işləyəcək. İstəyirik ki, tədqiqat qruplarından biri də Azərbaycandan olsun. Hazırda bu istiqamətdə işlərimiz uğurla davam edir. İnanırıq ki, gələn il tədqiqat işlərində iştirak etməklə araşdırmalarda bizim də payımız olacaq və yeni məsələlərin ortaya çıxmasına nail olacağıq. Türkiyədə bu tədqiqatlarda həddindən artıq tələbələr iştirak edir, biz də istəyirik ki, bu tədqiqatlarda çoxlu sayda gənc tədqiqatçılarımız iştirak etsin. Burada araşdırmalarda işləməklə qədim dövrün bir çox qaranlıq səhifələrinə aydınlıq gətirmək olar. O cümlədən də Azərbaycanın qədim arxeoloji mədəniyyətlərinin öyrənilməsində Göbəklitəpə tipli abidələrin araşdırılması bizim üçün çox vacibdir. Biri var kitabdan oxuyasan, biri də var birbaşa bu tədqiqatlarda iştirak edəsən".