KXDR rəhbərinin kiçik bacısı və ən yaxın köməkçilərindən olan Kim Yo Çjon Cənubi Koreya prezidenti Mun Çje İnin 1950-1953-cü illərdəki Koreya müharibəsinin bitdiyini rəsmən elan etmək təklifini dəstəkləyib. Moderator.az “The Times” qəzetinə istinadla xəbər verir ki, eyni zamanda Kim Yo Çjon bu niyyəti həyata keçirmək üçün qonşu dövlətin və onun müttəfiqi ABŞ-ın Şimali Koreyaya qarşı düşmənçilik siyasətindən və ikili standartlardan əl çəkməli olduğunu vurğulayıb.
Şimali Koreya liderinin nüfuz sahibi olan kiçik bacısı Koreya müharibəsinə son qoymaq təklifini “maraqlı və gözəl fikir” adlandırıb. Britaniya qəzetinin yazdığına görə, KXDR tərəfindən belə bir açıqlama Cənubi Koreya rəhbəri Mun Çje İnin sözlərinə reaksiyadır. Mun Çje İn Nyu-Yorkda BMT Baş Assambleyasının sammitində daimi sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatmış 1950-1953-cü illər müharibəsinin sonunu rəsmən elan etməyi təklif edib.
Məqalədə qeyd olunur ki, belə formal jest əhəmiyyətli dəyişikliklərə səbəb olmayacaq, ancaq son iki il ərzində ölkələr arasındakı münasibətlər pisləşdiyindən diplomatik danışıqların yeni mərhələsinin başlanğıcı olacaq. Məsələn, iyul ayında Şimali və Cənubi Koreya birbaşa əlaqə xəttini bərpa etdi, lakin qonşu ölkə ABŞ-la illik hərbi təlimlərdə iştirak etdikdən sonra KXDR zəngləri cavablandırmağı dayandırdı. Şimali Koreya bu ay bir sıra qanadlı və qısa mənzilli ballistik raket sınaqları keçirdi. Buna baxmayaraq, Kim Çen Inın bacısının sözləri onu göstərir ki, KXDR rəhbəri rəqibləri ilə danışıqlar masasına oturmaq ümidindən əl çəkmir.
“Müharibənin sona çatmasının elan edilməsi maraqlı və gözəl fikirdir, çünki barışıq yolunda qeyri-sabit vəziyyətə son qoymaq məqsədi güdür. Ancaq bunun üçün uyğun vaxtın və bu mövzunu müzakirə etmək üçün şərtlərin hazır olub-olmadığını öyrənmək lazımdır”, - deyə qardaşının ən yaxın köməkçilərindən biri olan və tez-tez danışıqlarda mətbuat katibi kimi çalışan Kim Yo Çjon bəyan edib.
“The Times” yazır ki, Kim Çen Inın bacısı müharibənin sona çatması ilə bağlı bəyannamə oxunarkən saxta gülüşlərin və fotoşəkillərin “kiməsə kömək edə biləcəyini”, ancaq tənqidlərə dözməyəcəyini və mövcud bərabərsizliyi, ciddi ziddiyyətləri nəzərə alaraq iki ölkə arasındakı münasibətlərdə heç nəyi dəyişməyəcəyini də əlavə edib.
Miraslan