Qarşılıqlı təhdid və ittihamlar nəyə gətirib çıxaracaq?
Düşənbənin ünvanına Kabildən təhdidlər eşidildi. Səbəb Tacikistan hakimiyyət orqanlarının Pəncşirdəki “Taliban” əleyhinə mübarizə aparan müqavimət qruplarına dəstəyidir. Prezident Emoməli Rəhmon Əfqanıstanla sərhəddə hərbi parad keçirəndən sonra vəziyyət daha da gərginləşdi. “Taliban”potensial təhlükələri dəf etmək üçün sərhəd bölgələrinə döyüşə hazır qüvvələr göndərib. Moderator.az bildirir ki, “İzvestiya”nın müxbiri bu gərginliyin hərbi qarşıdurmaya gətirib çıxaracağını öyrənməyə çalışıb.
Müdaxilə etməyə ehtiyac yoxdur
“Tacikistanın daxili işlərimizə qarışmasını istəmirik. Onunla yaxşı münasibətlərdə qalmaq istəyirik, ancaq bir ölkənin qonşunun daxili işlərinə qarışması heç kimin maraqlarına xidmət edə bilməz. Hər bir hərəkətə qarşı əks hərəkət tapılır”, - deyə taliblər tərəfindən Əfqanıstan müvəqqəti hökumətinə sədr müavini təyin olunmuş Abdul Salam Hənəfi bildirib.
Bu sözlər Tacikistan prezidenti Emoməli Rəhmonun çıxışına cavab idi. O, BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərkən Əfqanıstanda seçkilər keçirilməsini və Əfqanıstan tacikləri də daxil olmaqla, bütün etnik qrupların iştirakı ilə inklüziv hökumət qurulmasına çağırış etmişdi: “Ölkənin bütün sakinlərinin maraqları nəzərə alınmadan hər hansı bir hökumətin qurulması fəlakətli nəticələrə səbəb ola bilər”.
Bundan əlavə, Tacikistan lideri Əfqanıstan ərazisində beynəlxalq terrorizmin yenidən canlanma təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, “Əl-Qaidə” və İŞİD də daxil olmaqla, müxtəlif terror qrupları mövqelərini aktiv şəkildə gücləndirmək üçün Əfqanıstandakı vəziyyətdən istifadə edirlər.
“Bu gün Əfqanıstanın Pəncşir əyalətində baş verən hadisələrə əsaslanaraq beynəlxalq insan haqlarının faciəvi şəkildə pozulduğunun şahidi oluruq. Pəncşir sakinlərinə ərzaq və digər zəruri ehtiyac əşyalarının, eləcə də humanitar yardımların verilməsinə qadağa qoyulub. Dinc əhali görünməmiş şiddətlə üzləşir. Söhbət sakinlərin kütləvi qətliamından gedir. Bu vəziyyət xaricdən təşkil edilir və Əfqanıstan xalqına tətbiq olunur”, - deyə Rəhmon bildirmişdi. Lakin o, “xarici qüvvələr” dedikdə tam olaraq kimləri nəzərdə tutduğunu izah etməmişdi.
Əsasən taciklərin yaşadığı Pəncşir 1975-ci ildən bəri geniş muxtariyyət qurmağa çalışır. Bura 1980-ci illərdə Əfqanıstanın sovetpərəst hökumətinə qarşı çıxan etnik tacik Əhməd Şah Məsudun və sovet qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstandakı vətəndaş müharibəsində digər səhra komandirlərinin nəzarətində idi. 1996-cı ildə demək olar ki, bütün Əfqanıstanı ələ keçirən “Taliban” heç vaxt Pəncşiri ala bilməmişdi.
Bu dəfə də ölkənin “Taliban”a tabe olmayan son bölgəsi olan əyalət onlara qarşı müqavimət mərkəzinə çevrildi. Müqavimət qüvvələrinə 2001-ci il sentyabrın 10-da öldürülmüş Əhməd Məsudun oğlu kiçik Əhməd rəhbərlik edirdi. O, əsas məqsədinin bütün millətlərə muxtariyyət verən və onların ölkənin idarə olunmasında iştirakını təmin edən yeni bir Əfqanıstan yaratmaq olduğunu bildirirdi.
Müqavimət liderləri Əfqanıstan ordusunun qalıqlarından və taliblərə təslim olmayan yerli sakinlərdən ibarət könüllü silahlı dəstə yaratmaq istəyirdilər. Onlar həmçinin beynəlxalq dəstəyə də arxalanırdılar. Amma heç kim onları dəstəkləmədi. Bölgə sentyabrın 6-da ələ keçirildi.
Vəziyyətin gərginləşməsi
Tacikistan Əfqanıstanın əksər regional qonşularından fərqli olaraq Kabildə yeni hökuməti tanımadı. Emoməli Rəhmon deyib ki, inklüziv hökumət yaradılacağına dair vədlərə baxmayaraq, “Taliban” əslində İslam əmirliyi qurur. “Beynəlxalq ictimaiyyətin Əfqanıstandakı vəziyyətə biganə yanaşması uzun sürən vətəndaş müharibəsinə səbəb ola bilər”, - deyə o, xəbərdarlıq edib.
Ölkədə Əfqanıstandan qaçqın axınından ehtiyat edirlər. Yazın əvvəlində Tacikistan artıq bir neçə min əfqan əsgərini və minə yaxın mülki vətəndaşı qəbul etmişdi. Düşənbəni həm də narkotik axınının artması ehtimalı narahat edir. İyulun ortalarında Tacikistan sərhəd xidməti əfqan qaçqınlarından 3,5 kq heroin tapmışdı.
Bundan əlavə, Tacikistan hakimiyyəti radikal islamçıların güclənməsindən qorxur. Taliblər qonşularını təhdid etməyəcəklərinə söz versə də, Tacikistan-Əfqanıstan sərhədini qorumağı Tacikistanda qadağan edilmiş “Ənsarullah” qruplaşmasına həvalə edib. Bu qruplaşmanın üzvlərinin çoxu beynəlxalq axtarışdadır. Təşkilata Əfqanıstan nümunəsi ilə Tacikistanda xilafət qurmaq istədiyini dəfələrlə söyləyən etnik tacik Mehdi Arsalon başçılıq edir.
Bu dəfə Rahmonun sözlərinə cavab olaraq “Taliban” xüsusi təyinatlı qüvvələrinin onlarla əsgərini “potensial təhlükələri aradan qaldırmaq” üçün Tacikistanla həmsərhəd olan Əfqanıstanın Taxar əyalətinə göndərdi.
İki gün sonra, sentyabrın 27-də Tacikistan lideri Əfqanıstanla sərhəddə yerləşən Dağlıq Bədəxşanda ölkənin müstəqilliyinin 30 illiyi şərəfinə hərbçilərin, sərhədçilərin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının paradını qəbul etdi. Tədbirə ümumilikdə 2 min zabit və əsgər, habelə 50 texnika cəlb olunmuşdu.
Emoməli Rəhmonun Düşənbədə Pəncşir müqavimət liderlərini - kiçik Əhməd Məsudu və Əfqanıstan hökumətinin keçmiş vitse-prezidenti Əmrullah Salehi qəbul etməsiylə bağlı xəbərlər onsuz da gərgin olan vəziyyəti bir qədər də çətinləşdirir.
“Kiçik toqquşmalar mümkündür”
Müasir Əfqanıstanı Araşdırma Mərkəzinin direktoru Ömər Nessar “İzvestiya”ya bildirib ki, tacik lideri Tacikistan üçün “Taliban” tərəfindən təhlükə görür. “Əvvəllər hesab edilirdi ki, əgər Əfqanıstanda vəziyyət gərginləşərsə, şimalda əsasən qeyri-puştunlardan ibarət müqavimət hərəkatı yaranar və bunda əsas rolu taciklər oynayar. Amma indi faktiki heç bir müqavimət qalmayıb. Faktiki olaraq bütün liderlər siyasi cəhətdən zərərsizləşdirilib. Rəhmon puştunlar olmayan hissəyə siyasi dəstək verməyə çalışır. Bu, onun ölkə daxilində və regional səviyyədə imicinə müsbət təsir göstərir. İranla Tacikistan arasında yaxınlaşma var”, - deyə ekspert qeyd edib.
"Bir tərəfdə islamçılar və puştun millətçiləri (tacik əleyhinə), digər tərəfdə dünyəvi tacik rejimi durur" deyən Rusiya Xarici İşlər Nazirliyi yanında Moskva Dövlət Beynəlxalq Münasibətlər və Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi, Ali İqtisadiyyat Məktəbinin professoru Andrey Kazantsev bildirir ki, təxribatlar qaçılmazdır. “İllərdir tacik ekstremistləri döyüşmək üçün Əfqanıstana gediblər. “Ənsarullah”dakılar Tacikistandan çıxanlardır. Onları vəziyyətə nəzarət etmək üçün sərhəd bölgələrinə yerləşdiriblər. Taliblər dünya ictimaiyyətinə bütün beynəlxalq terrorçuları qovacaqlarına söz versələr də, bu qruplaşmanı öz tərkibinə daxil edib”, - deyə mütəxəssis “İzvestiya”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, tərəflər özləri mövcud vəziyyətin öhdəsindən gələ bilməyəcəklər. “Ancaq bəlkə də vəziyyəti düzəltməyə kömək edəcək beynəlxalq oyunçular olacaq. Taliblər Pakistana, sonuncu isə Çinə bağlıdır. Pekin Tacikistanın əsas sərmayədarıdır, ona bu iki tərəf arasında müharibə lazım deyil. Rusiya açıq şəkildə Düşənbənin təhlükəsizliyinə zəmanət verdi və taliblər bunu yaxşı bilir, buna görə də çətin ki, sərhədi keçərlər”, - deyə politoloq vurğulayıb.
Nessar onunla razılaşır. “Yenə də bu münaqişə isti mərhələyə keçməməlidir, bu, əsasən əzələ nümayişidir. Taliblər yaxşı anlayırlar ki, silahlı qarşıdurma KTMT-nin reaksiyasına səbəb ola bilər. Tacikistan da başa düşür ki, bütün bölgəni silahlı qarşıdurmaya çəkməyə dəyməz. Lakin tərəflər arasında kiçik toqquşmalar hələ də mümkündür”, - deyə ekspert bildirib.
Tərcümə və təqdim etdi: Miraslan