BƏƏ və Çin kimi bəzi ölkələr gündəlik həyatda hava dəyişiklikləri texnologiyasını fəal şəkildə tətbiq edirlər: raket və dronların köməyi ilə süni yağışlar yağdırır və buludları dağıdırlar.
Moderator.az bu barədə Almaniyanın N-TV telekanalına istinadla xəbər verir. Meteoroloq Frank Böttçer qeyd edir ki, havanı idarə etmək “hakimiyyətin ən böyük alətidir”, amma bunun arxasında böyük qarşıdurma potensialı gizlənir.
Mətbuatda müntəzəm olaraq yazıldığı kimi, bəzi ölkələr havanı özləri təyin etməyə başlayıblar. Bu yay qəzetlər “Dubayda 50 dərəcə istiyə rahat dözmək üçün süni yağış yağdırılır”, “Süni yağış Asiyada quraqlığı və istini azaltsa da, gərginliyi artırır”, “Çin hava dəyişikliyini mənimsəyib - narahat olmağa dəyərmi?” və s. bu kimi başlıqlarla aşıb-daşırdı, - deyə telekanal bildirir.
Meteoroloq Frank Böttçerin qeyd etdiyi kimi, hava dəyişikliyi həmişə “əks təsirlərlə” müşayiət olunduğundan, həqiqətən də narahat olmağa dəyər. Daimi nəzarət tələb olunur. Onun sözlərinə görə, bunu yadda saxlamaq lazımdır: “Harasa yağış yağırsa bu o deməkdir ki, başqa yerə yağmır”. Bu, özlüyündə bir problem yaradır: məsələn, bəzi insanları leysandan qurtarmağa çalışarkən nə isə səhv getdikdə, hansısa bir tarla və ya kənd tamamilə suya qərq ola bilər.
BƏƏ-də süni yağış yağdırmaq üçün dronlardan istifadə olunur. Onlar buludlar üzərində elektrik boşalmalarının köməyi ilə hərəkət edir və bunun nəticəsində su molekulları “birləşirək” kiçik damcılar əmələ gətirir və yerə tökülür. Çinlilər buludları dağıtmaq üçün xüsusi kimyəvi tərkibli raketlərdən istifadə edirlər. Parlaq nümunə: 2008-ci ildəki Olimpiya oyunlarının açılış mərasimində hava aydın olmalıydı və çinlilər əvvəlcədən yağışın qarşısını aldılar.
Meteoroloq qeyd edir ki, bununla ilk növbədə “diktator dövlətlər” məşğul olur. “Sankt-Peterburqda beynəlxalq konfrans, məsələn, G20, ya G7 sammiti və ya hərbi nümayiş keçirildikdə Vladimir Putin aydın hava yaradır”, - deyə Boöttçer təsdiqləyir.
Böttçerin sözlərinə görə, araşdırmalar davam edir, çünki havanı idarə etmək "hakimiyyətin ən böyük alətidir”. Dövlətlər hava şəraitinə təsir etməklə gələcəkdə bundan hərbi baxımdan silah kimi də istifadə edə və onun köməyi ilə müharibə apara bilərlər: “Buludları dağıtsam, bəzi bölgələrdə quraqlığa səbəb ola və oranı susuz qoya bilərəm. Digər tərəfdən, şiddətli yağışdan silah kimi istifadə edə bilərəm. Rəqib qüvvələr və ya siyasi cəhətdən zəif olan bölgələr üçün göy gurultusu və qara buludlarla müşayiət olunan qasırğa yaratmağın arxasında inanılmaz bir qarşıdurma potensialı dayanır, bu, sərsəm güc alətidir. Bunu unutmamalıyıq”, - deyə Böttçer xəbərdarlıq edir.
Miraslan