Mövsüm yeni olsa da, televiziyalarımızda yenə köhnə problemlər özünü göstərməkdədir. Belə ki, telekanallarımızda aparıcıların fəaliyyətli ilə bağlı müşahidə olunan problemlər hələ də aktuallığını qoruyur. Milli Televiziya və Radio Şurasının müntəzəm olaraq efirlərdə aparıcıların nitqini monitorinq etməsinə baxmayaraq, qüsurlar aradan qaldırılmır. Əksinə, aparıcıların efir etikası, qonaqlarla ünsiyyət bacarığı və digər problemlər daha qabarıq şəkildə əks olunur.
Mövzu ilə bağlı teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli təəssüratlarını Moderator.az-la bölüşüb:
“Aparıcıların dili, xüsusən şou proqram aparıcılarının nitqi ilə bağlı davamlı tənqidlər səslənir. Son illərə qədər bu məsələ diqqət mərkəzində idi. Dövlət proqramlarında televiziya aparıcılarının dili ilə bağlı xüsusi müddəa var. Ona əməl olunması üçün guya televiziyalarda dil şuraları yaradılmışdı. Amma son vaxtlar televiziyalarda sərbəstlik daha çox artıb, bu məsələyə o qədər də diqqət yetirilmir.
Aparıcı efirə çıxmaq üçün müəyyən yaradıcılıq laboratoriyalarından keçməlidir. Belə ki, bir çox keyfiyyətləri ilə yanaşı təfəkkürü, intellekti diqqət mərkəzində olmalıdır. Biz hər dəfə televiziyları diqqət mərzində saxlasaq da, bəzən radiolara da diqqət yetirmirik. Radiolarda aparıcıların dili sadəcə, biabırçılıqdır. Orada son dərəcədə mənasız, bayağı dialoqlar aparılır. Sanki mikrofon yoxdur, dinləyici onları dinləmir. Hesab edirəm ki, buna peşəkarcasına, xüsusi tələblə yanaşmaq lazımdır.
Aparıcıların danışığından başqa düşüncə tərzinə, özlərini ifadəsinə, bəlli səviyyədə savadının olmasına xüsusi diqqət yetirilməlidir. Bu sahədə ciddi boşluqlar var. Buna ilk növbədə həmin qurumun rəhbəri, bilavəsitə verilişin redaktoru, prodüseri diqqət etməlidir. Onlar auditoriya, tamaşaçı qarşısında məsuliyyət daşımalıdır. Hər hansı subyektiv münasibətdə - biri qohumdur, birini kimsə tapşırıb, birinə kiminsə simpatiyasının olması çıxış yolu deyil. Bu sahədə ciddi həyəcan təbili çalmaq lazımdır”.
Xəyalə Rəis