CNN ada məsələsinin vacibliyini izah etdi
Bu yaxınlarda Çin Tayvana rekord sayda hərbi təyyarə göndərdi - onlar adanın hava sahəsinə birbaşa müdaxilə etmirlər, ancaq hava hücumundan müdafiə üçün tanınmış zonaya daxil olurlar. Moderator.az bu barədə CNN telekanalına istinadla xəbər verir. Tayvan administrasiyasının rəhbəri Tsay İnvenin sözlərinə görə, ada avtoritarizm və demokratiya arasındakı qarşıdurmanın tam mərkəzindədir və bunun nəticələri nəinki bölgəyə, həm də bütün dünyaya təsir edə bilər.
Tayvan administrasiyasının rəhbəri bildirib ki, Pekin adanı ələ keçirərsə, nəticələr bütün bölgə üçün fəlakətli olacaq. Tayvan lideri Tsay İnven Çin hava qüvvələrinin adaya növbəti müdaxiləsindən sonra “Foreign Affairs” jurnalında məqalə yazıb.
Tayvan ən azı 56 Çin hərbi təyyarəsinin bazar ertəsi günü hava hücumundan müdafiə üçün tanınmış zonaya daxil olduğunu iddia edir və bu, yeni rekorddur. Bu mövzuda ən son xəbərləri Taybeydən CNN-lə canlı ünsiyyətdə olan Uill Ripli verib. O, aparıcının “Çin və Tayvan arasındakı artan gərginlik bölgə və bütün dünya üçün nə dərəcədə ciddi təhlükə doğurur” sualını belə cavablandırıb:
UİLL RİPLİ, CNN-in müxbiri: “Tsay İnvenin “Foreign Affairs” jurnalında yazdıqlarını oxusaq, Tayvanı belə təsvir edərik... Tayvan nisbətən gənc bir demokratiyadır, buradakı insanlar təxminən 1992-ci ildən öz liderlərini seçə bilmişlər. Tsayın sözlərinə görə, Tayvan adası Çin kimi avtoritar sistemlə ABŞ kimi demokratiya arasındakı qarşıdurmanın kəsişməsindədir. Yəni burada - Hind-Sakit okeanı bölgəsinin bu hissəsindəki qarşıdurmada iki nəhəng bir araya gəlib. Və Tsayın fikrincə, Tayvan bu ideoloji mübarizənin tam mərkəzindədir və buranın gələcəkdə avtoritar və ya demokratik sistemə sahib olacağını nəticə müəyyən edəcək.
Vəziyyətə bu yönümdən baxsaq, təxminən 24 milyon əhalisi olan bu kiçik ada məsələsi daha əhəmiyyətli mövzuya çevrilir.
Pekinin nöqteyi-nəzərindən Tayvan suveren dövlət deyil - hər an ələ keçirilə bilən ram olunmayan əyalətdir. Tayvandakı siyasi elitanın nöqteyi-nəzərindən isə bu balaca ada onu qorxutmağa cəhd edən nəhənglərə qarşı müqavimət göstərməyə çalışır.
Nümunə olaraq tayvanlılar hava məkanına yaxın ərazilərə cümə günündən bəri dayanmadan artan təyyarə müdaxilələrinə işarə edirlər. Bu təyyarələrin siyahısına baxsaz, qırıcılar, bombardmançılar, sualtı qayıqlar əleyhinə müdafiə təyyarələri də daxil olmaqla, adanın yaxınlığında səmada 149 ÇXR hərbi təyyarəsinin göründüyünə şahid ola bilərsiniz. Sahildən 12 dəniz milinə (≈22 km) qədər uzanan Tayvanın hava sahəsinə birbaşa müdaxilə etmirlər. Bu təyyarələr hava hücumundan müdafiə identifikasiya zonasına daxil olurlar və sonra Tayvan Hərbi Hava Qüvvələri təyyarələri havaya qalxaraq radio rabitəsi ilə onlara xəbərdarlıq edirlər. Həftəsonu isə onlar hətta öz təbliğat videolarını da yayımladılar.
Bu gərginliyin artmasını bir neçə saat əvvəl Taybeydə bəyanat verən Tayvanın baş naziri də qeyd edib”.
SU ÇJENÇAN, Tayvanın baş naziri: “Tayvan mütləq döyüş hazırlığı həyəcan vəziyyətində olmalıdır. Çin getdikcə həddini aşır. Bütün dünya Çinin dəfələrlə bölgədəki sakitliyi necə pozduğunu və Tayvana təzyiq göstərdiyini görür”.
UİLL RİPLİ: “Çin dövlət mediası Tayvanın hava sahəsinə yaxın uçuşların ÇXR-in yaranma gününün qeyd olunmasıyla bağlı tədbirlərin bir hissəsi olduğunu yazır. Cümə günü ölkə Çin Xalq Respublikasının qurulmasının 72 illiyini qeyd etdi.
Ancaq eyni zamanda bəlkə də bu, bölgədəki təyyarə daşıyıcılarının və döyüş gəmilərinin fəallığına cavabdır. İndi burada Yaponiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Yeni Zelandiya və Kanada da daxil olmaqla, dünyanın bir çox ölkəsindən hərbi gəmilər və təyyarədaşıyan gəmilər var - onların hamısı dünyanın bu hissəsində baş verən müxtəlif dəniz təlimlərində iştirak edir. Burada çoxlu ağır hərbi texnika cəmləşib və bəziləri belə şəraitdə səhv hesablamalar və ya anlaşılmazlıqlar ucbatından baş verə biləcək risklərin artmasından qorxurlar”.
Tərcümə və təqdim etdi: Miraslan