İctimai Televiziyanın "Sabahın xeyir, Azərbaycan", "Nübarlı bağ", "Yeməsəm olmaz" verilişlərinin aparıcısı Nübar Əbil yeni mövsümdə Space telekanalında tamaşaçılarını salamlayacaq. Belə ki, 12 oktyabrdan etibarən yepyeni formatda başlayacaq “Space səhər” verilişində fərqli ampulada olan komanda ilə birlikdə addımlayacaq.
Moderator.az-ın suallarını cavablandıran Nübar Əbil bizimlə söhbətində digər kanaldan niyə ayrıldığına da aydınlıq gətirdi.
- Yeni mövsümdə sizi digər kanalın anonslarında gördük. Nübar Əbili bu addımı atmağa nə vadar etdi?
- Hər bir peşə sahibi öz sahəsində ola biləcək yenilikləri, fürsətləri öncədən görməlidir. Mən də düşündüm ki, bu mövsüm teleməkandakı yaranmış fürsətləri dəyərləndirməliyəm. Yaxşı ki, də dəyərləndirmişəm, bu addımı indi atmasaydım, sabah çox gec olardı.
- Space televiziyanın izləyiciləri hind filmləri, toy verilişlərini sevən kütlədir. Belə bir kanalda yenidən əvvəlki tamaşaçı kütləsini toplamaq çətin olmazmı? Axı siz 3 mövsümdür İTV-də reytinqli layihələrin aparıcısı olmusunuz.
- Televiziya internet resursu deyil ki, istifadəçinin öz seçimi olsun. Hər bir televiziyanın öz yayım siyasəti olur. Bu gün Azərbaycan televiziya kanallarını izləyənlərə biz aparıcılar təşəkkür etməliyik. Onlar izləyir ki, biz varıq, tanınırıq. Hesab edirəm ki, bu gün izləyiciləri hansısa komandaya, qruplara bölmək düzgün deyil. Keyfiyyətli iş harada varsa, izləyici də orada var. Önəmli olan təqdim etdiyimiz işdir.
Mənim məsələmə gəldikdə isə doğru vurğuladınız, 3 il müddətində çalışdığım İctimai Televiziyada hər 3 mövsüm yeni layihələr ilə izləyicilərin qarşısında olmuşam. Layihələrim uğurlu olubsa, bu o deməkdir mən hardayamsa uğur da ordadadır. Düşündüm ki, bu uğuru artıq digər telekanalda paylaşmağın zamanı çatıb. Yetər ki, çalışdığın telekanal izləyicilərini düzgün istiqamətləndirsin. Yəni önəmli məqam çalışdığın platforma yox, istiqamətdir.
Məşhur nağılda deyildiyi kimi, “it hürən tərəfə də gedə bilərsən, işıq gələn tərəfə də…”.
Mən də bu gün sevinirəm ki, yenilənən istiqamətinə güvənib gəldiyim “Space” televiziyasında çox uğurlu və sevilən həmkarlarım var. Birlikdə çox gözəl yayım mövsümü bizi gözləyir.
- İTV-dən ayrılma səbəbiniz maraqlıdır. Bəzən sizin o kanaldan konflikt əsasında ayrıldığınız qeyd edilir.
- İctimai Televiziyadan ayrılma səbəbim qətiyyən konflikt və ya hansısa problem deyil. Bir daha vurğulamaq istəyirəm ki, teleməkanda baş verən yenilikləri, dəyişiklikləri düzgün qiymətləndirmək lazımdır. Hal-hazırda da çox sevincliyəm ki, 12 oktyabrdan etibarən yepyeni formatda başlayacaq “Space səhər” siması olaraq bütün izləyicilərimə “Sabahınız xeyir” deyəcəyəm. Bizi izləməyi unutmayın.
Xəyalə Rəis