“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.
Bu hikmətli sözlər türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevə məxsusdur. Böyük öndərin məlum yanaşması əslində vətənə olan münasibətin insanın kimliyini müəyyən etdiyini, onun daxili dünyasını üzə çıxartdığını göstərir. Başqa sözlə desək, insan vətənə münasibəti ilə hansı mənəviyyat və əxlaqa sahib olduğunu büruzə verir. Bu baxımdan insanın vətənə sevgisi, onun uğrunda fədakarlıq göstərmək əzmi həmin şəxsin daxili kamilliyinin, mənəvi bütövlüyünün göstəricisi hesab edilə bilər.
Tariximiz silahımızdır!
Azərbaycan ordusunun dünyanın ən müasir silahlarına malik olduğu hər kəsə bəllidir. Lakin əminliklə demək olar ki, bizi güclü edən, ordumuzun döyüş əzmini daim yüksək səviyyədə saxlayan onun öz milli yaddaşına, qəhrəmanlıq tarixinə, mənəvi tarixinə bağlılığı, bu tarixlə bütövləşməsidir. Təsadüfi deyildir ki, hərbi andımızda da tarixi köklərimizə bağlılıq əks olunur, çağırışçı hərb işini vicdanla öyrənəcəyinə, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirəcyinə and içir. O əcdadların ki, onların arasında Azərbaycan adını bütün dünyaya duyuran, hər kəsi bu adı hörmətlə anmağa məcbur edən Şah İsmayıl Xətai, azsaylı qüvvə ilə böyük düşmən ordusuna meydan oxuyan, özü ilə yanaşı övladlarını da bu vətənə fəda edən Gəncə hökmdarı Cavad xan, adları dünya hərb elmində təkrarsız dühalar kimi xatırlanan Səməd ağa Mehmandarov, Əliağa Şıxlınski və s. kimi böyük sərkrdələr mövcuddur.
Bizim ən böyük silahımız tariximiz, milli ruhumuzdur. Bizi məğlubedilməz edən də məhz budur.
Paslı mismar nüvə silahına necə çevrilir?!
İstənilən mübarizə və qarşıdurmada əsgərə situmul verən, onu qələbəyə kökləyən başlıca amil əsgərin əlindəki silahın məhvetmə gücü yox, cəsarət və mətinliyidir. Məhz qəhrəmanlıq istəyi, bu istəyin hədəfə çatmasını təmin edən cəsarət istənilən əsgəri düşmən üçün əsl kabusa, məğlubedilməz qüvvəyə çevirə bilir. Təsadüfi deyil ki, məşhur rus yazıçısı Konstantin Simonov deyir: “Qəhrəmanlıq göstərmək istəyənin əlində paslı mismar da ən təhlükəli silahdır”. Biz təkbaşına düşmən alayının içinə daxil olub, onlarla düşmən hərbçisini məhv edən, öz cəsarəti ilə Ermənistan Silahlı Qüvvələrini sarsıdan şəhid Mübariz İbrahimovun qəhrəmanlığını xatırlayan zaman bu kəlamın həqiqiliyini daha çox anlamış oluruq. Bu və bu kimi nümunələr nəticəsində bəlli olur ki, cəsarət və fədakarlıq olan yerdə paslı mismarla nüvə effekti doğurmaq, bütöv bir ordunun edə biməyəcəyi etmək mümkündür.
44 günlük Vətən müharibəsi: “İsgəndər” raketləri və ona meydan oxuyan ruhi-mənəvi güc...
Mənəvi dəyərlərə, milli mənlik şüuruna, vətən sevgisinə bağlılığın müharibə meydanında ən güclü, dəhşətli silahdan belə daha böyük üstünlük kəsb etdiyi, hər bir döyüşün taleyinə həlledici dərəcədə təsir göstərdiyi gerçəyini 44 günlük Vətən müharibəsi bir daha sübut edir. Uzun illər ermənipərəst dövlətlər, anti-türk qüvvələri tərəfindən silahlandırılan, “S-300”, “İsgəndər” kimi dağıdıcı raketlərə malik olan Ermənistan, cəmi 44 gündən sonra ordumuz qarşısında ağ bayraq qaldırmağa, kapitulyasiya imzalamağa məcbur oldu. Halbuki, Şuşa uğrunda gedən döyüşlərdə ordumuza qarşı beynəlxalq qanunlarla qadağan edilən “İsgəndər” raketlərindən istifadə edən erməni faşizmi bu silah sayəsində ordumuz qarşısında üstünlük əldə edəcəyinə inanır, bu raketə böyük ümidlər bəsləyirdi. Lakin Azərbaycan əsgərinə qarşı “İsgəndər” raketlərinin tətbiqi belə onu dayandıra, uğurlu əməliyyatlarının qarşısını ala bilmədi. Şuşa uğrunda gedən döyüşlərdə düşməni tar-mar edən Azərbaycan ordusu xalqımızın qədim mədəniyyət şəhərini işğaldan azad etdi, Şuşada dövlətimizin üçrəngli bayrağını ucaltdı.
Şuşa döyüşləri, bu döyüşlərdə ordumuzun sərgilədiyi mətinlik və dözüm bir daha göstərdi ki, mənəvi dəyərlərə bağlılıq, vətən sevgisi hər cür silah və texnikadan daha önəmli, daha vacibdir. Ali mənəvi dəyərlərdən, humanizmdən məhrum olan erməni hərbçilərinin hərbi əməliyyatlar zamanı öz silah-sursatını, hərbi texnikasını bir çox hallarda atıb qaçması, Bakıdakı Hərbi Qənimətlər Parkını bu cür tank və texnikaların “bəzəməsi” faktı da bu həqiqətin ən böyük sübutlarından biridir.
Və sevindiricidir ki, 44 günlük Vətən müharibəsində adını tarixə qızıl hərflərlə yazdıran Azərbaycan gəncliyi milli mənəvi dəyərlərə dərindən bağlılığa, sözün həqiqi mənasında böyük vətən sevgisinə malikdir.
Vətən müharibəsi və ya əməli qəhrəmanlıq dərsi...
Pedaqogika elmi sübut edir ki, istənilən tərbiyə növündə əməli nümunənin müstəsna əhəmiyyəti mövcuddur. Praktiki nümunə ən effektiv təbliğat növü kimi yüz illərdir ki, əvəzediməz tərbiyə vasitəsi olaraq qalmaqdadır. Bu baxımdan yeniyetmə nəslin vətənpərvərlik əhval-ruhiyyəsində böyüməsində Azərbaycan ordusunun düşmənlə həm lokal qarşıdurmalarda, həm də Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıqların böyük önəmi var.
44 günlük Vətən müharibəsini ordumuzun yeniyetmə nəslə əməli qəhrəmanlıq nümunəsi hesab etmək olar. Vətən müharibəsində öz igidliyi il dastan yazan ordumuz əcdadlarımızın hərbi qəhrəmanlıqlarının tarix olaraq qalmadığını, bu qəhrəmanlıqların bu gün də təkrarlanmaqda olduğunu göstərdi. Ordumuzun bu tarixi zəfəri göstərdi ki, qəhrəmanlıq da bütün müsbət-mənfi mənəvi təzahüratlar kimi genetikdir və nə qədər ki, Azərbaycan xalqı var, qəhrəmanlıq da onunla birlikdə addımlayacaqdır.
“Torpaqdan əziz, ondan daha qiymətli heç nə yoxdur və ola da bilməz”
Azərbaycan xalqının vətən sevgisini, mənəvi dəyərlərə bağlılığını göstərən amillərdən biri də onun sadəcə müharibə vaxtı deyil, hər zaman ordusunun yanında yer alması, onun inkişafına öz töhfəsini vermək arzusudur. Məhz bu səbəbdən də vətəndaşlar il uzunu Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər köçürməkdə, dövlətimizə, ordumuza öz dəstəyini göstərməkdədir.
Bununla bağlı redaksiyamıza açıqlama verən millət vəkili Məşhur Məmmədov cəmiyyətin orduya məlum münasibət və sevgisinin qürurverici olduğunu bildirib:
“Silahlı Qüvvələrə Yardım Fonduna göstərilən dəstək xalqın Ali Baş Komandan, o cümlədən Azərbaycan ordusu ətrafında birləşmək, onunla həmrəylik sərgiləmək niyyətindən xəbər verir.
Orduya dəstək həm də insanlarımızın vətənə, torpağa, bayrağa olan sevgisindən xəbər verir. Torpaqdan əziz, ondan daha qiymətli heç nə yoxdur və ola bilməz.
Orduya dəstək Vətən müharibəsi dönəmində də özünü aydın şəkildə büruzə verdi. Vətən müharibəsində hər bir vətəndaş orduya dəstək verməyi özünə mənəvi borc hesab edirdi. Vətəndaşlar düşünürdü ki, onlar hərbi əməliyyatlara qatılmasalar da, orduya maddi və mənəvi baxımdan dəstək verməli, düşmən üzərində qələbənin yaxınlaşdırılmasıda pay sahibi olmalıdırlar. Elə bu səbəbdən də hər kəs öz imkanı daxilində orduya dəstək verir, əlindən gələni əsirgəmirdi. Məhz xalqımızın ordumuzun, dövlətimizin, Ali Baş Komandanımızın ətrafında sıx birliyinin nəticəsi olaraq biz Vətən müharibəsində tarixi zəfərə nail olduq. Xalqımızın mənəvi dəyərə, vətənə, bayrağa bağlılığı bizi bu mübarizədən qalib çıxardı”.
Vətən, himnin həyat şüarımızdır və hər zaman da belə qalacaq!
Vətənə olan sevgi və sadiqliyimiz hərbi andla yanaşı, dövlət himnimizdə də parlaq boyalarla əks olunub. “Səndən ötrü can verməyə cümlə hazırız, Səndən ötrü qan tökməyə cümlə qadiriz!” ifadləri vətən uğrunda ölmək və öldürmək əzmimizi əks etdirir. Bu müqəddəs misralar bizə vətənin bütün müqəddəsliklərin üstündə olduğunu, onun üçün bütün fədakarlıqları gözə almağın zəruriliyini xatırladır. Və bu gün biz bütün bu həqiqətləri dərk edən yeniyetmələr olaraq əminliklə bunları deyə bilərik: Vətən, himnin həyat şüarımızdır və hər zaman da belə qalacaq. Biz sənin bütün yaralarını sevgi ilə sarmağa, bütün məhrumiyyətlərini qanımız və canımızla ortadan qaldırmağa, öz həyatımızı qurban vermək hesabına olsa belə sənə həyat verməyə hazırıq. Biz sənin əsgərinik vətən. Yaşımızın azlığı bizi sənə bir əsgər kimi xidmət etmək, sənin əmrində bir əsgər müntəzirliyi ilə dayanmaq səadətindən məhrum etmir. Çünki biz bilirik ki, o yerdə ki, söhbət vətənin, xalqın taleyindən gedir, o zaman yaşın mətləbə dəxli yoxdur. Biz yetkin insanlar kimi əzələli qollara, uca qamətə malik olmasaq da, sevgi və cəsarət dolu ruha sahibik, vətən. Və bu, bizim sənə yorulmadan xidmət etməyimiz üçün yetərlidir.
Seymur ƏLİYEV
Moderator.az
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.10.istiqaməti üzrə (gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi) hazırlanmışdır.