Bu gün Milli Məclisin plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin birinci oxunuşu keçirildi. Qanun layihəsinə əsasən 28 May “Müstəqillik Günü”, 18 Oktyabr isə “Müstəqilliyin Bərpası Günü” adlandırılacaq və hər iki tarix bayram günü kimi qeyd olunacaq. İlk öncə onu qeyd etməliyik ki, bu qanun layihəsinin qəbul olunması müstəqilliyinin bərpasının 30-cu ildönümünü ərazi bütövlüyünü bərpa etmiş bir ölkə kimi qeyd etməyə hazırlaşan Azərbaycan üçün həm tarixi, həm hüquqi, həm siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir.
Bu barədə Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova açıqlama verib.
Qanun layihəsinin qəbulunun olduqca mühüm məsələ olduğunu bildirən millət vəkili qeyd edib ki, bu qanun layihəsi tarixi zərurətdən meydana gəlmişdir. Vətən Müharibəsində ölkəmizin qazandığı tarixi qələbə, ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edib.
T.Cəfərova qeyd edib ki, 18 oktyabr Müstəqillik Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub:
“Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Qeyd edək ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının I fəsil, 2-ci maddəsində açıq-aydın göstərilmişdir ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. Şübhəsiz ki, yeni qanun layihəsi Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir.
Həmçinin, xüsusilə vurğulamalıyıq ki, bu qanun layihəsi ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş DQMV-nin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxarır. 28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Şübhəsiz ki, gələcək perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı üçün vacib olan əsasları daha da gücləndirəcəkdir.
Eyni zamanda deputat bildirib ki, Milli Məclisə təqdim olunmuş qanun layihəsi cəmiyyətdə müəyyən müzakirələrə səbəb olub:
“Bir qisim bu dəyişikliyin hansı zərurətdən doğduğunu sual etsə də, başqa bir qisim məsələni siyasiləşdirmək və fərqli bir don geyindirməyə çalışır. Şübhəsiz ki, məsələnin məzmun və mahiyyətinə kölgə salmağa çalışanlar bu günün reallıqlarını düzgün qiymətləndirməyi bacarmayanlardır. Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər olduqca zəruridir və həm tarixi, həm hüqiqi, həm siyasi, xüsusən də Azərbaycan dövlətinin gələcək perspektivləri baxımından olduqca önəmlidir. Bu dəyişikliklərdə başqa məna axtarmaq, siyasi don geyindirmək isə heç bir arqumentə söykənmir”.