"Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq. Amma biz kişi müəllimlərin çox olmasını istəyirik".
Bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, ölkədə hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir: "Müəyyən edilir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir. Onu da qeyd edək ki, qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətdə yaxşıdır”.
Bəs görəsən niyə müəllim peşəsini seçən kişilərin sayı ildən-ilə azalır? Buna səbəb nədir? Belə davam edərsə məktəblərdə kişi müəllimlər qeybə çəkiləcək. Moderator.az mövzu ilə bağlı ekspertlərin təəssüratlarını öyrəndi:
Təhsil eksperti Kamran Əsədov deyib ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur, uşaqları yalnız kişilər tərbiyə edirlər:
“İlk növbədə qeyd edim ki, bu gün Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir. Əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni hal hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məkətəbə qədər ancaq qadın müəllimlərin, evədə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür. Etiraf edim ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı. Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir.
Müəllimlərin məvaciblərinin azlığı kişi pedaoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər. Müəllim kimi yeni işə başlayan gənc təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bir kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur. Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir.
Sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, Sovet hakimiyyəti sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb. Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin. Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Bilirsiz, müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əmək haqqını müəllimə verməliyik. Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əmək haqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.
Psixoloq Vəda Rəşidova son illərdə narsistlərin sayının günü-gündən çoxaldığını və bu halların narsist ailədə doğulan uşaqların psixologiyasına təsirsiz ötüşmədiyini bildirib:
“Təəssüf olsun ki, bu gün narsist ailələrin sayı çoxalıb. Belə ki, sanki hər kəs məşhurdur, bloggerdir, polisdir, müəyyən şirkətin başında duran bir rəhbərdir və sair. Bu düşüncələr narsistlik düşüncələrdən qaynaqlanır. Ona görə ki, həmin o oğlan uşaqları narsist ailədə böyüyüb. Əksər valideynlər övladlarına “Sən holdinq, şirkət rəhbəri olmalısan”, “sən gör kimin ailəsindənsən?”-kimi fikirləri beyninə yeridirlər. Əslində ortada heç nə yoxdur. Elə də böyük sülaləsi, əsli, nəcabəti nəsli olan bir ailə də deyillər. Ancaq oğlan uşaqlarını elə formalaşdırırlar ki, böyüyən nəsil də o psixologiyada böyüyür. Yəni sən milyon qazanmalısan, insanlığın olmasa da olar. İndiki valideynlər uşaqlarını ancaq pul qazanmaq üçün önə çəkirlər. İnsan olmaya da bilərsən, amma rəhbər olmalısan, villan, bahalı maşınların olmalıdır. Bütün nəsilə təsdiq etməlisən ki, biz necə uşaq böyütmüşük. Belə bir cəmiyyətdə öz üzərində işləyən, namusu, alın təri ilə işləyən kişi müəllimin yetişməsini necə gözləyə bilərik? Cəmiyyətimiz oğul övladını şah, padşah kimi qəbul edir. Valideynlərin oğul övladından maksimalist gözləntiləri var. Əksər valideynlər oğul övladlarının polis, hüquqşünas olmasını istəyir. Sanki cəmiyyətdə hər kəs güclü olmaq istəyir. Savadı, davranışı ilə elm sahibi olmaq istəmir. İnsanı tutub cəzalandırmaqla güc qazanmağa meyillilik var. Bu da o deməkdir ki, oğul övladlarımızı yetişdirərkən təməlində elmə, təhsilə diqqət etmirik, hapdan- gopdan status əldə etməsini istəyirik”.
Psixoloq qeyd edib ki, müəllim olmaq öz güvən tələb edir, öz güvəni olmayan insan heç zaman auditoriyanın qarşısına çıxıb danışa bilməz:
“ Müəllimlik özgüvən deməkdir. Özgüvəni olmayan insan əsla 2 nəfəri qarşısına keçib, çıxış edə bilməz. Ona görə də birinci övladlarımızı öz güvənli yetişdirməliyik ki, sabah bu peşəni qaldıra bilsinlər. Bu çox ağır və məsuliyyətli peşədir. Hər adam bu məsuliyyətin altına girə bilmir”.
Astarada Burzubənd kənd tam orta məktəb direktoru Turan Rəfiyev bildirib ki, rəhbərlik etdiyi təhsil müəssiəsində 44 müəllimdən 16-sı qadın 28-i kişidir: “Müəllim olmaq uşaqlıq arzum olub. Bu həvəs məndə həm ailəmizdə əmimin və dayımın müəllim olmağı ilə, həm də məktəbdə müəllimlərimə olan sevgi ilə yaranıb. Mənim aləmimdə müəllimlik öyrədən, kimlərəsə həyatda yol göstərmək və nümunə olmaqdır. Ümid edirəm ki, necə ki, mən müəllimlərimdən nümunə götürmüşəm, şagirdlərim də məndən nümunə götürəcəklər. Bir sözlə, müəllimliyi sevdiyim üçün müəllim olmuşam. Bir az çətinlikləri olsa da, peşəmdən aldığım zövqü hər halda başqa bir sahədə ala bilməzdim. Öyrənməyi və öyrətməyi sevirəm. Məktəbimizdə 44 müəllimdən (16-sı qadın 28-i kişi olmaqla) şagirdlərin təlim tərbiyyəsi ilə məşğul olur. Mən uşaqlıqdan özümü müəllim kimi təsəvvür edir və xəyallarımda canlandırırdım. Bilirsiniz onda əsas nəyi düşünürdüm? Şagirdlərimin məni çox sevdiyini. Deməli, mənim gözümdə əsl müəllim şagirdləri tərəfindən çox sevilən müəllimdir. Əgər şagird müəllimi sevirsə, onun fənnini də sevəcək, sevdiyi fənnə marağı artacaq və nəticədə təlimin keyfiyyəti yaxşılaşacaq”.
Xəyalə Rəis