“Azad demokratlar” partiyasının nümayəndələri bundestaqda “Almaniya üçün alternativ” partiyasının üzvlərinin yanında oturmağa davam etmək istəmədiklərini bildiriblər.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın “Das Erste” telekanalının saytı yazır. Azad demokratlar mərkəzə keçmək niyyətindədir, lakin xristian demokratlar bu səbəbdən sağa keçmək istəmir: beləliklə, bundestaqda oturacaqlar üstündə mübahisə qızışıb.
Sayt bildirir ki, əvvəllər bundestaqdakı oturacaqlar belə görünürdü: ən sağ kənarda “Almaniya üçün Alternativ” partiyasının nümayəndələri, sonra “Azad demokratlar”, mərkəzdə XDİ/XSİ və yaşıllar, solda sosial-demokratlar və solçular əyləşirdilər.
Göründüyü kimi, “Almaniya üçün alternativ” partiyasının nümayəndələri ilə yanaşı oturmaq “Azad demokratlar”ın xoşuna gəlməyib. “Azad demokratlar” partiyasından millət vəkili Frank Sittin sözlərinə görə, “Almaniya üçün alternativ” nümayəndələrinin yanında keçirdiyi dörd il ən yaxşı təcrübə olmayıb, çünki sağ radikal partiyanın daxilində heç də sağlam atmosfer hökm sürmür.
“Das Erste” hesab edir ki, “Almaniya üçün alternativ”ə qarşı mənfi münasibət yeni bundestaqda oturma sırasını dəyişdirmək üçün yalnız bir bəhanədir. Digər bir millət vəkili “Azad demokratlar”ın mərkəzçi olduqlarını və bu səbəbdən mərkəzdə əyləşmələrinin məqsədəuyğun olduğunu qeyd edib.
Nəşr yazır ki, “Azad demokratlar” mərkəzə keçərsə, XDİ partiyası daha sağa doğru çəkilməli olacaq ki, xristian demokratlar da bunu istəmir. “Düşünürəm ki, bundestaqda oturma mövqeyinin dəyişdirilməsinə ehtiyac yoxdur”, - deyə “Das Erste” XDİ-dən deputat seçilmiş Patrik Şneyderdən sitat gətirir. Sayt bildirir ki, beləliklə, bundestaqda mərkəzdəki yerlər uğrunda mübahisə qızışıb. Qeyd olunur ki, oktyabrın 26-na qədər oturma qaydası eyni qalacaq və sonra isə dəyişikliklər mümkündür.
Politoloq Albrext von Lükenin sözlərinə görə, sosial demokratlar bundestaqdakı yerlərin dəyişdirilməsində və XDİ nümayəndələrinin sağa keçməsində maraqlıdırlar, “çünki azad demokratlara yaxınlıq zəhərli xüsusiyyətə malikdir”. Sayt yazır ki, əgər sosial demokratlar, yaşıllar və azad demokratlar koalisiya barədə razılığa gələ bilsələr, o zaman adi çoxluqla oturma mövqelərini dəyişmək qərarına gələ bilərlər.
Miraslan