“Taliban”ın Əfqanıstanda bütün etnik qrupların nümayəndələrindən ibarət inklüziv hökumət quracağına dair verdiyi söz elə söz olaraq da qalmaqdaır. Üstəlik, rəqibləri taliblərin onları tanımaqdan imtina edərək müqavimət göstərən ərazilərdə etnik təmizləmə apardıqlarını iddia edirlər. Bölgədəki mütəxəssislər Gazeta.ru-ya Əfqanıstan ərazisində soyqırımın mümkün olub-olmadığını və ilk növbədə hansı xalqların taliblərdən əziyyət çəkə biləcəyini bildiriblər. Moderator.az həmin yazını oxucularına təqdim edir.
Pəncşir tacikləri “Taliban” əleyhinə
Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud “Taliban”ı əvvəllər üsyançıların nəzarətində olan Pəncşir əyalətində əhalinin soyqırımında günahlandırdı. Məsudun sözlərinə görə, Əfqanıstanın yeni sahibləri etnik təmizləmə həyata keçirir və insanlığa qarşı cinayətlər törədirlər.
““Taliban” mülki insanlara və hərbçilərə qarşı vəhşiliklər etməkdə davam edir... Pəncşir əyalətində dinc əhalinin kütləvi edamı taliblər tərəfindən edilən hərbi cinayətlərin, soyqırımın, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin sübutudur”, - deyə Məsud özünün Facebook səhifəsində yazıb.
“Daha əvvəl “Taliban” nümayəndələri onların hakimiyyəti altında ölkənin bütün xalqlarının dinc yaşamasının təmin ediləcəyini bildirsələr də, indi Əfqanıstanda etnik təmizləmə sərt bir reallıqdır”, - deyə Müasir Əfqanıstanı Araşdırma Mərkəzinin aparıcı mütəxəssisi Andrey Serenko deyib.
“Etnik təmizləmə həqiqətən baş verir. Taliblərin və ümumiyyətlə, istənilən terrorçuların hansısa vədinə inanmaq üçün çox sadəlövh insan olmalısan. Onların inklüziv hökumət qurma vədlərinə inanmağın mənası yoxdur, çünki bu halda hakimiyyəti başqaları ilə bölüşməyə məcbur olacaqlar”, - deyə ekspert bildirib.
Serenkonun sözlərinə görə, taliblər Pəncşirdən olan insanları fəal şəkildə təqib edir və qətllər təkcə əyalətin özündə deyil, son bir neçə həftə ərzində Kabildə də baş verir.
Pəncşir əyalətinin əhalisinin əksəriyyəti taciklərdir. Burada onların sayı təxminən 100 minə çatır. Taliblər özləri də böyük əksəriyyətlə puştun etnik qrupuna mənsubdular, buna görə də ekspertlər hesab edirlər ki, “Taliban”
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Təməl kafedrasının müdir müavini Qriqori Lukyanovun dediyinə görə, cəbhənin taliblərə qarşı çıxmaqdan başqa heç bir siyasi proqramı yoxdur: “Cəbhənin heç bir puştun siyasi lideri və böyük birlikləri olmadığını nəzərə alsaq, bu münaqişənin etnik forma aldığını deyə bilərik”.
Məsudun etnik taciklərdən ibarət olan müqavimət dəstəsi ənənəvi olaraq ölkədə bu milli azlıqların maraqlarını təmsil edir. Taciklər Əfqanıstanda ikinci böyük etnik qrupdur və ölkənin ümumi əhalisinin təxminən 30%-ni təşkil edir. Puştunlar kimi, taciklər də sünnidir. Onların titullu millətlə qarşıdurması əsasən siyasi məna daşyır. Məsələn, 1996-cı ildə, hələ “Taliban” hakimiyyətə gəlməmişdən əvvəl Əfqanıstanın son seçilmiş prezidenti Bürhanuddin Rəbbani tacik idi. Ancaq taciklər “Taliban”la düşmənçilik edən yeganə xalq deyil.
Taliblərin düşmənləri sırasında daha kimlər var?
Əfqanıstanda tacik (30%) və puştunlardan (45%) başqa həzaralar və özbəklər də yaşayır - sonuncu xalqların hər biri ölkə əhalisinin təxminən 9%-ni təşkil edir. Aymaklar (yaxud çaraymaklar) və türkmənlər uyğun olaraq 4% və 3% təşkil edirlər.
Artıq deyə bilərik ki, taciklərdən başqa Əfqanıstanda islamın şiə məzhəbinə qulluq edən azsaylı xalqlardan biri olan həzaralar da “Taliban” tərəfindən təqiblərə məruz qalıblar. Həzaraların taliblərə qarşı silahlı qarşıdurma təcrübəsi də var. Belə ki, onlar 90-cı illərdə ata Məsudun komandanlığı altında “Şimal İttifaqı”nın tərkibində “Taliban”əleyhinə döyüşlərdə iştirak ediblər.
Hələ avqustun 19-da Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) xəbər vermişdi ki, taliblər Əfqanıstanın Qəzni əyalətini ələ keçirdikdən sonra bu etnik qrupun 9 üzvünü öldürmüşdülər. Şahidlər altı nəfərin güllələndiyini, daha üç nəfərin isə işgəncəylə öldürüldüyünü iddia edirdilər.
Avqustun 15-i “Taliban” Kabili işğal etdikdən sonra oxşar hadisələrdən ehtiyat edən etnik azlıqların nümayəndələri ölkəni tərk etməyə başladılar.
“Amerika qoşunları ilə bərabər ölkəni tərk edənlər, İran və Mərkəzi Asiya ilə sərhəddə yaranmış qaçqın dəstələri etnik azlıqların nümayəndələridir. Və bu, etnik cəmiyyətlərə ciddi zərbədir. Həzaralar arasından olan qaçqınların bir hissəsi İran tərəfindən qəbul edildi. Bununla bərabər Tehran “Taliban”ın Əfqanıstan şiələrini vətənində rahat yaşayış şəraiti ilə təmin etməsində maraqlıdır. İran obyektiv etimadsızlığa baxmayaraq, ”Talban”la danışıqlar aparmaqda davam edir”, - deyə Qriqori Lukyanov bildirib.
Ekspert vurğulayır: “Həzaraların İranın simasında “Taliban”ın qarşısına yaxın gələcəkdə etnik cəmiyyətləri fiziki olaraq məhv etmək vəzifəsi qoymaması üçün çox şey edə biləcək müdafiəçisi var”.
Puştunlar kimlərdir və niyə hamı ilə münaqişə aparırlar?
Əfqanıstan hökuməti 70-ci illərin sonlarında ilk və yeganə əhali siyahıyaalmasını həyata keçirib. Əfqanıstan etnoqrafiyasına dair analitik materialların əksəriyyəti məhz bu məlumatlara əsaslanır.
Puştunlar yerli əhalinin təxminən 45% -ni (bəzi mənbələrə görə, 50%-ə qədər) təşkil edir - onlar ölkənin ən böyük etnik qrupudur. Puştunlar islamın sünni məzhəbinə qulluq edirlər, lakin fəlsəfi və etik münasibətlərin məcmusu olan “Puştunvali” adlandırılan şərəf kodeksi onların dünyagörüşündə heç də az əhəmiyyət daşımır.
““Taliban” hərəkatı heç vaxt çoxmillətli olmayıb. Əsasını etnik puştunlar təşkil edir. 1990-cı, 2000-ci illərdə və hətta indi də puştun qanunlarının normaları, onların adət-ənənələri, klanlıq və qəbilə quruluşu, taliblərin siyasətinə, idarəetmə təcrübələrinə və digər etnik qruplarla münasibətlərinə təsir göstərir”, - deyə Lukyanov vurğulayır.
Puştunlar Əfqanıstanın cənub və cənub-şərqində, eləcə də 2001-ci ildə Amerikanın müdaxiləsindən sonra “Taliban” rəhbərliyində təmsil olunanlar Pakistanın şimal-qərbinə köçərək kiçik ərazilərdə yaşayır. Puştunlar tarixən ölkədə hakimiyyəti əllərində saxlayıblar. Ölkənin son iki prezidenti - Həmid Kərzai və Əşrəf Qani də bu etnik qrupa mənsub idilər.
Taliblər avqustun ortalarında hakimiyyəti ələ keçirdikdən sonra, əksəriyyəti müsəlman olan bir ölkədə bütün etnik qrupları təmsil edəcək rejim yaratmaq niyyətində olduqlarını elan etdilər. Ancaq digər etnik qruplarla əvvəlki konfliktləri böyü sual altındadır.
“Xarici auditoriyaya işləyən və ölkə xaricində əlverişli imic formalaşdırmağa çalışan “Taliban”ın yüksək siyasi rəhbərliyinin rəsmi bəyanatlarını anlayışla qarşılasaq da, səhra komandirləri yerlərdə siyasi və məhkəmə hakimiyyətinin subyektlərinə, sərmayə sahiblərinə çevrilirlər”, - deyə Qriqori Lukyanov izah edir.
Onun sözlərinə görə, orta və aşağı səviyyəli “Taliban” liderləri tamamilə fərqli məntiqlə hərəkət edirlər və inanırlar ki, yalnız puştun etnik qrupunun nümayəndələrinə güvənə və yalnız puştu dilində danışa bilərlər. Beləliklə, azlıqlara qarşı təbii ayrıseçkilik yaranır.
Tərcümə və təqdim etdi: Miraslan