Ötən gün dövlət başçısı İlham Əliyev Zəngilanın azadlığa qovuşmasının bir ilinin tamam olması münasibətilə bu rayonda oldu və rayon sakinləri ilə görüşdü, bəzi təməlqoyma mərasimlərində iştirak etdi, bu ilin sonu, gələn ilin əvvəlində zəngilanlıların bir qisminin öz yurdlarına dönə biləcəyinin anonsunu da verdi.
Moderator.az-ın əməkdaşı da əslən Zəngilandan olan tanınmış media eksperti, professor Qulu Məhərrəmlidən bir ritorik suala cavab istəyib ki, siz Zəngilanda doğulsanız da ağlınız kəsəndən uzun illər Şuşada yaşamısınız, sonra Bakıya köçmüsünüz, seçim etmək şansınız olsaydı yenidən qayıdıb hansı rayonda yaşamağa üstünlük verərdiniz?
Deyəsən Q. Məhərrəmli indidən seçimini qətiləşdirib:
"Bilirsiniz, Zəngilan da vətəndir. Orda doğulmuşam, oranın suyunu içmişəm, havasını ruhuma hopdurmuşam. Şuşa da mənim üçün ikinci vətəndir. Çünki orda böyümüşəm, orda dünyanı dərk etmişəm. Əgər söhbət seçim etməkdən gedirsə, Şuşaya getmək istəyənlərin, orada torpaq alıb yaşamaq istəyənlərin çoxluğunu nəzərə alaraq Şuşanı Zəngilana güzəştə gedərəm".