Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Andrey Belousov bildirib ki, bəzi ölkələr artıq kosmosda hərbi əməliyyatlar aparmağa hazırlaşır. Gazeta.ru-ya müsahibə verən ekspertlər bildiriblər ki, hazırda yalnız Moskva, Vaşinqton və
Bu aktual mövzudan bəhs edən yazını Moderator.az oxucularına təqdim edirik.
Niyə ölkələr kosmosda döyüşməlidir?
Belousovun fikrincə, kosmik məkan silahlı qarşıdurma meydanına çevrilir. Diplomat “kosmik obyektlərə güclü təsir potensialını artıran” konkret ölkələrin adını çəkməsə də, bir neçə dövlətin kosmosda hərbi əməliyyatlar keçirmək planlarının olduğunu etiraf edib və həmçinin kosmik münaqişələrin nəticələrinin fəlakətli ola biləcəyinə işarə edib.
Hazırda dünya dövlətləri nüvə silahı istisna olmaqla, hər hansı növ silahın orbitdə yerləşdirilməsində heç nə ilə məhdudlaşmayiblar. İstefada olan general-mayor, ABŞ və Kanada İnstitutunun rəis müavini Pavel Zolotaryovun qeyd etdiyi kimi, bu, kosmosda bir neçə millətin birgə yaşaması üçün təhlükəli vəziyyət yaradır.
“Eyni zamanda, kosmosda rəqabət mühiti artır. Orada kosmik qruplarını yerləşdirmək istəyən dövlətlərin sayı da çoxalır. Kosmosda artıq sıxlaşma yaranır: həm sabit orbitdə, həm də tezlik diapazonunda. Hər şeydən əlavə, ABŞ, Çin və Rusiyada olduğu kimi, digər dövlətlər də öz kosmik infrastrukturundan çox asılıdırlar. Bunu anlamaq üçün bir peyki sıradan çıxarmaq kifayətdir ki, yerdə hər kəs bunu hiss etsin”, - deyə o, “Gazeta.ru”ya açıqlamasında bildirib.
Ekspert vurğulayır ki, ABŞ kosmosda infrastrukturun təhlükəsizliyinin təmin edilməsinə böyük diqqət yetirir. Buna görə də Vaşinqton kosmosda kritik obyektlərin qorunmasına yönəlmiş mümkün əməliyyatların aparılması üçün nəzəri əsaslar hazırlayır ki, heç kim onların fəaliyyətini poza bilməsin. “İstisna etmək olmaz ki, hərbçilər gizli şəkildə düşmənin kosmik qrupuna zərər vurmaq planlarını nəzərdən keçirirlər. Amma bu, irəliyə baxmalı olan hərbçilərin təbii davranışıdır. Rusiya, ABŞ və ÇXR-in artıq müvafiq hazırlıq işləri var”, - deyə Zolotaryov vurğulayıb.
Elmi Araşdırma Universitetinin Ali İqtisadiyyat Məktəbinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin Beynəlxalq hərbi-siyasi və hərbi-iqtisadi problemlər sektorunun müdiri Vasili Kaşin deyir ki, bütün dünya ölkələri üçün kosmos hələ də hərbi potensiala malik ərazidir. Ekspert izah edib ki, hərbi-kosmik texnologiyalar rəqibin informasiya infrastrukturuna ciddi ziyan vura bilər, çünki hərbi əməliyyatların nəticəsi informasiya üstünlüyündən çox asılıdır.
Kosmik müharibə hansı təhlükəni yaradır…
Hazırda Yer orbiti böyük güclər üçün potensial döyüş meydanından daha çox zibilxanaya bənzəyir. Avropa Kosmik Agentliyinin məlumatına görə, Yerətrafı kosmik fəzada ölçüləri 1-dən 10 sm-ə qədər dəyişən 900 000 fraqment və ölçüsü 10 sm-dən böyük olan 34 000 obyekt var.
Pavel Zolotaryovun fikrincə, bütün bunlara əlavə olaraq kosmosda irimiqyaslı hərbi əməliyyatlar başlasa, bəşəriyyət Yerin orbitindən elmi tədqiqatlar üçün istifadə etmək imkanını itirə bilər. “Bu, ilk növbədə stasionar ekvator orbitinə aiddir. Kosmik obyektlərə əlavə olaraq, indi orada o qədər zibil yığılıb ki, dağıntıların toqquşması prosesi başlasa qar uçqununda olduğu kimi, bütün orbit zibil buluduna çevrilər - və heç bir peyk sadəcə salamat qalmaz”, - deyə Zolotaryov bildirib.
Ekspertin fikrincə, bəşəriyyəti kosmosa silah yerləşdirməkdən yalnız dünya ictimaiyyətinin hələ də belə proseslərin təhlükəsindən xəbərdar olması xilas edir: “Lakin bu sahədə texnologiyaların inkişafı istənilən halda davam edəcək”, - deyə general-mayor fikrini yekunlaşdırıb.
Öz növbəsində Dövlət Dumasının VII çağırış deputatı, kosmonavt Yelena Serova qeyd edir ki, yaxın gələcəkdə kosmosda hərbi əməliyyatların başlaması tamamilə real ola bilər. Bununla belə, onun fikrincə, ölkələr daha da irəli gedə, hətta Ay uğrunda döyüşə başlaya bilərlər: “İndi Ayın ərazisinin necə paylanacağı barədə getdikcə daha çox danışmağa başlayıblar. Belə bir ssenarini istisna etmək olmaz. Amma bu, qəbuledilməzdir. Kosmos dinc qalmalıdır. Kosmosun tədqiqində irəliləmiş ölkələr Yerə yaxın kosmos ərazilərini fəth etmək üçün hərbi potensiallarını daha da artırmağa çalışacaqlar”.
“Hərbi texnikanın inkişafının indiki mərhələsində hərbi kosmos daha böyük rol oynayır. Hərbi kosmosun əhəmiyyəti kəskin şəkildə artır, çünki bu, yüksək dəqiqlikli silahlardan və ya pilotsuz uçuş aparatlarından istifadə etmək imkanı deməkdir. Kosmosda hərbi döyüşlər qaçılmazdır”, - deyə Vasili Kaşin izah edib.
Hansı ölkələr kosmosda daha böyük hərbi potensiala malikdir?
Vasili Kaşin qeyd edir ki, kosmik tədqiqatlar baxımından ən inkişaf etmiş dövlət hesab edilən ABŞ bir neçə ildir ki, Çini kosmosda özünün əsas rəqibi hesab edir. Ekspert bunu ÇXR-in resurs bazasının hazırda Rusiyanı üstələməsi ilə izah edir. “2012-ci ildə Pekin orbitdə fəaliyyət göstərən kosmik gəmilərin sayına görə Moskvanı ötüb keçdi. Onlar daha çox kosmik uçuşlar edir və daha təkmilləşdirilmiş mülki və hərbi proqramlara malikdirlər. Ümumilikdə Çin indi daha böyük oyunçudur. Baxmayaraq ki, biz müəyyən mövzularda texnoloji üstünlüyü qoruyub saxlayırıq”, - deyə ekspert bildirib.
Kaşinin sözlərinə görə, Pekinin kosmosdakı uğurlarını 1990-cı illərdən formalaşan elektron komponentlər bazası baxımından yaxşı istehsalat ilə əlaqələndirmək olar. Hərbi kosmik texnologiya baxımından Rusiya hələ də Çini qabaqlayır. Rusiya istehsalı olan atom elektrik stansiyaları çinlilər üçün xüsusi maraq kəsb edir. “Biz həmçinin raket hücumu xəbərdarlığı və orbital silah sistemləri üçün bütün növ xüsusi peyklərin hazırlanmasında mükəmməlliyə malikik. Ancaq bütünlüklə çinlilər kosmosda daha böyük oyunçuya çevrilirlər”, - deyə Kaşin izah edib.
Kosmos Çin üçün təkcə hərbi baxımdan deyil, həm də milli iqtisadi istifadə baxımından maraqlıdır, çünki Pekin dünya telekommunikasiya sənayesində mühüm yer tutmaq istəyir. “Onlar öz kritik infrastrukturlarını əldə etmək istəyirlər: xəritələr, naviqasiya və kommunikasiyalar. Müasir iqtisadiyyat bunsuz işləyə bilməz”, - deyə mütəxəssis vurğulayıb.
Kaşin diqqəti kosmos uğrunda mübarizənin digər potensial iştirakçısı Hindistana yönəldib. Məsələn, Dehli bu yaxınlarda peyk əleyhinə silahı sınaqdan keçirdi. “Onların digər ölkələrlə eyni proqramlar dəsti var, lakin Hindistan iqtisadiyyatı inkişaf etdikcə onlar da inkişaf edəcəklər. Hindistan Çinin iqtisadi yüksəliş tarixini təkrarlamağa ümid edir. Əgər uğur qazansalar, bu yolla gedəcəklər. Bir neçə ildən sonra biz onlarda Çində olan hər şeyi görə biləcəyik”, - deyə ekspert yekunlaşdırıb.
Tərcümə və təqdim etdi: Miraslan