Müasir dünyamızda insan hüquq və azadlıqlarının rolunun günbəgün artdığı, bu dəyərlərin demokratik idarəetmə sistemlərinin nüvəsini təşkil etdiyi hər kəsə məlumdur. Hansı ki, bu hüquqlar vətəndaşların dövlətin bütün imkan və resurslarından bərabər əsaslalarla istifadəsinə imkan verməklə yanaşı, onların azadlığının da sərhədlərini müəyyənləşdirir. Bu hüquqlar fərdlərə bütün gərəkli azadlıqları elə bir formada təqdim edir ki, bu azadlıqlar digər şəxslərin hüquqları üçün təhlükə və təhdid etmir. Əksinə, bu azadlıqlar digər vətəndaşların azadlığına hörmət və ehtiram ehtiva edir.
Bütün hüquqlar azadlığımızdır, bütün azadlıqlar isə hüququmuz deyil!
Ümumiyyətlə, müasir insan hüquqlarının fəlsəfəsi bizə bir mühüm həqiqəti heç vaxt unutmamağa çağırır: bu da bütün hüquqların azadlığımız olduğu halda, bütün azadlıqların hüququmuz olmadığı gerçəyidir. Çünki hüquqlar azadlıqlarımız üçün elə bir sərhəd müəyyən edir ki, bu sərhədi aşmaq artıq başqa şəxslərin hüquq və azadlığına qəsd etmək deməkdir. Bu isə yalnız qanunlarla deyil, eyni zamanda təməl insani prinsiplərlə ziddiyyyət təşkil edir ki, bu da yolverilməzdir.
Bir sözlə, bizim “simamızı” müəyyənləşdirən əsas faktorlardan biri hüquqlarımızdır. Məhz bu hüquqlar bizim üçün yaşam və fəaliyyət sərhədləri müəyyələşdirməklə yanaşı, başqaları ilə ünsiyyət və münasibət baxımından da mayak rolunu oynayır.
Özgə hüquqlarının pozulması bizi niyə narahat etməlidir?
Hüquqi dövlət anlayışında mühüm əhəmiyyət kəsb edən dəyərlərdən biri də fərdin yalnız özünün deyil, digər vətəndaların da hüquqlarının pozulmasına biganə yanaşmaması gərəkliliyidir.
Maraqlıdır, özgələrinin hüquqlarının pozulması bizi niyə narahat etməlidir? Bu cür hüquqpozmalara müdaxilə etmək hansı zərurətdən irəli gəlir?
Başqasının pozulan hüquqlarına göz yummamaq, bu ədalətsizliyin ortadan qalxmasına yardımçı olmaq hər şeydən öncə hüquqi idarəetmə sisteminin tələbi kimi meydana çıxır. Dünya təcrübəsi göstərir ki, istənilən idarəetmə sistemində digər şəxslərə qarşı yol verilən ədalətsizliyə, hüquq pozuntusuna göz yuman şəxslər, bəlli bir müddətdən sonra özləri bu ədalətsizliyin qurbanına çevrilir. Başqa sözlə desək, hər bir hüquq pozuntusu və ədalətsizlik onu seyr etməklə kifayətlənən şəxsləri “axtarıb tapır” və dünənin tamaşaçısını öz qurbanına çevirir. Məhz bu səbəbədən də böyük fransız filosofu Şarl Lui Monteskyo hələ XVIII əsrdə yazırdı ki, bir insanın barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir.
Odur ki, hüquqi cəmiyyət bizdən yalnız özümüzə qarşı deyil, həm də digərlərinə qarşı yol verilən hüquq pozuntusuna laqeyd qalmamağı, bu hüquqların bərpası uğrunda mübarizə aparmağı tələb edir.
Imtiyaz məsuliyyət yaradır, hüquq vermir...
Hüquq bərabərliyi ilə bağlı dərk edilməsi gərəkən mühüm həqiqətlərdən biri də hər kəsin hüquq və azadlıqlarının bərabər olması, imtiyaz və səlahiyyətin kimsəyə başqalarının hüquq və azadlıqları üzərində əlavə üstünlük vermədiyi ilə bağlıdır. Başqa cür desək, hər hansı bir şəxsin dövlət və hakimiyyət piramidasının hansı mərtəbəsində təmsil olunmasından asılı olmayaraq, onun hüquqları ilə sıradan ölkə vətəndaşının hüquqları eynidir və onlar öz hüquq və azadlıqlarından qanunun müəyyən etdiyi çərçivədə istifadə etməkdə azaddır, başqalarının hüquq və azadlıqlarına hörmət etməyə borcludurlar.
Vəzifə və səlahiyyət hüquq vermir, sadəcə xalq və dövlət qarısında məsuliyyət yaradır. Yəni imtiyaz və vəzifə sahibi gördüyü və ya görəcəyi işlə bağlı rəhbərlik və xalq qarşısında hesabat verir. Atılan və atılmayan addımların cavabdehliyini daşıyır. Hələ 1789-cu ildə Fransada qəbul edilən insan və vətəndaş hüquqları haqqında bəyənnamədə deyilirdi: “Cəmiyyətin hər hansı vəzifəli şəxsdən ona tapşırılmış idarəetmə sahəsinə dair hesabat tələb etmək hüququ var”.
Ölkə başçısından xəbərdarlıq: İmtiyazınıza və vəzifənizə arxalanmayın!
Azərbaycanın ölkə başçısının imtiyaz sahiblərin yönəlik müraciətlərində də bununla bağlı ciddi xatırlamalar və xəbərdarlıqlar səsləndirmiş, əldə etdikləri vəzifə və imtiyazların onlara cəmiyyət qarşısında heç bir üstünlük qazandırmadığını dönə-dönə diqqətə çatdırmışdır. Məsələn, 2017-ci ilin yanvarında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı demişdir: “Mən dəfələrlə demişəm ki, məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdır. Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar”.
Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkə başçısı məmurları, onlarla müəyyən yaxınlığa malik olan şəxsləri “heç kimə arxalanmamağa” səsləmiş, hər kəsin qanun qarşısında bərabər olduğunu vurğulamış və bu prinsipi pozanların kimliyindən asılı olmayaraq cəzalandırılacağını bildirmişdir.
Ölkə başçısının 2020-2021-ci ildəki çıxışlarında da bu yöndə açıq və çoxsaylı xatırlatmalar, mesaj və xəbərdarlıqlar mövcuddur. Son iki il ərzində içərisində icra başçılarının, nazir müavinlərinin də olduğu bir çox məmurun işdən azad edilməsi, hüquqi müstəvidə məsuliyyətə cəlb edilməsi gerçəkliyi ölkə başçısının insan hüquqlarına olan həssas və duyarlı münasibətindən xəbər verir.
Hüquq bərabərliyini təmin edən zəngirvari ikilik: hüquqi baza və çevik nəzarət sistemi
İstənilən ölkədə hüquq bərabərliyinin iki mühüm şərti var ki, bunlardan biri mükəmməl hüquqi bazanın, digəri isə qanunların işləkliyini təmin edən, qanun pozuntularının qarşısını alan nəzarət sisteminin mövcudluğudur. Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı hüquqi bazanın kifayət qədər zəngin olduğu, ölkəmizin bu məsələdə Qərbin sivil ölkələrindən heç də geridə qalmadığı hər kəsə məlumdur.
Mövzu ilə bağlı redaksiyamıza aççıqlama verən millət vəkili Elman Məmmədov da bu sahədə vəziyyətin tamamilə qənaətbəxş olduğu fikrindədir:
“Azərbaycanın insan hüquqlarının təmini ilə bağlı qanunvericilik bazası olduqca mükəmməldir. Qanunlarımız bütün vətəndaşlara kimliyindən - sosial statusundan, dilindən, dinindən, cinsindən və s. asılı olmayaraq hər kəsə eyni hüquq və azadlıqları verir, onlar üçün eyni imkanlar yaradır. Hesab edirəm ki, ölkəmizdə insan hüquqlarının təmin edilməsi ilə bağlı hüquqi baza yetərincə zəngindir və dünya standartlarına tam cavab verir”.
Hüquq bərabərliyinin qarantı olan digər bir amil isə qanunların icrasına olan nəzarət sistemidir. Nəzarət sisteminin necə, hansı səviyyədə qurulması, nə qədər çevik və operativ şəkildə fəaliyyət göstərməsi bu məsələdə mühüm əhəmiyyət kəsb edən amillərdən biridir.
Ombudsman Aparatı: Hüquq pozuntularına qarşı “polad sədd”
Azərbaycanda insan hüquqlarının təmin edilməsinə, bu hüquqların praktikada pozulmasının qarşısının alınmasına cavabdeh olan bir sıra qurumlar var ki, bunlardan da biri Ombudsman Aparatıdır. Yarandığı gündən etibarən insan hüquqlarının – eləcə də bu hüquqların tərkib hissəsi olan uşaq hüquqlarının qorunması istqiamətində ciddi addımlar atan bu qurum, günümüzdə də hüquq bərabərliyi prinsiplərinin qorunmasında mühüm rola malikdir. Vaxtaşırı olaraq Uşaq Hüquqları Aylığı çərçivəsinə paytaxt və regionlarda silsilə tədbirlər keçirən Ombudsman İnstitutunun digər bir önəmi, onun sadəcə baş verən hüquq pozuntuları, işgəncələrin önlənməsinə yardımçı olmaqla yanaşı, həm də baş verməsi ehtimal edilən bu halların qarşısını da qabaqcadan almaq potensialına malik olması ilə bağlıdır. Belə ki, Ombudsman İnstitutuna sadəcə işgəncəyə məruz qalan, hüquqları pozulan şəxslər deyil, bu cür hallarla üzləşəcəyini ehtimal edən, belə bir ehtimal üçün kifayət qədər ciddi əsaslar olduğunu düşünən şəxslər də müraciət edə bilər. Hər kəsə bir zəng qədər yaxın olan bu qurum məhkumların, hərbi qulluqçuların, qaçqın və məcburi köçkünlərin, qadınların, ahılların - əhalinin bütün təbəqələrinə məxsus şəxslərin hüquqlarının müdafiəsində aktiv rol oynayır ki, bu da hüquq pozuntulaırna qarşı nəzarət mexanizminin effektivliyindən xəbər verir. Hüquq pozuntularına qarşı “polad sədd” rolunu oynayan bu qurumun həyata keçridiyi layihələr, ortaya qoyduğu işin miqyası Ombudsman İnstitutunun yaxın gələcəkdə də hüquqi nəzarət mexanizmi baxımından əvəzedilməz rola malik olacağını göstərir.
Vətən Müharibəsi dönəmində Ombudsman Aparatının erməni vəhşiliklərini uğurla ifşa etməsi, terror aktları törədilən ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirməsi, bütün beynəlxalq təşkilatlara, dünya dövlətlərinə bununla bağlı müvafiq müraciətlər göndərməsi bu qurumun məlum sahədəki uğurlu fəaliyyətindən xəbər verir. Hansı ki, erməni cinayətlərinin ifşa edilməsi, soydaşlarımızın pozulan hüquqlarının bərpası istiqamətində Ombudsman Aparatının məlum fəaliyyəti bu gün də davam etməkdədir.
Seymur ƏLİYEV
Moderator.az
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.3. istiqaməti üzrə (insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması) hazırlanmışdır.