Çinin dövlət xəbər portalı “China Reports Network” Kommunist Partiyasının üzvlərini demoqrafik böhranla üzləşən ölkənin gələcəyi naminə dünyaya üç uşaq gətirməyə çağırıb. Bununla belə, Çinin “Weibo” sosial şəbəkəsinin istifadəçiləri bu təşəbbüsün insanların Çin Kommunist Partiyasına inamını sarsıda biləcəyini düşünərək onu pisləyiblər.
Moderator.az bildirir ki, bu barədə İngiltərənin nüfuzlu “The Guardian” nəşri yazır. Çin dövlət mediası Kommunist Partiyasının üzvlərini Pekinə əhalinin doğum və qocalma nisbətinin həllinə kömək etmək üçün üç uşaq dünyaya gətirməyə çağırıb. Xüsusilə, bu həftə Çində internet istifadəçilərinin diqqətini dövlət xəbər portalı “China Reports Network”-ün Kommunist Partiyası üzvlərinin ölkənin rifahı üçün üç uşaq dünyaya gətirməyə borclu olduqlarını bildirən redaksiya məqaləsi cəlb edib. Oxucuların mübahisəli reaksiyasından sonra artıq saytdan silinən məqalədə bildirilirdi ki, təxminən 95 milyon üzvü olan hakim partiyanın hər bir üzvü “ölkə əhalisinin artmasına görə məsuliyyət və məcburiyyət daşımalı və üç uşaq siyasəti çərçivəsində hərəkətə keçməlidir”.
“Heç bir partiya üzvü ailə qurmamaq və ya övlad sahibi olmamaq üçün obyektiv və şəxsi bəhanə gətirməməli, həmçinin bir və ya iki uşaq sahibi olmaları ilə özlərinə haqq qazandırmamalıdırlar”, - deyə məqalədə qeyd olunurdu. Nəşrin xatırlatdığı kimi, doğum səviyyəsinin azalması və əhalinin qocalması Çində demoqrafik böhrana səbəb olub. 2020-ci il siyahıyaalınmasına əsasən, ölkə sakinlərinin 18%-dən çoxu 60 yaşdan yuxarıdır. Bu arada ölkənin milli statistika idarəsinin noyabr ayında dərc etdiyi məlumatlara görə, 2020-ci ildə hər 1000 nəfərə düşən doğum səviyyəsi ilk dəfə 10-dan 8,5-ə düşüb. Hələ 1978-ci ildə bu rəqəm hər 1000 nəfərə 18 nəfərdən çox idi.
Böhrana cavab olaraq, Çin Kommunist Partiyası bir sıra tədbirlər gördü, o cümlədən uşaq dünyaya gətirmə ilə bağlı uzun müddətdir müəyyən edilmiş məhdudiyyətləri yumşaltmaq, təhsil və valideynlik xərclərini azaltmaq, ikinci və üçüncü uşaqlar üçün subsidiyalar və cütlərin boşanmasını 30 gün gözləmək.
Ancaq cütlüklər üç uşaq dünyaya gətirməyə tələsmirlər. Gənc çinlilərin fikrincə, əsas maneələr yaşayış səviyyəsinin baha və iş saatının uzun olmasıdır. “Üç uşaq siyasətinin ortaya çıxmasına baxmayaraq, bir çox insanın, xüsusən də evə tez getməli olan qadınların uşağa baxmağa şəraiti, imkanı, pulu və vaxtı yoxdur. Bu, getdikcə daha çox şirkətin qadınları işə götürmək istəməməsinə səbəb olacaq!" - deyə Çinin “Weibo” sosial şəbəkəsinin istifadəçilərindən biri qeyd edib. “Mən adi bir insanam. Gələcəkdə vaxtım, enerjim və pulum mənə yalnız bir uşaq böyütməyə imkan verəcək. Partiya üzvlərinin əksəriyyəti də adi insanlardır”, - deyə başqa bir çinli bildirib.
“The Guardian”ın qeyd etdiyi kimi, bəzi “Weibo” istifadəçiləri də xəbərdarlıq ediblər ki, bu cür təşəbbüslər insanların partiyaya olan inamını sarsıda bilər, çünki “China Reports Network”ə qarşı ittihamlar asanlıqla üç uşaq siyasətinə müqavimətə və hökumətə inamsızlığa çevrilə bilər.
Miraslan