Dekabrın 17-də Xorvatiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə konsert keçirilib. Azərbaycan Milli Konservatoriyasında keçirilən konsertdə səfirlik xətti ilə Azərbaycana dəvət olunmuş məşhur “Klapa Bosket” musiqi qrupu iştirak edib.
Tədbirdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic çıxış edib. Səfir qeyd edib ki, qrupun Azərbaycana gəlişi əslində çoxdan planlaşdırılsa da, pandemiya səbəbindən səfər bir müddətliyinə təxirə salınıb. Daha sonra səfir “Klapa Bosket” qrupu haqqında tədbir iştirakçılarına məlumat verib:
“Qeyd edim ki, “Klapa Bosket” sözü Azərbaycan dilinə tərcümədə “dost qrupu” deməkdir. Bu, Xorvatiyanın cənubunda yaradılmış məşhur vokal qrupudur.
Ümumiyyətlə, “Klapa Bosket” Xorvatiyada əsrlər boyu mövcud olub. Bu qrupda ifa edilən musiqilər 2012-ci ildə UNESCO-nun mədəniyyət irsinə daxil edilib”.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edərək bildirib ki, “Klapa Bosket” Avropada tanınmış musiqi qruplarından biridir:
“Ümumiyyətlə, konservatoriyada bu cür konsertlər təşkil edirik ki, gənc musiqiçilərimiz dünya musiqisi ilə yaxından tanış olsunlar. Çalışacağıq ki, gələcəkdə tez-tez bu cür konsertlər ərsəyə gətirək”.
Daha sonra “Klapa Bosket” qrupunun üzvləri Bojan Karavanic, Toni Zekulic, Davor Cakovic, Marko Vukic, Vicko Cagalj, Boris Cakovic, Tomislav Kovacic maraqlı konsert proqramı ilə çıxış ediblər.
Xorvatiyanın Bakıda səfərdə olan məşhur “Klapa Bosket” musiqi qrupunun üzvü Davor Cakovic jurnalistlərə açıqlamasında Azərbaycana heyran olduğunu bildirib: “Bakı məni heyran etdi. Sizin milli mətbəxiniz, insanlarınız möhtəşəmdir”.
Musiqiçi Azərbaycanın milli musiqiləri ilə yaxından tanış olduğunu da diqqətə çatdırıb:
“Buradakı abu-hava bizim gözlədiyimizdən də xeyli gözəl, təsirlidir. Ümid edirəm ki, yenidən Azərbaycana səfər edəcəyik.
Azərbaycanın tarixi, ənənəvi musiqilərini dinləmişəm. Ümumiyyətlə, bizim qrup Xorvatiyanın tarixi musiqilərini ifa edir, bu baxımdan başqa xalqların da tarixi musiqiləri ilə yaxından tanış olmağa çalışırıq”.
Xəyalə Rəis