Kraliça II Yelizaveta şahzadə Uilyamdan həyat yoldaşı Keyt və uşaqları ilə birlikdə təhlükəsizlik səbəbilə helikopter uçuşlarından imtina etməyi xahiş edib. Britaniya monarxına yaxın mənbələrə görə, kraliça qəzanın "konstitusiya böhranına səbəb ola biləcəyindən" ehtiyat edir, çünki Uilyam taxt-tacın ikinci, oğlu Corc isə üçüncü varisidir.
Moderator.az bildirir ki, bu barədə Britaniyanın “The Sun” nəşri yazır. Nəşr monarxa yaxın mənbələrə istinadən qeyd edir ki, 95 yaşlı kraliça şahzadə Uilyam ilə bir neçə dəfə danışaraq ondan xüsusilə pis hava şəraitində pilotsuz uçmağı dayandırmağı xahiş edib.
Qeyri-rəsmi qaydalar adətən, yaşlı kral ailəsinin üzvlərinin birlikdə uçmasına mane olur, lakin Uilyamın uşaqları doğulduqdan sonra bu qaydalar yumşaldıldı. Uilyam, həyat yoldaşı Keyt və uşaqları - 8 yaşlı Corc, 6 yaşlı Şarlotta və 3 yaşlı Lui Kensinqton sarayı və Anmer Holl adlı iki iqamətgahda yaşayırlar və müntəzəm olaraq Londondan Norfolka və geriyə uçurlar. Çox vaxt Kembric hersoqu ailəsi pilot və ekipajla birlikdə bu yolu qət edir, lakin bəzən Uilyam özü helikopterin sükanı arxasına keçir. Nəşr xatırladır ki, Uilyam atası, Uels şahzadəsi Çarlzdan sonra taxt-taca ikinci, oğlu Corc isə üçüncü namizəddir.
“Kraliça yaxın dostlarına və saray əyanlarına deyib ki, Uilyamın, xüsusən də pis hava şəraitində uçmağı dayandırmasını istərdim, çünki vertolyotlar heç də təhlükəsiz nəqliyyat vasitəsi deyil. Bu, kraliçanı gecələr yatmağa qoymur və o, buna görə çox narahatdır", - deyə bir mənbə “The Sun”a bildirib. Mənbənin sözlərinə görə, kraliça nəvəsinin bacarıqlı pilot olduğunu bilir, lakin hesab edir ki, o və ailəsi hamısı birlikdə uçmamalıdır, çünki qəza “konstitusiya böhranına səbəb ola bilər”.
"Bu məsələ ilə bağlı rəsmi qayda yoxdur və taxt varisləri keçmişdə birlikdə səyahət ediblər, lakin son söz kraliçaya məxsusdur", - deyə Bukingem sarayının nümayəndəsi məsələni şərh edərkən bildirib.
Miraslan