“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində dekabrın 15-də İtaliyanın ən böyük siyasi qəzeti olan “İl Sole 24 Ore”-ya müsahibə verib. Müsahibədə Cənab Prezidentin toxunduğu ən vacib məsələlərdən biri - Aİ-nın Azərbaycan və Ermənistan arasında sülh quruculuğunda oynadığı rol idi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqı fəal təşəbbüslərlə çıxış edir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə və xüsusilə sülh prosesinə dəstəkdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir”.
Millət vəkili Tamam Cəfərova Moderator.az-a Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın ən böyük siyasi qəzeti olan “İl Sole 24 Ore”-ya müsahibəsini şərh edərkən belə deyib.
Tamam Cəfərova bildirib ki, Prezident İlham Əliyev müsahibəsində ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyəti ilə də bağlı xalqımızın haqlı narazılığını ifadə edib: “ATƏT-in mandatına əsasən Minsk qrupu 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Minsk qrupu ötən il noyabrın sonunadək, Azərbaycan 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdi. Minsk qrupunun fəaliyyəti uğursuz idi. Əgər Minsk qrupunun həmsədrləri - dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. …”. Nəticədə, 20 ildən çox fəaliyyət göstərən Minsk qrupunun nəticəsi sıfıra bərabərdir.
Millət vəkili söyləyib ki, Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Amma həmsədr dövlətlər Ermənistan təzyiq və təsir göstərmək istəmədilər. Onlar istəsəydilər, Ermənistanı sülhə məcbur edə bilərdilər. Müsahibədə cənab Prezidentin də vurğuladığı kimi, müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma. Rəsmi İrəvanın məsuliyyətsiz bəyanatlarına Minsk qrupu nəinki reaksiya vermədi, hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Bir sözlə, Azərbaycan xalqı Minsk qrupu üçlüyünün daimi səfərlərindən yorulmuşdu.
Bu dövlətlərin və təşkilatların uğursuzluğu fonunda Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh münasibətlərinin tənzimlənməsi istiqamətində daha effektiv qurum kimi nəzərdən keçirildiyini vurğulayan millət vəkili qeyd edib ki, Avropa İttifaqı millət dövlətlər və beynəlxalq təşkilatlar ilə müqayisədə təmamilə fərqli – dövlətüstü, supranasional struktura malik bir qurumdur. Onun bir tərəfdən beynəlxalq hüquqa söykənən xarici siyasət prinsipləri, digər tərəfdən isə müstəqil qərar qəbul etmə strukturları və bu qərarları reallaşdırmağa imkan yaradan resursları vardır. Azərbaycan II Qarabağ müharibəsindən sonra Ermənistan ilə münasibətləri mehriban qonşuluq səviyyəsinə gətirmək üçün Avropa ittifaqının nüfuz və imkanlarından istifadə etməkdə maraqlıdır. Bölgədə sülhün təmin edilməsi prosesində Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir. Bu Ş. Mişelin bu ilin yayında regiona səfər etməsi zamanı, daha sonra isə Brüssel görüşü vaxtı açıq seyr edilmişdir.
Brüssel görüşünün nəticələrindən bəhs edən dövlətimizin başçısı Ermənistan ilə dəmir yolu layihəsinin praktiki reallaşması razılığına gəlindiyini qeyd etdi. Bu Avropa İttifaqının regionda münasibətlərin normallaşdırılmasına verdiyi əyani töhfələrdən biridir.
Bununla yanaşı, İtaliya qəzetinə verdiyi müsabisəində dövlətimizin başçısı Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcminin 2.6 milyard dollar, Azərbaycana isə 140 milyon dollar verilməsinin ədalətsiz olması ilə bağlı ölkəmiizn haqlı mövqeyini də açıq surətdə ifadə edib.
Cənab Prezident deyib: “Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz”.
Avropa İttifaqının region proseslərində rolunun artırılmasında birinci şərt ölkəmizin başçısı tərəfindən müsahibə belə ifadə olunmuşdur: Yanaşma vahid standartlara əsaslanmalıdır. Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsait ayrılmalıdır”.
Millət vəkili qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə tədbirləri həyata keçirilir və bu prosesə Avropa İttifaqı da öz dəstəyini verə bilər. Cənab Prezident müsahibəsində deyib ki, Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir: ”Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar”.
Sözsüz ki, tərəflər (Azərbaycan və Aİ) arasında mövcud problemlər və ya əməkdaşlıqdan əldə edə biləcəyi perspektivlər bununla yekunlaşmır. Lakin müsahibədə yer almış bütün digər məsələlərin inkişaf dinamikası, qurumun Azərbaycanın azad edilmiş ərazilərində bərpa işlərində nə dərəcədə aktiv iştirak etməsi və Ermənistan ilə münasibətlərin normallaşdırılmasında oynadığı müsbət rol ilə düz mütənasib əlaqədə inkişaf edəcəkdir.