Sabah Azərbaycan xalqının milli iftixarı, məğlub milləti qalib xalq etmiş sərkərdə, dünyanı heyrətləndirməyi bacaran dövlət xadimi, Ali Baş Komandanımız İlham Əliyevin 60 yaşı tamam olur. Bu günlər möhtərəm prezidentimizə ünvanlanan təbrik yağışını mətbuatda və sosial şəbəkələrdə görməmək mümkün deyil və bu da təbiidir. Çünki İlham Əliyev 18 il ərzində sadəcə dövlət başçısı olmadı, Azərbaycanımızın adını dünyaya yaydı, millətimizin ləkələnmiş namusunu, tapdanmış ləyaqətini 44 günlük Vətən Savaşı ilə təmizləməyə müvəffəq oldu, dünya hərb və diplomatiya tarixinə adını qızıl hərflərlə yazdırdı.
Hamı kimi mən də hələ də bu qələbənin təsirindən çıxa bilməmişəm və şəhidlərimin müqəddəs ruhları qarşısında baş əyərək, Qazilərimizə Allahdan şəfa diləyirəm. Ali Baş Komandanımızın Vətən qarşısındakı xidmətlərini isə nə yazmağa söz yetməz, nə danışmağa dilin qüdrəti çatmaz. Mən çox xoşbəxtəm ki, məhz onun rəhbərliyi altında uzun illər silahlı qüvvələrdə xidmət etmişəm, adi zabitdən general rütbəsinə qədər, Müdafiə Nazirliyi sistemində ən yüksək vəzifələrə qədər irəli çəkilmişəm.
Bu yerdə Ulu Öndəri sonsuz ehtiram və rəhmətlə anmağı özümə borc bilirəm. Mən xoşbəxtəm ki, Naxçıvanın çətin günlərində Ulu Öndər Heydər Əliyevlə birgə çalışmışam, onu az qala hər gün görmək xoşbəxtliyinə nail olmuş, birbaşa əmr və tapşırıqlarını sonsuz ehtiram və sevə-sevə yerinə yetirməyə çalışmışamn. İlk rütbəmi, ilk təltifimi, ilk medallarımı şəxsən ondan almışam. Heydər Əliyevin bu millət və dövlət qarşısındakı xidmətlərini onun rəhbərliyi altında çalışaraq görmək, bundan qürur duymaq bambaşqa bir hisdir və belə bir dühanın rəhbərliyi altında işlədiyimə görə hər zaman Allaha şükür edirəm.
Sonradan Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 20 ilə yaxın orduda xidmət etmişəm, onun Ulu Öndərdən estafeti götürərək ordumuzun döyüş qabiliyyətini və qüdrətini necə artırdığını, bunun üçün hansı risklərə getdiyini, Azərbaycana xor baxan xarici qüvvələri necə məharətlə neytrallaşdırdığını görmüşəm. Əlbəttə, bu gün hamı - yeddidən yetmişə İlham Əliyevin xidmətlərindən ağızdolusu danışa bilər və onunla qürur duyduqlarını dilə gətirməkdən doymazlar. Ancaq bir əsgər, bir general kimi onun komandanlığı altında işləmək ayrıca zövq və qürur mənbəyidir və buna görə də Rəbbimə təşəkkür borcum var.
Mən bu yuybiley günlərində çox nikbinəm. Çünki nəhayət illər sonra Azərbaycan elə bir polad gücün əlindədir ki, heç bir xarici qüvvə bu gücü sarsıda bilməz. İlham Əliyev bu gün artıq dünya siyasətinə təsir edən, bəzən onu yönləndirən beynəlxalq səviyyəli dövlət xadimi kimi qəbul edilir və buna görə də əminəm ki, Azərbaycanımızı daha parlaq günlər gözləyir. Azərbaycan xalqı qədirbilən xalqdır və Ulu Öndərin xidmətlərini unutmadığı, rəhmətlə yad etdiyi kimi İlham Əliyevin də bu ölkə qarşısındakı misilsiz xidmətlərini unutmayacaq və xalqımız hələ uzun illər İlham Əliyevin rəhbərliyi altında firəvan günlər yaşayacaq.
Natiq ƏIliyev,
Ehtiyatda olan general-mayor, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin sabiq rəisi