Açığı, Şuşa işğaldan azad olunandan sonra onun haqqında çox yazıldı. Şəninə təriflər söylənilib, reportajlar hazırlandı. Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə həyata keçirilən Şuşa səfərində düşündüm ki, artıq Şuşa ilə bağlı kifayət qədər reportajlar yazılıb, fikirlər söylənilib, materiallar hazırlanıb. Mən nə hazırlasam, nə yazsam da, onların yanında dənizdə bir damla olacaq.
Lakin 2021-ci ilin son günlərində Şuşaya gedib oradan yazmasam, qəbahət olardı.
Şuşaya təçkil olunan 3 günlük mediaturda əsas məqsəd Şuşada işğal dövründə erməni vandalizminə məruz qalmış tarixi-memarlıq və dini abidələri, eləcə də füsunkar təbiət mənzərəsinə malik Cıdır düzünü ziyarət etmək, Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa işləri və yeni infrastruktur layihələri ilə tanış olmaqdan ibarət idi.
Mən heç zaman Şuşada olmamışam. Şuşanı valideyinlərimizin xatirəsində canlandırdıqları kimi təsəvvür edirdim. Bir də həmkarlarımın reportajlarında gördüklərimdən ibarət idi Şuşa.
Şəhərdə olarkən buranın xüsusi bir mistikası olduğunu hiss etdim. 30 il əvvəl Şuşada olanlar buranı bir başqa cür təsəvvür edirdilər. Onlar dağıdılmış viran qoyulmuş şəhərin hər qarışında olan xatirələrindən danışır, bizə isə onların xatirələrini maraqla dinləmək qalırdı. Bu nağıl şəhəri artıq qəzetlərdə, televiziya kanallarında deyil, canlı şəkildə öz gözlərimizlə izləyirdik.
Səfərə qatılan gənclər heç zaman Şuşada olmamışdılar. Onlar üçün bu tarixi bir səfər idi. Zəfər yolundan keçib, Şuşaya doğru irəlidik...
Nəhayət, Şuşa ilə tanış olmaq vaxtı çatdı. Artıq səni kimsə mənə öz təsəvvüründə olduğu kimi anlatmayacaq, səni kiminsə təəsvvüründəki kimi xatırlamayacam. Səni öz gözlərimlə görüb, görüşünə yenidən gələcəm. Cıdır düzündə düşmən deyil, övladlarım oynayacaq. Səfalı təbiətində biz istirahət edəcəyik.
Şəhərin gözəl mənzərəsi, havası insanı valeh etsə də, uçurulmuş, məhv edilmş, dağıdılmış binalara baxdıqca insanın ürəyi daşa dönürdü.
Cıdır düzünə doğru yol alırıq. Bura sanki Şuşanın bütün təbiətini ayaqlar altına sərən bir xalıdır. Bu xalı isə canlıdır. Onu hiss edirsən, toxuna, duya bilirsən. Arxadan bir səs gəlir - “Sanki Cıdır düzü əvvəllər belə deyildi, sanki bu düz bir az qısalıb. Əvəllər belə deyildin sən Şuşa”.
Cıdır düzündən görünən mənzərə isə çox möhtəşəm və bizə söylənilən qədər əsrarəngiz idi. Bu düz nələrə şahidlik edib. Nələri sinəsinə çəkib, burada nə döyüşlər, nə qanlı davalı illər, nə mərasimlər keçirilib. Dili olsa da danışsa...
Bu gün xəyallarımıza toxunduğumuz, arzularımızın çin olduğu gün idi.
Cıdır düzündən sonra Gövhər Ağa Məscidini ziyarət etdik. Hansı ki, bu məscidin fotosunu uşaqkən kitablarda görmüşdüm. İndi işıqlanıb, gözəlləşib, möhtəşəm bir ibadət evi olub. Media nümayəndələrimz bu məsciddə namaz qıldılar. Xatirə fotosu çəkdirib Vaqifin ev muzeyinə doğru irəlilədik. Hansı ki, illər əvvəl burada el şənlikləri, festivallar keçirilirdi. Çox qısa müddətdə buranın təmir olunması və bərpa olunması haradasa möcüzədir.
Daha sonra şəhəri gəzintiyə çıxırıq. Xaraba qalan evlərdə, daş-divarlarda doğulan uşaqların, gözüyaşlı anaların vətən həsrətini sezmək heç də çətin deyildi.
Məndən öncə Şuşaya gələn rəfiqəm Günel Musanın Şuşa haqqında dediklərini xatırlayıram. O, deyirdi ki, hər şəhərin ruhu var: “Bu ruhu görmək, anlamaq və hiss edə bilmək üçün onu idrak etmək lazımdır. Hələ bu şəhər bir mədəniyyət şəhəridirsə, onun ruhunu hiss edə bilmək üçün Övliya Çələbinin müşahidə və həssaslığına sahib olmaq lazımdır. Əgər belə bir həssaslığın yoxdursa nə olduğun şəhərdən xəbərin olar, nə də görməyi arzu etdiyin o şəhərin ruhunu hiss edə bilərsən. Bu ruhu hiss edə bilmək üçün mədəniyyət təsəvvürünə sahib olmaq lazımdır. Bu təsəvvür yaxşı-pis, gözəl-çirkin, doğru-yanlış hökmlərini meydana gətirir, eyni zamanda da yansıdır. Belə bir təsəvvürün varsa, şəhərin ruhu ilə rabitə yarada bilərsən”.
O, bu fikirlərində tamamilə haqlı idi. Mən nəinki Şuşadan müsbət enerji aldım, eyni zamanda onunla rabitə qura bildiyimi zənn edirəm. Hesab edirəm ki, mənim də bu şəhərdə yaxşı xatirələrim olacaq.
Şuşa özündə sirlər saxlayan və olduqca enerjisi olan bir şəhərdir.
Xəyalə Rəis