Çinin Şanxay şəhərində dünyanın yeddi möcüzəsindən birindən ilhamlanan çoxfunksiyalı “1000 ağac” kompleksinin birinci hissəsinin açılışı olub.
Moderator.az “Dezeen” nəşrinə istinadla xəbər verir ki, binalar ansamblı Babildəki Semiramidanın asma bağlarını təkrarlayır.
Layihə britaniyalı dizayner Tomas Hizervikin studiyası tərəfindən tərtibatçı “Tian An” inşaat şirkəti üçün hazırlanıb. Kompleks M50 incəsənət məhəlləsi və şəhər parkının yanında yerləşir, tam hazır vəziyyətdə 300 min kvadratmetr ərazini tutacaq. Evlərin restoran, muzey və qalereya kimi istifadə edilməsi planlaşdırılır.
Ansamblın özəlliyi yuxarı hissəsində 70 müxtəlif növ ağac əkilmiş sütunlardır. İdeyaya görə, hər biri avtomatik suvarma sistemi ilə təchiz edilmiş kompleksdə min belə konstruksiya peyda olacaq.
Şanxay hökuməti layihənin ikinci mərhələsinin 2023-cü ildə istifadəyə veriləcəyini gözləyir. İki il ərzində işçilər oxşar, lakin daha hündür binalar və ağaclı sütunlar ansamblını tamamlayacaq, həmçinin onu örtülü körpü və tunellə birinciyə birləşdirəcəklər. İnşaatçılar qeyd edirlər ki, kompleksin hər iki hissəsi keçmiş un dəyirmanının yerində yerləşir. Onlar dəyirmanın binasını xilas etməyə və onu ümumi kompozisiyaya uyğunlaşdırmağa nail olublar və köhnə zəng qülləsini ekskursiyalar üçün liftə çevirmək qərarına gəliblər.
Miraslan