Beynəlxalq tədqiqatçılar qrupu Alp dağlarında Matterhorn zirvəsinin rezonans titrəyişlərini ölçüb və kompüter proqramlarından istifadə edərək onun hərəkətini görə biliblər.
Moderator.az bu barədə phys.org portalına istinadla xəbər verir. Mütəxəssislər müəyyən ediblər ki, təxminən hər iki saniyədən bir Matterhorn irəli-geri “yellənir”. Adi gözlə hiss olunmayan amplituda malik bu kiçik vibrasiya yerin seysmik fəallığı ilə yanaşı, insan fəaliyyəti ilə də stimullaşdırılır.
Hər bir obyekt həyəcanlandıqda kamerton və ya gitara simləri kimi müəyyən tezliklərdə titrəyir. Bu tezliklər ilk növbədə obyektin həndəsi ölçülərindən və onun materialının xüsusiyyətlərindən asılıdır. Beləliklə, adətən, körpülərdə, hündürmərtəbəli binalarda baş verən bu fenomen dağ zirvələrində də müşahidə olunur.
“Biz bilmək istəyirdik ki, belə rezonanslı vibrasiyalar Matterhorn kimi böyük bir dağda qeydə alına bilər, ya yox”, - deyə Münhen Texniki Universitetinin alimi Samuel Veber izah edib.
Alimlər tədqiqat üçün Matterhornda bir neçə seysmometr quraşdırıblar, o cümlədən dəniz səviyyəsindən 4470 metr yüksəklikdəki zirvədə. Dağın ətəyində yerləşən başqa bir ölçü stansiyası istinad nöqtəsi kimi xidmət edir. Məlumatlar avtomatik olaraq İsveçrə seysmoloji xidmətinə ötürülür.
Tədqiqatçılar hesab edirlər ki, Matterhorn yeganə “yellənən” dağ deyil. Yəqin ki, bir çox başqa obyektlər də oxşar şəkildə titrəyir.
Miraslan