Kütləvi qida zəhərlənməsi və antisanitar şərait Hindistanda “Apple” cihazlarının istehsal olunduğu nəhəng fabrikdə böyük etirazlara səbəb olub. İşçilər dözülməz şəraitdə işləməyə, izdihamlı, havalandırılmayan kanalizasiyası olmayan otaqlarda yaşamağa və siçovulların basdığı küçə mətbəxlərində yemək yeməyə məcbur olduqlarını etiraf edirlər.
Moderator.az bildirir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu “The Times” nəşri yazır. Nəşr bildirir ki, Hindistanın Şriperumbudur şəhərində iPhone istehsal edən nəhəng fabrikin işçilərini artıq neçə həftədir ki, bir-birinin ardınca xəstəlik dalğası bürüyüb. Rəhbərlik reaksiya verəcəyini vəd etsə də, nəticədə heç nə etməyib.
Qəzetin yazdığına görə, dekabrın ortalarında şam yeməyindən sonra 150 yerli işçi zəhərlənib, qusma və ishal halları müşahidə olunan ağır xəstələr xəstəxanaya aparılıb. Daha 100 nəfərin dizenteriya epidemiyası səbəbindən müalicəyə ehtiyacı olub.
Bu, bardağı daşıran son damla olub. Hadisədən iki gün sonra yüzlərlə işçi bir neçə min insanın yaşadığı düşərgələrdəki ağır şəraitə qarşı yürüş keçirib. Bir neçə saat ərzində etirazçılar nəhəng sənaye zonasına gedən əsas yolu bağlayıblar. İstehsal kompleksinə cavabdeh olan Tayvanın “Foxconn” şirkəti dekabrın 18-də fəaliyyətini dayandırıb. Müştərisi “Apple” müəssisədəki sifarişləri dondurduqdan sonra şirkət işçilərin vəziyyətini yaxşılaşdıracağına söz verdi.
“Apple” və “Foxconn” şirkətlərinin belə bir qalmaqalla üzləşməsi ilk dəfə deyil. 2010-cu ildə Çinin Şençjen şəhərindəki nəhəng Foxconn City sənaye parkında bir sıra intiharlar beynəlxalq qınağa səbəb oldu və şirkəti iş şəraitinin yaxşılaşdırılmasına dair söz verməyə məcbur etdi. On ildən artıqdır ki, o, Hindistanda da eyni şeyi edəcəyinə söz verir.
Bu həftə “The Times”ın müxbiri Hindistan bölgəsinə səfər edib və xəstə işçilərdən biri ilə danışıb. Əsl adını açıqlamaqdan imtina edən 19 yaşlı Saroca fabrikdəki “dəhşətli iş şəraitini” təsvir edib. Onun sözlərinə görə, işçilər pəncərələri olmayan ağzına qədər dolu izdihamlı yataqxanalarda yaşayırlar. Onların su və kanalizasiyaya çıxışı yoxdur. Gərgin iş saatlarına baxmayaraq, xidmətçinin ayda qazana biləcəyindən qat-qat az, cəmi 100 funt-sterlinq qazanırlar. Onlara siçovulların basdığı, zibillə dolu küçə mətbəxlərində bişmiş çürük tərəvəzlərdən və yabanı düyüdən hazırlanmış yeməklər verilir.
Digər 21 yaşlı şahid deyib ki, yerli yataqxananın 5 sakin üçün nəzərdə tutulmuş otağında onlar 15 nəfər bir yerdə, bir-birinə sıxılaraq döşəmə üzərində yatmalı olurlar. Bəzi işçilər gün ərzində tez-tez ac qalırlar. Yeməkdə tapdıqları qurdun şəkillərini rəhbərliyə göndərsələr də, lakin heç bir tədbir görülməyib.
“The Times”ın müxbirinin əlaqə saxladığı digər işçilər işlərini itirmək qorxusundan müsahibə verməkdən imtina ediblər. Onlar əlavə ediblər ki, aksiyadan əvvəl də fabrikdə və yaşadıqları yerlərdə onların üzərində daim nəzarət olub. Təxminən 15000 işçinin, əsasən də qadınların yaşadığı yeddi və ya səkkiz tikili fabrik ərazisinə səpələnib. Onlara heç kimin binalara yaxınlaşmasına imkan verməyən kobud mühafizəçilər nəzarət edir.
Mühafizəçilərdən biri nəhayət ki, razılaşaraq “The Times”ın əməkdaşının sualına qısaca belə cavab verib: “12-12 futluq bir otaqda dörddən çox, bəzən altı və ya yeddi qadın yatır. Havalandırma praktiki olaraq yoxdur. Tualetlər isə su olmadığı üçün yuyulmur”.
“Orada həmkarlar ittifaqı, işçilərin müdafiəsi yoxdur. Bəzi qadınlar mənə dedilər ki, bir otaqda on nəfər yaşayırlar. Yeməklər atılmalı olan çürümüş tərəvəzlərdən hazırlanır. Bir dəfə bir qadınla danışmaq imkanım oldu və o dedi ki, bura həbsxanaya bənzəyir", - deyə Çennaidəki Hindistan Həmkarlar İttifaqı Mərkəzinin milli katibi Sondar Racan “Foxconn”da iş şəraitini kəskin tənqid edib və fabrikdəki "qorxulu atmosferi" təsvir edib.
Bölgə müfəttişlərinin işçilərin qaldığı yataqxanaları yararsız elan etməsindən sonra “Apple” və “Foxconn” rəsmiləri fabrikdəki iş şəraitini yaxşılaşdırmağa söz veriblər. Yerli rəsmilər şirkətləri hər bir işçiyə gündə minimum dörd litr içməli su, üstəlik çimmək üçün su və onları etibarlı elektrik təchizatı ilə təmin etməyə çağırdıqlarını söyləyib.
“Ailəmin pula ehtiyacı var. Ona görə də orada işə düzəldim. Amma valideynlərim dedilər ki, əgər ağır xəstələnsəm, məni geri göndərməyəcəklər”, - deyə “Apple” və “Foxconn”un vəziyyəti düzəltmək vədlərinə baxmayaraq, Saroca “The Times”ın müxbirinə bir daha ora qayıtmaq fikrində olmadığını etiraf edib.
Miraslan