“Türkiyədə yaşayan insanların əksəriyyəti Qarabağı, Şuşanı və burada baş verən hadisələri həyəcanla izləyir. Azərbaycanın tarixi qələbəsindən sonra nəinki bütün türk dünyası buraya gəlmək istəyir, eyni zamanda hər kəs işğaldan azad olunan torpaqlarda yenidənqurma işlərində çalışmaq niyyətindədir”.
Bu sözləri Moderator.az-a açıqlamasında Qaradəniz Xəbər Agentliyi Dərnəyinin rəhbəri Hasan Yavuz Bakır bildirib.O qeyd edib:
“Şuşa bizim üçün çox dəyərlidir. Türkiyədə yaşayan türklər qardaş ölkəmizin əldə etdiyi qələbə ilə qürur duyur, gözəl hislər bəsləyirik. Şuşa işğaldan azad olunduqda Türkiyədə milyonlarla vətəndaş o qüruru qardaşlarımızla birlikdə yaşadı. Şuşa göz bəbəyi kimi dəyər verdiyimiz yerdir. 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan olunması doğru qərardır.
Bizim Azərbaycanla tarixi köklərimiz eynidir. Qardaş ölkə ilə birlikdə bir çox zəfərimiz var və zamanla o qələbələri, zəfərləri anırıq. Həm Türkiyədə, həm də Azərbaycanda bu anlamda bənzər işlər görülməlidir. Bu zamana qədər 2 dəfə Şuşaya gəlməyi planlaşdırsam da, son anda alınmadı. Şuşanı görməyi çox istəyirəm və ilk fürsətdə gəlməyi düşünürəm. Hesab edirəm ki, Türkiyədən Şuşaya çox səfərlər təşkil olunacaq. Buranın 2023-cü ildə türk dünyasının paytaxtı elan olunması ideyası da bizləri çox sevindirdi. Bu qərar türk dünyasının mədəniyyəti və irsinin qorunması və təşviqinin, türk xalqları arasında həmrəylik, qarşılıqlı anlaşmanın daha da möhkəmləndirməsi baxımından tarixi bir əhəmiyyətə malikdir. Şuşa kimi tarixi zəfərlərimizi gələcək nəsillərə ötürməli, onları məlumatlandırmaq üçün ciddi işlər görməliyik”.
O bildirib ki, Şuşada Azərbaycan bayrağının dalğalanması heç də asan bir iş deyil:
“Şuşanın işğaldan azad olunmasında canlarından keçən qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik. Biz onlarla fəxr edirik və hər daim qardaşlarımızın yanındayıq. Bu zəfər türk dünyasının bərabər olmasının bir göstəricisidir. Bu bir həqiqtdir ki, türk əsla təslim olmaz, hər zaman zəfərinin, azadlığının arxasından qaçar. Son zəfər nöqtəmiz olan Şuşa bu baxımdan dəyərlidir.
Qarabağın, Şuşanın işğalı insanlığa, qardaşlarımıza edilən hörmətsizlik idi. Tarixin yox edilməsi, uydurma tarix yazmaq idi. Azərbaycan xalqının “Dəmir Yumruq” atında bir olması və işğal olunmuş torpaqlarını azad etməsi bu uydurma tarixi məhv etdi və düşmənə meydan oxudu. Şuşada əldə edilən zəfər haqlı bir davanın gözəl nəticəsi idi. Şuşa zəfəri tarixə ən gözəl meydan oxumasıdır, deyə düşünürəm”.
Xəyalə Rəis