Fransada yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Təranə Monbarbut (Allahverdiyeva) Moderator.az-a açıqlamasında 1992-ci ildə Şuşanı məcburi köçkün kimi tərk etdiyini və vətəninə geri dönmək üçün qürbət eldə həsrətlə gözlədiyini bildirib:
“2022-ci il, “Şuşa ili” arzularımızın ili olacaq. İnşallah 2022-ci ildə Azərbaycana, Şuşaya gəlməyi planlaşdırıram. Ən böyük arzum odur ki, Şuşa sakinləri bir araya gəlib, vətənimizə dönə bilək. 30 ildir ki, vətənimizin, torpağımızın həsrətini çəkirik. Artıq bitsin bu həsrət. Mən onsuz da qürbətdə yaşayıram və ürəyim Şuşa ilə döyünür. Artıq zamandır, ailəmlə birlikdə evimizə, Şuşaya dönmək istəyirəm. 30 il ədalətsizliklə üzləşmişik, torpağımızdan ayrı yaşamışıq. 30 illik həsrətimiz sona yetməli və bu illərin acısı vətənə dönməklə bərpa olunmalıdır.
Bu il də Şuşa və Şuşalıların ilidir, bizim ilimizdir. Ümid edirəm ki, bu ildə arzularımız ürəyimizdə qalmayacaq. Ən azından Şuşalılar, Şuşa sakinləri öz evlərinə dönə biləcəklər. Bu ən əsas məqamlardan biridir. Gözümüz yolda, qulağımız səsdədir.
Ailəmlə Şuşaya gedəcəyim və doğulduğum torpağı ailəmə təqdim edəcəyim günün xəyalı ilə yaşayıram. 30 ildir bur arzumun gerçəkləşməyini gözləmişəm.
2022-ci il həm Şuşa, həm də Qarabağlıların ildir. Uğurlu bir il olacağına əminəm”.
Xəyalə Rəis