Azərbaycan anoloqu olmayan məmləkətdir. Yeniliyi dəstəkləmək və təşviq etmək əvəzinə onu süngü ilə qarşılamaq, obrazlı desək işin üzünü-astarını bilmədən novator idarəetməyə "mız" qoymaq cəmiyyətimizin dəyişməz şakəridir. Pandemiyanın gətirdiyi psixoloji gərginlik azmış kimi son bahalaşmanın insanların əhval ruhiyyəsinə neqativ təsiri də cəmiyyətdə emosional ovqat yaradıb. Ona görə də insanlar sanki öz hirslərini soyutmaq üçün "günah keçisi" axtarırlar və bu zaman kimsə qurunun oduna yaşların da yandığının fərqində olmur...
Elə "Azəriqaz" İstehsalat Birliyi də bu günlərdə belə bir hay-küyçülüyün qurbanına çevrilmək təhlükəsi ilə üzləşib. Xatırlatmaq yerinə düşər ki, digər səhmdar cəmiyyətlərdən və kommunal sferada fəaliyyət göstərən nəhəng dövlət qurumlarından fərqli olaraq "Azəriqaz" cəmiyyətdə hədsiz dərəcədə açıq və şəffaf idarəetməsi ilə seçilir. Heç təsadüfi deyil ki, "Azəriqaz" sədri Ruslan Əliyev nəinki media təmsilçiləri və vətəndaş cəmiyyəti nümayəndələrinə, hər bir qaz istehlakçısına açıqdır və onun mobil telefonu, eyni zamanda sosial şəbəkə hesabı az qala 24 saat abonentləırin xidmətindədir. Bir sözlə, əlçatanlığına görə "Azəriqaz" rəhbərliyi hər kəsin birbaşa müraciət edə biləcəyi ünvana çevrilib. Gəlin görək "Azərişıq", "Azərsu", "AzəristilikTəchizat" və bunlar kimi qurumların rəhbərlərinə istehlakçıların birbaşa çıxışı varmı və onlar abonentlər üçün nə dərəcədə əlçatandır? Bu sualın cavabını oxucuların mühakiməsinə buraxırıq...
Yanvarın 7-də "Azəriqaz" rəhbərliyinin media təmsilçiləri və QHT nümayəndələri ilə növbəti görüşü zamanı bir media təmsilçisi "Azəriqaz" rəhbərliyini ittiham edib. Dərhal qurum rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb və problem yerindəcə araşdırılanda bəlli olub ki, "stəkanda fırtına yaratmaq" niyyəti ilə tədbirə gələn media təmsilçisinin iddiası və ittihamı yersizdir. Maraqlıldır ki, onun özü bunu açıq şəkildə etiraf edib...
Əlbəttə, kimsəyə sirr deyil ki, "Azəriqaz" da həllini gözləyən problemlərdən xali deyil və yeni ilin ilk həftəsində abonentlər qaz sayğaclarının qurum təmsilçiləri tərəfindən sıfırlanması prosesinin ləngiməsindən narazılıq edirlər. Təbii ki, abonentlərin çoxluğu problemin operativ həllini mümkünsüz edir. Amma inanmaq olar ki, əsas məqsəd istehlakçı məmnunluğunu təmin etmək olduğundan bu məsələ yanvarın ortalarınadək həllini tapacaq. Ona görə də gəlin cəmiyyət və vətəndaş olaraq mərdi qova qova namərd etmək mərəzindən qurtulaq və yenilikçi davranışları ilə seçilən insanları, qurumların fəaliyyətini qınamaq əvəzinə təşviq edək. Bundan hamı udar, istehlakçılar da, istehsalçılar da, təchizatçılar da...