“Rusiya hərbi qüvvələrini Qazaxıstana yeritdi. Çıxıb-çıxmayacağını soruşurlar. Onlar çıxsalar belə, bu, nəyi dəyişəcək? ABŞ dövlət katibi Blinken deyir ki, ruslar girdikləri yerdən çıxmırlar. Bəli, tamamilə doğrudur. Amma məsələyə təkcə hərbi tərəfdən baxmayaq. Rusiya ən dərin əlaqələrə malik olduğu Qazaxıstanda belə bir hadisə baş verməmişdən əvvəl də hərbi baza yarada bilərdi. Amma bunu etmədi. Köşəyə sıxışdırılan Qazaxıstan prezidentinin istəyi ilə qoşunlarını ora göndərdi”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi analitik Taha Dağlı deyib.
Rusiyanın bu çağırışdan sonra dərhal bura qoşun göndərməsində məqsədinin bölgədə hərbi varlığını təmin etmək olmadığını iddia edən Taha Dağlı əsas məqsədin Qazaxıstana verdiyi yardımla ölkədə sovet ab-havasını davam etməyə çalışmaq olduğunu bildirib:
“Bu, ilyarım əvvəl Belarus Prezidenti Lukaşenkonun başına gələnlərə bənzəyir. Putinə lazım olan Qazaxıstanda rus hərbi qüvvələrinin iştirakını etmək etmək yox, Qazaxıstanda getdikcə azalan sovet kodlarını yeniləməkdir. Putinin bu istəyi Nazarbayevlə baş tutmadı. Bu, Nazarbayevin 2 il əvvəl vəzifəsini təhvil verdiyi Tokayevlə baş tutdu.
Putin elə bir addım atdı ki, Tokayev Nazarbayevin özündən başqa bütün kadrlarını və komandasını hakimiyyətdən uzaqlaşdırmağa başladı. Yəni Qazaxıstanla Rusiyanın arası dəyməmişdi və ya Rusiyaya qarşı baş qaldırmamışdı. Amma Nazarbayev az-çox millətçi lider idi. Qazaxıstanda yaşayan rusların sayını yarıya qədər azaltmışdı. Qazaxıstan rus kimliyini kənara atmamışdı, amma türklük üst kimliyə çevrilmişdi”.
Dağlı Moskvanın Qazaxıstan üzərindən Avropa Birliyi, ABŞ və NATO-ya “hazırıq” mesajı ötürdüyünü, Ukrayna ilə bağlı fikir ayrılıqlarına da cavab verdiyini bildirib:
“Rusiyanın Qərblə mübarizəsində əsl meydan Ukrayna idi. İndi Rusiya ilə Avropa Birliyi, NATO və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlar başlayır. Ukrayna sərhədləri on minlərlə rus əsgəri ilə doludur. Rusiya bu danışıqlardan əvvəl Qərbə “istədiyim qarantiyanı verin, yoxsa ordu hazırdır” mesajı ilə Qazaxıstana ordu göndərdi. Belə kritik görüşlərdən əvvəl masa arxasında bundan başqa necə güclü əllə oturmaq olardı?
Rusiya Ukrayna meydanında Qərblə mübarizədə Qazaxıstandan qol vurdu. Qərb buna necə cavab verəcək? “Foreign Policy” nəşrinin “Rusiya niyə Qazaxıstana qoşun yeritdi?” başlıqlı məqaləsində bəzi ipucları var. İndiki böyük qazanclarına baxmayaraq, günün sonunda Putin üçün hər şeyin dəyişə biləcəyi barədə xəbərdarlıqlar yer alıb. Necə? Təbii ki, yenə küçə hadisələri ilə.
Qazaxıstandakı müxaliflətə diqqət çəkilir və yaxın coğrafiyadakı digər ölkələrdəki küçə hərəkatlarına işarə edilir. Rusiyanın hərbi müdaxiləsinin küçələrdə əks nəticə verəcəyi vurğulanır.
Rusiya son vaxtlar çox aqressivləşib, lakin istənilən təcavüz həddindən artıq eyforiya deməkdir. Təbii ki, bütün bu enerji itkisinin hesabı olacaq”.