Aparıcı Turan İbrahimov ötən günlərdə şagirdləri döyən müəllimləri müdafiə etmişdi. Bildirmişdi ki, müəllimin şagirdi cəzalandırmaq haqqı var: "Bizim vaxtımızda müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik, valideyinimiz də bütün hallarda müəllimin ayağını bizə vermirdi. Haqqına… Çox şükür, nə fiziki, nə də psixi travmamız var. Tam əksinə, yerimizi bilmişik, başqasının da yerini dar etməmişik".
Bəs görəsən bu gün gündəmi zəbt edən bağçada azyaşlı uşağa olunan təzyiqdən sonra Turan İbrahimov eyni düşüncədədirmi?
Mövzu ilə bağlı aparıcı Moderator.az-a danışdı. Bildirdi ki, bu iki yanaşma mahiyyət arasında ortaq nöqtə tapan insanlar varsa demək o insanların özlərinin qavrama problemi var:
“Mənim bundan öncə toxunduğum mövzunun mahiyyəti tamamilə başqa idi. Hazırkı yaşanan insident isə başqa bir şeydir. Azərbaycanda müəllimlik institutunun məhv edilməsi prosesi gedir. Burada birbaşa valideyinlər böyük rol oynayırlar. Bu valideyinlərin əksəriyyəti Tükiyədə yayımlanan seriallara, qadın verilişlərində çıxış edən bəzi dırnaqarası mütəxəssislərə baxırlar. Heç bir elmi təhsili olmayan bu “mütəxəssislər” yanlış mülahizələri reallıq kimi cəmiyyətə sırıyırlar. Bizimkilər də onlara baxıb, müəyyən qəanətə gəlirlər. Hazırda şiddət, zorakılıq məsələləri çox gündəmdədir. Amma heç kim onların mahiyyətinə varmır. Dediyim odur ki, orta məktəblərdə əgər hansısa şagird özünü düzgün apamırsa, müəllimlərin əsəbləri ilə oynayırsa, nəticədə müəyyən xoşagəlməz insident yaşanırsa, bunu xüsusi qabartmağa ehtiyac yoxdur. Şagird-müəllim, müəllim-valideyn münasibətləri elə formada tənzimlənməlidir ki, uşaqların ayağı yer almasın. Mən bundan danışmışam. Bu, tamam başqa mövzu idi. Uşaq baxçasında bir tərbiyəçinin müdafisəiz, məsum körpəyə qarşı münasibəti tamam başqa bir məsələdir. O uşaq baxçalarında təlimçilərlə orta məktəbdəki müəllimləri eyni kateqoriyaya daxil etmək olmaz. Fundamental ayrı hadisələrdir. Bu iki yanaşma mahiyyət arasında ortaq nöqtə tapan insanlar varsa demək o insanların özlərinin qavrama problemi var”.
Xəyalə Rəis