Meksikanın Cənubi Kaliforniya ştatının keçmiş qubernatoruna qarşı məhkəmə iddiasını udan Lurdes Maldonado adlı qadın jurnalist odlu silahla öldürülüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Sol de Tijuana” qəzeti məlumat yayıb.
Meksikanın “cəhənnəmi” kimi tanınan şəhərdə jurnalist öz evinin yaxınlığında, avtomobildə silahlı basqına məruz qalıb və başından vurularaq qətlə yetirilib.
Yerli media ötən həftə Lurdes Maldonaonun 9 illik məhkəmə çəkişməsindən sonra Aşağı Kaliforniya ştatının qubernatoru Hayme Bonilya Valdesə qarşı iddiasında qalib gəldiyinə diqqət çəkir. Bundan başqa, qadın jurnalist həmin qubernatorun dövründə ştatın baş prokuroru, hazırda isə keçmiş qubernatorun vəkili kimi fəaliyyət göstərən Gilyermo Ruis Ernandesə qarşı iddia qaldırıb. Luders Maldonado prokurorun vəzifədə olduğu zaman səlahiyyətlərindən sui-istifadə faktlarına diqqət cəlb edirdi.
Hələ 2019-cu ildə öldürülən media mənsubu ölkə prezidenti Andres Manuel Lopes Obradorun mətbuat konfransı zamanı ona şəxsən müraciət edərək qorunmasını istəmişdi. 2021-ci ildən bu yana Maldonado federal hökumətin mühafizəsi altında olub.
Lurdes Maldonado bu il sözügedən ştatda öldürülən ikinci jurnalistdir. Bundan öncə ştatdakı kriminal gündəmdən yazan Marqarito Martines öz evinin astanasında aldığı güllədən dünyasını dəyişib.