ABŞ Senatının hər iki partiyadan olan 8 üzvü Rusiyanı Ukraynaya olası müdaxilədən çəkindirmək üçün rəsmi Moskvaya qarşı sanksiyalaırn tətbiq olunması ilə bağlı müzakirələr aparır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə nüfuzlu “Politico” saytı məlumat yayıb.
“Dörd demokrat və dörd respublikaçı senator demokrat siyasətçi və Senatın beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Bob Menendezin təşəbbüsü ilə hazırlanan “bütün sanksiyaların anası” deyə adlandırılan qanun layihəsi üzərində danışıqlar aparırlar. Yeni sənəd Ruisya ordusunun Ukraynaya daxil olması halında ən sərt maliyyə tədbirlərinin görülməsini nəzərdə tutur”,-deyə xəbərdə bildirilir.
Həmin komitəyə Bob Menendezdən başqa senatorlar Cim Riş (resp.-Aydaho ştatı), Rob Portman (resp.-Ohayo ştatı), Cin Şahin (dem.-Nyu-Hempşir ştatı), Kris Mörfi (dem.-Konnektikut ştatı), Con Kornin (resp.-Texas ştatı), Lindsi Qrem (resp.-Cənubi Karolina ştatı) və Ben Kardin (dem.-Merilend ştatı) daxildirlər.
Saytın məlumatına görə, respublikaçılar həmin sanksiyaların müdaxilədən öncə gerçəkləşdirilməsini tələb edirlər. Bu plana Ağ Ev administrasiyası ilə koordinasiyalı şəkildə çalışan demokratlar mane olur.
Lakin respublikaçıların həmin məsələdə prinsipial mövqeyi Bob Menendezi mətni dəyişdirməyə məcbur edib. Bununla o, Konqresin yuxarı palatasında qanun layihəsinin keçməsi üçün müvafiq sayı əldə etməyə çalışır. Qeyd etmək lazımdır ki, sanksiyaların tətbiqi üçün demokratlardan əlavə ən az 10 respublikaçı senatorun dəstəyinə ehtiyac yaranıb.