Feysbuk sosial şəbəkəsində özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək bir neçə nəfəri aldatmaqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxs 1967-ci il təvəllüdlü Mirağa Miriyev bir neçə nəfəri sosial yardım, sosial ev almaq adı ilə aldadıb.
İttihamda göstərilir ki, M.Miriyev iki nəfərdən sosial yardım düzəldəcəyi adı ilə 1600-1700 manat, sosial ev almaq üçün isə 6 nəfərdən 550-40250 məbləğində pul alıb.
Məhkəmədə dindirilən M.Miriyev özünü təqsirli bilib. O deyib ki, zərərçəkmiş kimi tanınmış şəxslərdən pul alıb, amma heç birinin işini düzəltmək üçün rəsmi qurumlara müraciət etməyib. Aldığı pulları da şəxsi ehtiyaclarına xərcləyib. Amma onları inandırmaq üçün bütün rəsmi sənədləri alıb, onlara rəsmi şəxslərin adına müraciətlər yazdırıb.
Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Mirağa Miriyev bəzi şəxslərə özünü "Seyid" adı ilə təqdim edib.
İş üzrə ən çox zərər çəkən, 40 min 250 manat itirən, 44 günlük müharibə zamanı Gəncəyə raket atılması nəticəsində evi dağılan şəxsdir. O da Mirağanın sosial evlərin verilməsində vasitəçi olduğunu eşidərək ona pul verib. Amma həmin şəxs bir yox, 5 ev almaq istəyib. Həmçinin həyat yoldaşının pensiya məsələsini də həll etmək üçün Mirağaya 10 min manat pul verib.
Zərəçəkmişlərin ifadələrindən məlum olub ki, Mirağa əvvəlcə sosial ev üçün az məbləğdə pul alırmış. Daha sonra isə guya veriləcək evin otaqlarının sayını artırmaq üçün əlavə ödəniş tələb edirmiş və zərərçəkmiş kimi tanınan şəxslər də bunu maraqla qarşılayaraq ona “yox” demirmişlər.
Məhkəmə istintaqı zamanı məlum olub ki, Mirağa Miriyev 1994-cü ildə qəsdən adam öldürməyə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2008-ci ildə azadlığa çıxdıqdan sonra növbəti dəfə dələduzluğa görə məhkumluq həyatı yaşayıb. Bir neçə il də həbsdə yatdıqdan sonra azadlığa çıxan Miriyev bu dəfə qurbanlarını sosial şəbəkədən tapıb. Bu əməllərinə görə ailəsi də dağılıb.
Mirağa Miriyev sonuncu əməllərinə görə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.