Məşhur Məmmədov: “Azərbaycan sülhpərvər dövlətdir və bunu daim əməlləri ilə sübut edib, amma...”
“Dövlət başçısı Gəncə səfəri zamanı bir sıra müəssisələrin açılışında iştirak etdi, erməni faşizmi, Azərbaycanın sülh siyasəti, bugünə və gələcəyə yönəlik bir çox məsələlərlə bağlı maraqlı açıqlamalar verdi. Bu açıqlamalar hər şeydən öncə Qarabağdakı ermənilərə bir mesaj idi. Bu mesajın mahiyyəti ondan ibarət idi ki, Azərbaycan dövləti vətəndaşların sosial rifahının yaxşılaşması istiqamətində mütəmadi addımlar atır, mühüm layihələr həyata keçirir. Bu isə o deməkdir ki, bu imkandan Azərbaycan qanunlarına əməl edəcəkləri təqdirdə Azərbaycan vətəndaşı olaraq Qarabağdakı ermənilər də faydalana bilər”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, açıqlamalarında bir sıra məsələlərə toxunan dövlət başçısı, bununla Azərbaycanın sülhpərvər siyasətinə diqqət çəkib, eyni zamanda dövlətimizin hər cür təhdid və təhlükəyə adekvat cavab verəcəyini vurğulayıb:
“Təbii ki, dövlət başçımızın səsləndirdiyi fikirlər Ermənistana, xüsusilə də Ermənistandakı revanşist qüvvələrə, erməni faşizmini dirçəltmək istəyən dairələrə də bir mesaj idi. Çünki Prezident İlham Əliyev açıq şəkildə qeyd etdi ki, Ermənistanın Azərbaycan üçün bir daha real təhlükə mənbəyinə çevrilməsinə imkan verilməyəcək. Dövlət başçısı 44 günlük Vətən müharibəsində işğalçı ordunun darmadağın edilməsi, Azərbaycan ordusunun önündə diz çökməsi faktına da diqqət çəkdi.
Dövlət başçısının Gəncədə səsləndirdiyi fikirlər, ortaya qoyduğu arqumentlər bir daha göstərdi ki, Azərbaycan istər Ermənistan, istərsə də ona təhdid yarada biləcək hər hansı qüvvəyə qarşı mübarizə aparmaq, onları məğlub etmək, lazımınca cəzalandırmağa qadirdir. Bu fikirlər Azərbaycanın sülh tərəfdarı olduğunu, bununla yanaşı, ona yönəlik hər cür təhdid və təhlükəni dəf etməyə hazır olmasıınn isbatı idi. Düşünürəm ki, Ermənistan bütün bunlardan nəticə çıxarmalı, Azərbaycanın sülh cəhdlərini dəstəkləməlidir. Fərqli yol Ermənistan üçün daha böyük və acınacaqlı məğlubiyyət deməkdir”.
Seymur ƏLİYEV