Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində Gender Hub Azerbaijan tərəfindən gənc atalar və ata olmağa hazırlaşan şəxslər üçün “Atalar Məktəbi - Məsuliyyətli Atalığın Transformasiyası” layihəsi başa çatıb.
Layihənin hazırlıq müddətində 12 icma liderinə fasilitasiya prosesi üçün mühüm xarakter daşıyan gender-əsaslı mövzular və bu istiqamətdə mövcud vəziyyət haqqında ətraflı statistik məlumatlar ötürülüb.
Layihənin davam etdiyi iki ay ərzində ümumilikdə 120 şəxsin iştirakı ilə üç regionda (Bakı, Gəncə, Qazax) baş tutan seminarların əsas məqsədi gənc ataları və ata olmağa hazırlaşan şəxsləri uşağın inkişafı prosesində fəal iştiraka cəlb etmək və ailələrdə mövcud olan oturuşmuş davranış normalarının və gender-əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdən ibarət olub. Seminarlar ailə planlanmasının sağlam cəmiyyətin formalaşdırılmasında rolu, sağlam ailə modeli və dəyərləri, həyat yoldaşı ilə uşağa qayğı göstərilməsi və onun inkişafı üzrə məsuliyyətlərin bölgüsü, ataların arasında icmalaşmanın əhəmiyyəti kimi mövzuları əhatə edib.
Layihənin bağlanış mərasimi 30-31 yanvar tarixlərində Gəncə və Qazaxda, fevralın 3-də isə Bakıda baş tutub.
Layihənin tərəfdaşları sırasında yerli icra hakimiyyəti orqanları, “Sağlam Ailə” Tibb Mərkəzi və layihənin əhatə etdiyi hər üç regionda fəaliyyət göstərən uşaq bağçaları yer alıb.
Proqram haqqında:
Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.