Ötən ilin yayında AFR-in Reynland-Pfals və Şimali Reyn-Vestfaliya federal əyalətlərində baş vermiş daşqınlar nəticəsində nə az, nə azacıq – 100 milyon avro nağd pul islanıb.
AZƏRTAC xəbər verir ki, o vaxt təbii hadisə nəticəsində Bundesbankın anbarını su basıb. Bank əmanətçilərə narahat olmamağı məsləhət görüb və onların əsginaslarının bərpa olunacağını vəd edib. O vaxtdan həmin nağd pullar təqribən yarım il ərzində təmizlənib və məxsusi bu məqsədlə sifariş edilmiş dörd boksda qurudulub.
Əsginaslar qurudulan müddətdə onlara ətirli maddələr əlavə etmək lazım gəlib, çünki onlarda xoşagəlməz çürüntü və kif qoxusu vardı. Ümumilikdə təqribən 100 milyon avronu “həyata qaytarmaq” mümkün olub. Bu məbləğin 60 milyonu anbarlara qaytarılacaq, qalan 40 milyonu isə təzə çap edilmiş əsginaslarla əvəz edilmək üçün xəzinədarlığa veriləcək. Hazırda 1,2 milyondan çox metal pulun təmizlənməsi ilə bağlı iş aparılır. Bu iş təqribən iki aydan sonra başa çatmalıdır.