Çin Rusiyaya “iqtisadi xilasedici yastıq” atdığı üçün Ukraynaya müdaxləyə başlamaq olar. Çinin sayəsində Moskvanın ixracyönümlü iqtisadiyyatı Qərbin sanksiyalarına tab gətirə biləcək.
Moderator.az xəbər verir ki, bu sətirlər Amerikanın “The Hill” nəşrindəki məqalədəndir. Qəzetin yazdığına görə, bu səbəbdən Vaşinqtonun müdaxilə ilə bağlı bütün xəbərdarlıqları artıq gecikib və indi Moskva ilə Pekin iki cəbhədən hərəkət edərək, yəqin ki, ABŞ-ın tarazlığını pozacaqlar.
“Ukraynaya müdaxiləni başlamaq olar. Görünür, Çin Vladimir Putini ABŞ və beynəlxalq ictimaiyyətlə mübarizə aparmaq üçün lazım olan yeganə alətlə təmin edib. Deyəsən, rusiyalı avtokrat Pekinin ona iqtisadi “xilasedici yastıq” atmasına nail olub”, - deyə “The Hill” yazır.
ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında bildirib: “Çoxları unudurlar ki, Rusiyanın öz qazını və neftini satmaq imkanına ehtiyacı var. Rusiya büdcəsinin əhəmiyyətli hissəsi buna arxalanır. Bu, həqiqətən də onların ixrac edə biləcəkləri yeganə şeydir. Əgər onlar bundan məhrum olsalar, çox əziyyət çəkəcəklər”.
Bayden burada Rusiya qazını Almaniya üzərindən Avropaya çatdıracaq “Şimal axını-2” boru kəmərini nəzərdə tuturdu. Lakin əgər Rusiya Ukraynaya müdaxilə edərsə, o zaman Vaşinqton kəmərin işə düşməməsi üçün bütün səylərini səfərbər edəcək.
Bununla belə, rusiyalı avtokrat Amerika liderindən bir addım öndədir. Fevralın 4-də Pekin Olimpiadasının açılış mərasimində Putin Çinlə 117,5 milyard dollar dəyərində yeni neft və qaz müqavilələrinin bağlandığını elan etdi. Baxmayaraq ki, bu sazişlər Rusiyaya indiki böhranda kömək etməyəcək, çünki yeni boru kəməri ilə qaz Çinə ən azı iki ildən sonra getməyə başlayacaq, Pekin hazırkı mövcud müqavilələr çərçivəsində Rusiya xammalının alışını artıra bilər.
Pekinin ABŞ və digər ölkələrə verdiyi mesajın mənası çox aydındır. "Rusiya və Çin hökumətləri dünyaya açıq şəkildə bildirdilər ki, onların Birləşmiş Ştatlarla qarşıdurması həm də bir-birinin ehtiyaclarını ödəmək üçün strategiyaya sahib olmaq deməkdir. Çin İranla iqtisadi əməkdaşlığı vasitəsilə artıq Qərbin sanksiyalarının qurbanı olmuş ölkələrlə işləməyə hazır olduğunu nümayiş etdirib”, - deyə "Çin necə qalib gəlmək istəyir" kitabının müəllifi Conatan Uord bildirib.
Pekinin bu cür taktikaları göstərir ki, o, özünün “şıltaqlıq” eləməsi üçün Şərqi Avropadakı münaqişədən necə istifadə etməyi düşünür. Uordun sözlərinə görə, “Rusiya-Çin münasibətləri geniş spektrdə - hərbi, enerji, infrastruktur və hətta ideoloji avtoritar sahələrdə inkişaf edir və Qərb Pekinin Kremldəki tərəfdaşlarına “xilasedici yastıq” atmaq istəyini gözləməlidir ki, Amerikanın diqqətini Şərqi Avropaya yönləndirməklə onu Asiyanı tarazlıqdan çıxarmaq fikrindən daşındıra bilsin”.
Neft-qaz sektorunda yeni Rusiya-Çin razılaşmaları ilə bağlı xəbərlər fonunda Vaşinqtonun xəbərdarlıqları boş və ya ən azı gecikmiş görünür. “Bizim xarici şirkətlərin, o cümlədən Çinin ABŞ-ın ixraca nəzarət tədbirlərinidən yan keçmək üçün əllərindən gələni etdiklərini görsək, istifadə edə biləcəyimiz bir çox alətimiz var və “bizim” deyəndə mən ABŞ-ı, müttəfiqlərimizi və tərəfdaşlarımızı nəzərdə tuturam”, - deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.
Danışıqlardan sonra Moskva və Pekin birgə bəyanat yayıblar ki, “dövlətlərarası münasibətlərin yeni növü soyuq müharibənin hərbi-siyasi ittifaqlarından üstündür. İki dövlət arasında dostluğun sərhədi, əməkdaşlıqda isə qadağan olunmuş zonalar yoxdur”.
Dövlət Departamentinin buna cavabı gecikmədi. "Sanksiyalar və ixrac nəzarəti baxımından əlimizdə olan maliyyə alətlərini nəzərə alsaq, heç bir tərəfdaşlıq artıq dediyimiz böyük iqtisadi itkiləri geri qaytara bilməz", - deyə Ned Prays bildirib.
“Bəli, Birləşmiş Ştatlar Rusiyanı iqtisadi cəhətdən şikəst edə bilər, ancaq o şərtlə ki, Çinlə manevrin qarşısını alsınlar”, - deyə “The Hill” vurğulayır. Eyni zamanda, Tramp dövrü istisna olmaqla, amerikalı siyasətçilər səmimi şəkildə inanırdılar ki, Çinlə əlaqə Pekinin beynəlxalq sistemdə “məsuliyyətli iştirakçıya” çevrilməsinə gətirib çıxaracaq.
Nəticədə məlum olur ki, Vaşinqton, bir qayda olaraq, Pekinin hərəkətlərinə son dərəcə laqeydlik göstərərək Çinin müxtəlif sanksiyaları kobud şəkildə pozmasına göz yumur və ABŞ və BMT-nin, məsələn, İrana və ya KXDR-ə qarşı tətbiq etdiyi sanksiyaları daim açıq şəkildə pozmasından Çin praktiki olaraq heç bir zərər görmür.
Pekin bilir ki, amerikalılar Uordun dediyi kimi, “dövləti öldürən sanksiyalar” tətbiq edə bilər, lakin görünür, orada Bayden administrasiyasının bunu etməyəcəyinə əmindirlər.
“Beləliklə, Çin cavab manevrlərinə hazır görünərək Rusiyanın təcavüz odunun üzərinə yağ tökməkdən qorxmur. Nəticə etibarı ilə Amerika indi Avrasiya qitəsinin hər iki ucunda bir komanda olduqlarına inanan və Birləşmiş Ştatların əlinin onlara çatmayacağından əmin olan iki böyük və cəsarətli dövlətlə qarşıdurmalara hazır olmalıdır", - deyə “The Hill” yekunlaşdırır.
Miraslan