Moderator.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində Vüsal Şilderin işi üzrə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən biri olan sabiq polis mayoru İlham Məmmədov öz davranışı ilə məhkəməyə meydan oxuyub. Replikaları ilə məhkəmə prosesini mütəmadi şəkildə pozan və məhkəməyə qarşı açıq hörmətsizlik nümayiş etdirən İ.Məmmədovun öhdəsindən məhkəmə sədri belə gələ bilməyib. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan sabiq polis əməkdaşı hakimiyyət qarşısındakı xidmətlərinə toxunaraq, məhkəmə qarşısında dayanmağı özünə qarşı haqsızlıq hesab etdiyini bildirib. Çıxış əsnasında müxalifətçilərə qarşı illər uzunu zor tətbiq etdiyini etiraf edən İ.Məmmədov bunu mövcud rejim qarşısındakı ən böyük xidmət kimi dəyərləndirib:
“Mən 2003-cü ildən dəyənək dediyiniz xüsusi vasitə ilə mitinqlərdə, piketlərdə müxalifətə divan tutmuşam, radikal müxalifətin anasın ağlatmışam. İndi isə məhkəmə qarşısındayam. Bu günə qədər bunca xidmətlərim olduğum halda məni necə, hansı haqla həbs etmək istəyirlər?”
İ.Məmmədovun məhkəmə sədrinin xahiş və xəbərdarlıqlarına baxmayaraq istədiyi zaman çıxış edib istədiyi şəxsin sözünü kəsməsi vəkil Aslan İsmayılovun etirazına səbəb olub. A.İsmayılov öz etirazını məhkəmə sədrinə ironik formada çatdırıb:
“Cənab sədr, mən zalda baş verənlərə baxır və hələ də anlaya bilmirəm ki, bu məhkəmə prosesinə kim sədrlik edir ”“ siz, yoxsa İ.Məmmədov?”