Bu müqəddəs yurdu bir daha görmək bizlərə də qismət oldu. Cıdır düzündə, qəhrəman əsgərlərimizin sıldırım qayaları dırmaşaraq düşməni məhv etdiyi və Şuşanı necə qurtardığını idrak etdikcə millətimizin böyüklüyünü hiss edirəm.
Şuşaya Ağdamdan gəlmişdik. Ağdamın barbarcasına dağıntılarından duyulan ağırlıq və sarsıntı içindən Şuşanın gecə mənzərəsinə düşərkən dəyişik duyğular göz yummağa imkan vermədi... Doğrudanmı Şuşadayam... Mən Şuşaya ən son 2001-ci ildə bir beynəlxalq "missiya" üçün gəlmişdim. Dönəndə yazmışdım ki, Şuşanı soyuq, miskin, dumanlı, yağışlı və yazıq,tənha gördüm.. demişdim ki, Şuşa yalnız bizim isti nəfəsimizlə özünə gələ bilər. İndi gecənin soyuqluğunda da gündüzün parlaq günəşi altında da o isti nəfəs üzümüzə vururdu .
O zaman 2001 də Şuşa işğal altında idi, indi azaddır və düşünürəm ki, bizləri bütün torpaqlarımızdan ayrı düşməyin əzabından yalnız o xilas edə bilər. Edir də... Şuşa bir başlanğıcdır məncə... Şuşanın tarixi yerlərini, məhəllə və küçələrini dolaşarkən o hissləri keçirdim ki, biz Şuşaya belə müqəddəs sevgi ilə bağlanmağımız bizim xilasımızın da başlanğıcı olacaq. Burada bir daha inandım ki, Şuşanın "ayağının altındakı" xanımızın kəndi də bir gün xilas ediləcək. Yaxında.
Bizim üçün süni yaradılmış bütün problemlərə məhz Şuşa son qoyacaq. Burada imzalanan tarixi Şuşa bəyannaməsi bu torpaqların hamısının, elə İrəvanın da əbədi və dönməz türk yurdu anlayışını reallığa çevirəcək...
Qafar Çaxmaqlı Ermənişünas alim