Polşa əhalisi Rusiyanın qonşu Ukraynaya hücumlarından narahat olaraq ehtiyatı təmin etmək üçün yanacaqdoldurma məntəqələrinə axışıb.
Rəsmi qurumların yanacağın tədarükündə problem olmadığı barədə açıqlamalarına baxmayaraq, vətəndaşlar ehtiyat yanacaq yığmağa başlayıblar.
Dövlət neft şirkəti PKN Orlen isə yanacaqdoldurma məntəqələrindəki sıxlıq səbəbindən yanacaq satışına məhdudiyyət qoyulduğunu açıqlayıb.
Şirkətdən verilən açıqlamada avtomobillər üçün bir dəfəyə 50 litr, yük maşınları üçün isə 500 litr yanacaq doldurma limitinin tətbiq edildiyi bildirilib.
Son günlər baş verən proseslər nəticəsində ölkədə yanacağa olan tələbatın normadan iki dəfə artdığı qeyd edilən açıqlamada ictimai nəqliyyatda hər hansı məhdudiyyətin olmadığı deyilib.
Açıqlamada o da bildirilib ki, yanacaqdoldurma məntəqələrindəki durum normallaşdıqda məhdudiyyət aradan qaldırılacaq.
Gecə yarısından etibarən Belçikada yanacağın qiymətlərində artım olacağı xəbərindən sonra vətəndaşlar yanacaqdoldurma məntəqələrinə axışıb. Gecə saatlarında ölkə üzrə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.
Dünyada artan enerji qiymətləri və Rusiya-Ukrayna müharibəsindən sonra neftin bahalaşmasından Belçika da öz payını götürüb. Ölkədə rəsmi qiymət artımı elan edildikdən sonra insanlar çənlərini doldurmaq üçün yanacaqdoldurma məntəqələrinə axışıblar. Artan qiymətlər qüvvəyə minmədən yanacaq almağa çalışan vətəndaşlar yanacaqdoldurma məntəqələrində uzun növbələr yaradıblar. /Teleqraf.com/