Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı ölkəmizin xarici siyasət prioritetləri haqqında geniş şərhlər vermişdir. Azərbaycanın Rusiya ilə münasibətlərindən danışan Dövlət Başçımız bildirmişdir ki, dövlətlərarası münasibətlərin qurulmasından keçən 30 il ərzində iki ölkə ölkə arasında 200-dən artıq sənəd imzalanıb və və bu münasibətlər müttəfiqlik səviyyəsinə çatıb. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur.
Bu sözləri saytıımıza cənab Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informaisya vasiitələrinin rəhbərləri ilə görüşünü şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Millət vəkili bildirib ki, imzalanmış Bəyannamə, şimal qonşumuz ilə münasibətlərin müttəfiqlik fəaliyyəti səviyyəsinə qaldırılması hər iki tərəfin səylərini tələb edən uzun illər boyu aparılmış çox ciddi işin, böyük zəhmətin nəticəsidir. Ölkəmizin Rusiya ilə qurduğu münasibətlər rəsmi Moskvanın digər ölkələrlə qurduğu münasibətlərdən keyfiyyət meyarına görə fərqlənir. Məsələn, Rusiyanın Ermənistan ilə müttəfiqlik münasibətləri rəsmi İrəvanın Türkiyə və Azərbaycanı özünə düşmən sayması və bizim ərazilərimizə iddialar irəli sürməsi səbəbindən təhlükəsizlik zəmanətinə ehtiyac duymasından, rəsmi Moskvanın isə NATO ölkəsi olan Türkiyənin Cənubi Qafqazda nüfuzunun azaldılması prioritetindən qaynaqlanır. Müşahidə etdiyimiz kimi Ermənistan və Rusiya arasında uzun müddət davam edən müttəfiqlik əməkdaşlığa və qarşılıqlı faydaya yox, Türkiyənin çəkindirilməsinə əsaslanmışdır. Lakin bir çox faktorlar olduğu kimi Azərbaycanın II Qarabağ müharibəsində qələbəsindən sonra bu məsələ də transformasiyaya uğramışdır.
Tamam Cəfərova vurğulayıb ki, bunun əksi olaraq Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti real və ya potensial rəqibin çəkindirilməsi və ya dəf edilməsi üzərində deyil, üst-üstə düşən maraqlar əsasında qurulan əməkdaşlığa söykənir. Amma burda “üst-üstə düşən maraqlar” ifadəsini izah etməyə ehtiyac var. Bu o demək deyil ki, tərəflərin bütün mövcud məsələlər üzrə maraqlarıı üst-üstə düşür. Ölkəmizin başçısı aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə dövlətlərimizin əməkdaşlıq istiqamətləri içərisində ticari-iqtisadi, nəqliyyat, humanitar və s. bu kimi səkkiz yol xəritəsini diqqətə çatdırmışdır. Bununla belə, Azərbaycan dünyada baş verən bəzi məsələlər üzrə Rusiyadan fərqli mövqe nümayiş etdirməyi, balanslaşdırma siyasətinə və qoşulmama hərəkatının üzv öhdəliklərinə sadiq qalaraq digər qüvvələrlə öz münasibətlərini inkişaf etdirmək müstəqlliyini əlindən vermir. Azərbaycan Rusiya ilə yalnız bizim milli maraqlara zidd olmayan və Rusiyanın milli maraqları ilə üst-üstə düşən məsələlər üzrə müttəfiqlik fəaliyyətini inkişaf etdirməyi hədəfləyir.
Qısaca desək, Ermənistan və Rusiya arasında ittifaq neqativ təhlükəsizliyə (kimdən, kimə qarşı təhlükəsizlik), Azərbaycanla isə pozitiv təhlükəsizlik (hansı məqsəd naminə təhlükəsizlik) yanaşmasına söykənir. Azərbaycanın apardığı dövlət siyasətini və ölkəmizin regionda tutduğu mövqeyi lazımınca dəyərləndirmək lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi Rusiya ilə Ermənistanın ittifaq əlaqələri Türkiyənin regiona təsirini məhdudlaşdırmaq marağı üzərində qurulsa da, Azərbaycanın apardığı məqsədyönlü siyasət Türkiyənin Cənubi Qafqazda mövqeyinin güclənməsinə səbəb olmuşdur. Azərbaycanın bütün danışıqlar və əməkdaşlıqda tutduğu prinsipial və ardıcıl mövqe Türkiyənin regiondan sıxışdırılmasına nəinki imkan vermədi, əksinə Rusiya tərəfindən Türkiyəni regionda müəyyən mənada stabilləşdirici faktor kimi nəzərdən keçirilməsinə şərait yaratdı. Sözsüz ki, Rusiya və Türkiyə arasında mövcud ziddiyyətlərlə yanaşı müəyyən qarşılıqlı etibarın yaranmasında bütün xidmətləri öz hesabımıza yaza bilmərik. Burda Türkiyə və Rusiya arasında Azərbaycanın əli çatmayan regionlarda və sferalarda qarşılıqlı əməkdaşlıq çox vacib önəm kəsb edirdi. Lakin Azərbaycanın da stabilləşdirici faktor rolunu kiçiltmək düzgün deyil. Başqa heç bir ölkə bununla öyünə bilməz. Azərbaycan prezidentinə görə ölkəmiz iki böyük ölkə, iki qonşusu: həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətlərinə malikdir və əməkdaşlığın üçtərəfli formatı de-fakto səviyyəsində artıq bərqərar olub.
Ölkəmizin başçısının görüş çərçivəsində Azərbaycanın çoxvektorlu siyasətinin vacib məqamlarına toxunduğunu qeyd edən Tamam Cəfərova bildirdi ki, Azərbaycan prezidenti Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin başlandığını, bir neçə il ərzində dialoq üzrə tərəfdaş olduğunu, bir il bundan qabaq isə statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün rəsmi müraciət etdiyini iştirakçılara çatdırdı. Şanxay Əməkdaşlıq Təşkilatı Rusiya, Çin, Hindistan və Pakistan kimi nüvə dövlətlərini, Qazaxıstan və İran kimi nəhəng iqtisadiyyata malik dövlətləri və digər Mərkəzi Asiya ölkələrini birləşdirən bir təşkilatdır. Azərbaycan bu təşkilata daxil bəzi ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinə, digər ölkələrlə isə yüksək iqtisadi əməkdaşlıq əlaqələrinə malikdir. Məsələn, Azərbaycanın Hindistan ilə 2020-ci ildə ticarət dövriyyəsi təxminən 6 milyard dollara bərabər olmuşdur.
Görüş çərçivəsində dövlətimizin başçısı bir daha Azərbaycanın multikulturalizm siyasətinə sadiq qaldığını, rus məktəblərinin və rus dilinin inkişafına hər cür dəstək verdiyini və monoetnik Ermənistandan fərqli olaraq daima tolerant siyasət apardığını vurğulamışdır. Bu siyasətin Bakının mərkəzində yerləşən erməni kilsəsi və onun içində saxlanılan erməni dilində olan 5000 kitabın timsalında maddi sübutu və Bakıya səfəri zamanı bu erməni kilsəsinə baş çəkən erməni katolikosu II Qareqinin timsalında şahidı vardır. Millət vəkili Tamam Cəfərova belə deyib.