Ukraynanın paytaxtı Kiyevdə gün ərzində sakitlik hökm sürüb. Yerli vaxtla səhər saat 9 radələrində və 13.10-da həyəcan siqnalı verilib, əhalinin sığınacaqlara enməsi barədə çağırış edilib.
Bu barədə Musavat.com-a Ukrayna paytaxtında yaşayan həmyerlimiz Yalçın Qəhrəmanoğlu bildirib. Yalçın bəyin dediyinə görə, ötən gündən fərqli olaraq, bu gün 24 saatlıq komendant saatı tətbiq olunmur. Belə ki, saat 20.00-dan səhər saat 08.00-dək komendant saatı tətbiq ediləcək və küçəyə çıxmaq qadağan ediləcək. Gün ərzində, hətta Belorusda danışıqların davam etdiyi saatlarda Xarkovun atəşə tutulması barədə xəbərlər həyəcanla izlənilib.
Diaspora fəalı olan həmyerlimiz Musavat.com-un əməkdaşına olduqca ilginc kadrları da yollayıb. Söhbət həyəcan siqnalı elan olunandan sonra sığınacağa enən ailənin ruh yüksəkliyini ifadə edən kadrlardan gedir. Kadrlardan görünür ki, həmvətənimizin azyaşlı övladı Qəhrəman yaşadığı binanın zirzəmisində oturub, özü isə həyat yoldaşı ilə rəqs edir və Yalçın bəy “raketlər uçur, amma biz təslim olmuruq, Ukraynaya eşq olsun” deyir. Həyat yoldaşı isə “Qəhrəmanlara eşq olsun”, səyləyir.