44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərli ilə Azərbaycan ordusunun əldə etdiyi tarixi qələbə bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Bunlardan ən əsası heş şübhəsiz, işğaldakı torpaqlarımızın azad eidlməsi, dövlətimizin ərazi bütövlüyünü təmin edilməsi ilə bağlıdır. Lakin şanlı 8 Noyabr zəfərinin daha bir önəmi bu qələbənin həm də 30 il ərzində ermənilərin işğalda saxladıqları Azərbaycan torpaqlrında törətdikləri vəhşilikləri gün üzünə çxıartması ilə bağlıdır.
Şübhəsiz, hələ müharibədən öncə Ermənistanın işğalda saxladığı torpaqlarda böyük vəhşiliklər törətdiyi Azərbaycana məlum idi. İşğaldakı torpaqlarımızdakı meşələrin vəhşicəsinə qırılması, təbii sərvətlərimizin amansızcasına istismar edilməsi, bu ərazilərdə zərərli tullantıların basıdırlması, məscid və binaların sdağıdılması və s. kimi məsələlər rəsmi Bakı tərəfindən diqqətlə izlənilir, bununla bağlı müvafiq beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılırdı. Lakin 8 Noyabr zəfəri bu ərazilərin tamamilə azad edilməsinə səbəb oldu ki, nəticədə Azərbaycan tərəfi həmin ərazilərdə törədilən erməni vəhşilikləri ilə bağlı geniş və hərtərəfli monitorinqlər aparmaq imkanı əldə etdi.
İşğaldan azad edilən ərazilərdəki erməni vəhşiliklərini video və fotolar vasitəsi ilə bütün dünyaya yayan Azərbaycan, beynəlxalq ictimaiyyəti bununla bağlı ətraflı şəkildə məlumatlandırmaq üçün daha bir neçə vasitəyə əl atdı. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin, o cümlədən əcnəbi tələbələrin, jurnalistlərin işağldan azad edilən ərazilərə səfələrinin təşkil edilməsi dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri haqqında məlumatlanmasında mühüm rol oynadı. Bununla bağlı xarici KİV-lərdə dərc olunan çoxsaylı məqalə və reportajlar Ermənistanın dağıdıcı, vəhşi simasının daha dolğun şəkildə ifşa olunmasına səbəb oldu. Başqa sözlə desək, Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı tarixi qələbə 30 illik erməni cinayətlərini bütün çılpaqlığı ilə gün üzünə çıxartdı.
Yeni hücum və manevr imkanları...
44 günlük Vətən müharibəsində əldə edilən qələbə Azərbaycana yeni hücum və manevr imkanları qazandırdı. Bu ərazilərdə faktaraşdırıcı missiyalara start verən rəsmi Bakı, beynəlxalq ekspertlərin də iştirakı ilə erməni vəhşiliklərini, habelə bu vəhşiliklər nəticəsində Azərbaycana dəyən zərərin tədqiqinə start verdi. Bütün beynəlxalq təşkilatlara bu missiyada iştirak etmək üçün təklif və müraciətlər ünvanlandı ki, bu da prosesin şəffaflığını, qərəzsizliyini və kütləviliyini təmin etmək baxımından olduqca mühüm addım idi. Prezident İlham Əliyev beynəlxalq təşkilatları Qarabağa səfərlər etməyə, ermənlərin törətdiyi vəhşilikləri yerindəcə şahid olmağa səslədi və bu gün də səsləməkdədir.
Təsadüfi deyil ki, bu gün Ermənistanın vaxtiylə işğalda saxladığı ərazilərdə törətdiyi vəhşiliklərə görə Azərbaycana təzminat ödəməsi məsələsi gündəmdədir ki, bunun yaxın gələcəkdə reallığa çevrilmə ehtimalı böyükdür. Çünki Azərbaycanın əlində erməni cinayətlərini ifşa edən milyonlarla inkaredilməz fakt, eləcə də foto-video materiallar mövcuddur ki, bütün bunların beynəlxalq birlik, o cümlədən beynəlxalq hüquq təşkilatları tərəfindən görməzdən gəlinməsi, gözardı edilməsi mümkün deyil.
“Erməni cinayətlərinin tanınması üçün bütün lazımi sübutlar var”
Millət vəkili Nəsib Məhəməliyev də hesab edir ki, Ermənistanın beynəlxalq hüquq sistemində məsuliyyətə cəlb edilməsi üçün bütün sübutlar mövcuddur. Sadəcə, bunun reallaşması üçün beynəlxalq təşkilatların qətiyyətli və ədalətli mövqe sərgiləməsinə ehtiyac var:
“Ermənilərin 1918-ci ilin mart-aprel aylarında və 1992-ci ilin fevralında Xocalıda törətdikləri kütləvi qətliamlar əsil soyqırım kimi qəbul olunmalıdır. Hüquqi baxımdan bu cinayətlərin beynəlxalq səviyyədə tanınması üçün kifayət qədər maddi sübutlar, tarixi faktlar mövcuddur. Əsrin əvvəlində törədilmiş mart qırğınlarının araşdırılması üçün Azərbaycan Demokratik Respublikasının hakimiyyəti zamanında xüsusi komissiya yaradılsa da, 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində komissiya işini başa çatdırmamışdır. Sovet dövründə, birgə yaşayışla bağlı xalqlar dostluğuna hesablanmış ideologiya, dövlət siyasətinin əsas xəttini təşkil edirdi. Azərbaycanlılar, ermənilərdən fərqli olaraq keçmişdə baş vermiş cinayətləri qısa zaman kəsiyində unutdular və nəticədə əsrin sonlarında dəhşətli cinayətlər təkrar olundu.
Müstəqillik əldə etdikdən sonra xalqımıza qarşı törədilmiş kütləvi qətliamların, ələlxüsus Xocalı qırgınının beynəlxalq müstəvidə tanıdılması üçün xeyli iş görülmüşdür. 10 ölkənin parlamenti, Amerika Birləşmiş Ştatlarının 21 ştatı Xocalı qətliamını soyqırımı kimi qəbul etmişdir və proses davam edir. Digər aparıcı dövlətlərin, beynəlxalq təşkilatların soyqırım kimi tanımamasının kökündə ikili standartlar, sivilizasiyalararası mübarizə, 100 ildən bəri dünyanın bir çox ölkələrində kök salmış erməni diasporu və onlara havadarlıq edən lobbi təşkilatları durur.
44 günlük Vətən Müharibəsində ermənilərin cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərin gecəyarısı qadağan olunmuş raketlərlə bombalanması nəticəsində 100-ə yaxın mülki şəxs, o cümlədən uşaqlar həlak oldu. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin öz gözləri ilə cinayətlərin şahidi oldular. Bu baxımdan Ermənistanın beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb edilməsi üçün bütün gərəkli faktlar, sübutlar mövcuddur.
Düşünürəm ki, təbliğatımızı daim aparmalıyıq. Ermənilərin törətdikləri kütləvi qırğınlar daha geniş arealda beynəlxalq birliyə çatdırılmalı, ildən-ilə digər ölkələrin tanıması üçün səylərimizi artırmalıyıq. Hadisələrin şahidlərinin qələmə aldıqlarından, cinayəti törədənlərin etiraflarından istifadə etməklə, erməni vəhşiliyini, onların əsil simasını dünyaya çatdırmalıyıq. Ən azından ona görə ki, faşizm bəşəriyyət üçün olduqca təhlükəlidir”.
Erməni faşisminin beynəlxalq hüquq sistemi tərəfindən cəzalandırılmasını zəruri edən daha bir gerçək...
Şübhəsiz, Ermənistanın 30 il ərzində, o cümlədən Vətən müharibəsi dövründə törətdiyi cinayətlərə görə cəzalandırılması hər şeydən öncə beynəlxalq hüququn özünün gərəyidir və bu haqqın, ədalətin öz yerini alması baxımından vacibdir. Lakin bunu zəruri edən daha bir amil var ki, bu da belə cəzaların analoji cinayətlər baxımından çəkindirici təsir göstərməsi, oxşar hallar üçün nümunə təşkil etməsi ilə bağlıdır. Başqa sözlə desək, əgər Ermənistan Qarabağ və ətraf rayonlarda Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verərsə, o zaman bu, gələcəkdə öz ambisiyalarını zorakı yolla gerçəkləşdirməyə çalışan digər qüvvələr üçün də dərs olar. Hər kəs başa düşər ki, beynəlxalq hüququn tələblərini kifayət qədər praqmatik və işləkdir və cinayət edən heç kim cəzadan yaxa qurtara bilməyəcək.
Odur ki, Ermənistanın xalqımıza qarşı törətdiyi vəhşiliklərə görə cəzalandırılması hər şeydən öncə beynəlxalq birliyin, dünya xalqlarının maraq və mənafeyinə cavab verir. Bu baxımdan, Ermənistanın etdiyi cinayətlər görə cəzalandırılması mütləqdir və bu, beynəlxalq hüquq sisteminin özünə böyük hörmət və inam hissi formalaşdırar.
Seymur ƏLİYEV
Moderator.az
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.5. istiqaməti üzrə (Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması) hazırlanmşdır.