Son günlər Rusiya mətbuatında Ukraynanın yaxın gələcəkdə bir neçə xırda respublikaya parçalanacağı, ölkə siyasi xəritəsində əsaslı dəyişikliklərin olacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Bəzu rus ekspertləri iddia edir ki, Ukraynanın şərqindəki münaqişə bu bölgədə daha bir neçə xırda dövlətin meydana çıxması ilə nəticələnəcək ki, bu da regionda yeni münasibətlər sistemi formalaşdıracaq.
Rusiya mediasında səslənən
bu fikirlər digər ölkərlədə də böyük maraqla qarşılanmaqdadır. Baş verənləri şərh
edən siyasilərin fikrincə, Rusiyanın Ukraynadakı seperatılara verdiyi dəstək
fonunda proseslərin bu məcrada inkişafı tamamilə mümkündür. Belə ki, Rusiyanın
Şərqi Ukrayna ərazisindəki qurama dövlətlərə yardımını bir qədər də artıracağı
və onların tanınmasına siyasi baxımdan dəstək olacağı təqdirdə bu dövlətlərin təşəkkül
tapması mümkün görünür. Fəqət bu iddianın ictimai rəyi yoxlamağa xidmət edən və
reallıqdan uzaq olan fikri kimi dəyərləndirən ekspertlər də yox deyil. Onların
fikrincə, Rusiya bununla həm ictimai düşüncəni öyrənmək, həm də Ukrayna hökumətini
qorxutmağa çalışır.
Bununla bağlı
Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən politoloq Qabil
Hüseynli məlum iddianın ictimai rəyi öyrənmək məqsədi daşıdığını qeyd etdi:
“Bu fikirlər əslində
Kremlin ideoloqlarına məxsusdur və bunu ortaya atanlar da Moskvanın
tapşırıqlarını icra edirlər. Buna “şar buraxmaq” deyirlər. Yəni ictimai fikri
öyrənmək üçün ortaya hansısa fikirləri atır və bununla da ictimai rəyi öyrənirlər.
Əslində bu fikirlər Kremlin planlarını göstərir, onun niyyətlərini faş edir. Unutmaq
olmaz ki, Ukraynanın arxasında bütün Qərb dayanıb. Ukrayna ordusu kifayət qədər
güclənib və bu proses fasiləsiz şəkildə davam etdirilir. ABŞ Ukraynaya
yeni-yeni silahlar verir. Əgər Ukraynanı bir neçə ölkəyə parçalamaq siyasəti
yeridilərsə, bu, Rusiyanın özünün məhvinə səbəb ola bilər. Bu, şübhəsizdir.
Onsuz da Rusiya ilə bağlı bu proses davam edir”.
Ekspertin bildirdiyinə
görə, Qərbin Ukraynanın parçalanması siyasətinə biganə qalmayacağı şübhəsizdir.
Çünki Ukraynanın parçalanması Qərb üçün ciddi təhlükə deməkdir ki, bu təhlükə Qərb
ölkələri tərəfindən gözardı edilə bilməz:
“Ukraynanın parçalanması
Avropanın parçalanması deməkdir. Avropaya qarşı yeni hərbi obyektlərin əmələ gəlməsi
deməkdir. Pribaltika ölkələri, Polşa Ukrayan ilə ittifaq yaradıb müharibəyə
hazırlaşırlar. Qərb ölkələri də onlara dəstək verir, maddi yardım göstərir.
60-65 milyonluq Ukrayna xalqı ilə 40 milyonluq Polşa xalqı, 15 milyonluq
Pribaltika respublikaları Qərbin-maddi-hərbi gücü bir araya gəlsə, nəinki
Rusiyanın qabağında dayanmaq mümkün olar, hətta Rusiyanın içərilərinə doğru da
hərəkət etmək olar”.
Q.Hüseynlinin qənaətincə,
bugünkü Ukrayana ilə dünənki Ukrayna arasında kifayət qədər böyük fərq var:
“Bu gün Ukraynada gedən proseslər əvvəlki
proseslər deyil. Məlum olduğu kimi, bu gün seperatçılara ağır zərbə vuran yenidən
təşkilatlanan partizan dəstələridir. Bu dəstələrin tərkibində qadınlar,
qocalar, uşaqlar, bir sözlə hər cür adamlar var. Ukrayna öz ərazi bütövlüyünü təmin
etməyə ciddi şəkildə hazırlaşır və yəqin ki, Şərqi Ukraynadakı seperatçıları
yaxın gələcəkdə yerində oturtmağı bacaracaq. Bundan sonra yeganə problem
Rusiyanın əlindəki Krım olacaq ki, Qərbin yardımı ilə Krımı da geri qaytarmağı
bacaracaq”.
Seymur Əliyev