Sovet ideologiyası bizim ədəbiyyatı böyüməyə qoymadı... - VII məqalə
Repressiyanın 80 illiyinə həsr olunur...
VI məqalə burda: http://www.moderator.az/news/240728.html
XIX əsrin sonu, XX əsrin əvvəllərində
baş verən qlobal mahiyyətli hadisələr, inqilablar, müharibələr, modernləşmə
prosesi və s. bizim ictimai-siyasi və ədəbi-mədəni görüşlərimizdə intibahi
çevriliş yarada bilmişdi. Qarşıda Türk və islam mədəniyyəti, türkləşmək,
müasirləşmək, islam dəyərləri, fəlsəfi görüşləri səviyyəsində özünü, milli
mövcudluğunu isbat etmək sınağı dayanmışdı. C.Əfqani, İ.Qaspirallı, Ə.Ağaoğlu,
Ə.Hüseynzadə, Ə.Topşubaşov kimi mütəfəkkirlərin ideya mexanizmi təkcə Azərbaycanın
deyil, bütün türk-islam dünyasının şüurunda inqilab etməkdə idi. Azərbaycan
cümhuriyyəti süquta uğrayandan sonra bu ideya məşəl kimi əldən-ələ gəzdi,
şüurlarda kök atdı… 1920-ci ildə hakimiyyəti “sosialist inqilabı” adı ilə ələ
alan Rusiya öz işğalçı siyasətini ilk növbədə elmi-mədəni, ictimai-siyasi
düşüncə, təfəkkür tərzinə diktə edirdi. 1930-cu illərdə bu tendensiya daha israrla davam etdirilirdi.
Azərbaycan insanının və ümumilikdə sovet adamının şüuruna zorla yeridilən “formaca milli,
mahiyyətcə sosialist mədəniyyəti”
anlayışı iflasa uğramaqda idi. Bu məğlubiyyət təkcə ədəbi-mədəni süquta
yox, həm də siyasi tənəzzülə aparıb çıxarırdı. Ona görə də Stalin öz qəti qərarı
ilə ilk növbədə elmi-ədəbi, mədəni sahələrdə
repressiya əməliyyatına start verdi. Ədəbiyyatın bütün sahələrində “təmizlənmə”
işi aparıldı.
Repressiya illərində ədəbi
tənqid öz sözünü deyə bilirdimi?-sualı da yazı boyu məni düşündürürdü. Ədəbi tənqidin
mövqeyi seçilirdimi və ümumiyyətlə, ədəbi tənqid sahəsində kimlər vardı?
Daha çox Əli Nazimin adı hallanır... Və maraqlıdır ki, həm
“satan”, həm də “satılan” kimi...
Əli Nazim S.Vurğun və
S.Rüstəmlə eyni zamanda - 1906-cı ildə anadan olmuşdu. Amma Təbriz şəhərində...
Fars və rus dilini mükəmməl bilirdi. Bir müddət Batumda yaşamışdı. Onun da fəaliyyətində sovet sistemində işləyərək
“türkçü” olmaq missiyası danılmamalıdır. Ədəbi yaradıcılığa 15 yaşında şeir və
məqalələr yazmaqla başlayıb. Maraqlıdır ki, bütün SSRİ miqyasındakı türkçülük hərəkatının
gizli şəkildə inkişaf etdirildiyi bir zamanda, 1925-ci ildə Ə.Nazim Leninqrada
gedir və orada Şərqşünaslıq fakültəsinə daxil olur. Bir fakt artıq haqqında bəhs
etdiyimiz bir çox repressiya qurbanının bioqrafiyasında rastlaşdığımız “Türkiyəyə
ezam olunma” ştrixi ilə üst-üstə düşür. Ə.Nazim də Şərqşünaslıq fakültəsində
oxuyarkən, 1927-ci ildə Türkiyəyə elmi ezamiyyətə göndərilir. Və orada
F.Köpürlüzadə ilə görüşür, ondan öz gələcək fəaliyyəti ilə bağlı proqram
xarakterli məsləhətlər alır. Həmin illərdə sovetlərdə fəaliyyət göstərən türkçü
ziyalıların Türkiyədə çap olunan “Türk yurdu” dərgisi ilə sıx əməkdaşlığı olub.
Və bu əməkdaşlıq 1937-ci il sorğulamalarında “cinayət faktı” statusu aldı...
“Moskva Kommunist Akademiyasında aspirant”, “SSRİ xalqları ədəbiyyatı və incəsənəti
bölməsinin elmi katibi”, “Ədəbiyyat ensiklopediyasının redaktoru”, “Azərbaycan
Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və ədəbi mətbuat orqanı redaksiya heyətlərinin
üzvü” kimi sovet elmi strukturlarında
yer tutan Ə.Nazimin “türkçülük”, “millətçilik” fəaliyyəti haqqında qovluq
1937-ci ildə tam hazır oldu və elə həmin ilin mart ayında həbs olundu. Oktyabr
ayında isə çox qısa bir məhkəmə presesinin qərarı ilə 10 il azadlıqdan məhrum
edildi. Amma 1941-ci ildə, H.Cavid ölən ildə o da həbsxanada vəfat etdi... Həyat
yoldaşı Stefanida Semenovna Mahmudzadə də elə 1937-ci ildə “Vətən
xaininin ailə üzvü” kimi 5 il azadlıqdan məhrumluq cəzası aldı...
Ə.Nazimin bəraət məktubunu
1956-cı ildə Əli Nazimin oğlu Ramin Mahmudzadənin SSRİ DTK-nə yazılan ərizəsinə
əsasən 21 may 1956-cı il tarixdə
Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn, Məmməd Arif, Mir Cəlal
Paşayev, Əli Vəliyev, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadə imzaladı...
Yazıçılar İttifaqının sonralar işdən çıxarılan və “əksinqilabçı”
kimi ittiham edilib sürgün olunan sədri S.Şamilovun o ağır illərdə Ə.Nazimə
qarşı qəzəbinin bir səbəbi də “layiq olmadığı halda cibində M.Qorkinin imzası
olan kitab gəzdirməsi faktı” olmuşdu... S.Şamilov iclasların birində deyir: “Yoldaşlar, ədəbiyyatımızda bir çoх
konturrevolyusenerlər haqqında, tənqidimizin liberiallığı haqqında da qeyd etmək
istəyirəm. Siz Əli Nazimin liberiallığın bilirsiniz. Siz bilirsiniz ki, Əli
Nazim ədəbiyyatımızda qabaqca atını sürmüşdür. Çoхları avantürüstlüklə məşğul
olmaqla bərabər, yazıçılıqla da məşğul olmuşdur. Lakin aхır zamanlarda Əli
Nazim ifşa edilmişdir. Bu bir çoх işlərdə olmuşdur. Hətta mollalıq da etmişdir
(yerlərdən on bir arvadı vardır). On bir qadını vardır, ona çoх söz deyə bilərlər.
Əlbəttə bu sizi sevindirdi ki, biz o adamı ortamızdan götürdük”. (A. Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. Bakı,
2011)
Ə.Nazim zamanının nüfuzlu ədəbiyyatşünası, tənqidçisi
idi. Əlyazmaları, əsərlərinin böyük bir qismi məhv edilmişdi. B.Çobanzadə
H.Cavid haqqındakı ifadəsində Ə.Nazimin müsbət rəylərini örnək göstərirdi.
Ə.Nazim H.Cavidi “zamanın tək böyük şairi” kimi dəyərləndirirdi. Baxmayaraq ki,
zaman gələcək və Ə.Nazim H.Cavidin “Sədəfli saz” və “Şəhla” əsəri səhnə üçün
yararsız və zərərli elan olunanda başqa söz deyəcək: “Mən, şəxsən “Şəhla”
pyesini oxumamışam, amma Hacı Baba Nəzərli, Əli Kəriomov, Əli Ələkbərli və
başqalarının sözlərindən məlum olur ki, onun yararsız elan edilməsi Sovet
ruhuna uyğun gəlməməsi, sənətkarlıqdan uzaq olması ilə əlaqəlidir”.
Ə.Nazim B.Çobanzadənin əleyhinə
ifadə verməyə məcbur ediləndə S.Vurğunu və S.Rüstəmi də da “əksinqilabçı və
müsavatçı” kimi təsdiqləyir... Amma sonralar mətbuatda nədənsə, sağ qalan
S.Vurğun və S.Rüstəm “satan”, Ə.Nazim isə ancaq “ələ verilən” “satılan” kimi
qeyri-obyektivcəsinə təqdim edildi və insanların o zamankı repressiya prosesinə
qarşı münasibəti yanlışlıqlarla səciyyələndi. B.Çobanzadə Ə.Nazimlə 1932-ci ildən
birgə əksinqilabi təşkilatlarda fəaliyyət göstərdiyini yazmışdı. V.Xulufluya da
eyni məzmunlu ifadələr verdirilmişdi. O, Ə.Nazimi 1927-28-ci illərdən etibarən,
Leninqradda oxuduğu zamandan “millətçi” kimi tanıdığını yazırdı. Həm də
bildirirdi ki, Türkiyə mətbuatında anti-sovet ruhlu məqalələr yayımlayıb.
“Ə.Nazim mənimlə söhbətdə ÜĠK(b)Partiyasının rəhbərliyinə, onun milli məsələlər
üzrə mövqeyinə qarşı etirazını bildirib, sistemli şəkildə ona böhtan atırdı. Azərbaycanda
elmi mütəхəssislərə qiymət verilmədiyini, eyni zamanda respublikanın özünün
milli mütəхəssisi olmadiğinı tənqid edirdi. 1934-cü ildə Ə.Nazim mənim evimdə ZSSFR
hökumətinin siyasətini tənqid edərək qeyd edirdi ki, guya Gürcüstana büdcədən
çoх vəsait ayrılır, nəinki Azərbaycan SSR üçün”.
(A. Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. Bakı, 2011)
Əvvəlki
məqalələrimin birində də qeyd etmişdim ki, 1925-1926-cı illərdə SSRİ
miqyaslı türkçülük, millətçilik
ideyasının və fəaliyyətinin xüsusi vüsət almasının obyektiv səbəbləri vardı.
1925-ci ildə Səmərqəndə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan,
Tatarıstan, Başqırdıstan, Dağıstan, Azərbaycan və başqa məmləkətləri bir vahid
türk dövləti daxilində birləşdirmək ideyası sırf anti-sovet ideya üzərində
qurulmuşdu. Ona görə də həmin gizli təşkilatın fəaliyyət dairəsi Bakını bu təbliğat
strategiyasının mərkəzinə çevirdi. Tatar türkoloqu Əziz Qubaydullinin və başqa
türkçü alimlərin, ziyalıların Bakıya köçməsi də bu səbəbdən idi. Diqqət edəndə
görürük ki, bizim repressiya qurbanlarının mühakimə qovluğunda qeyd edilən
“cinayətkarlıq tarixi” də daha çox məhz
həmin illərlə əlaqəli şəkildə göstərilir. H.Zeynallı da Ə.Nazim haqqında
verdiyi ifadəsində 1925-1926-cı illər zamanından bəhs edir.
Ə.Nazim
özü də “Türk yurdu” jurnalında çap olunan məqaləsində anti-sovet mövqeyindən
peşmanlıq duyduğunu “etiraf” edir və göstərirdi ki, 1927-ci ilə qədər
“pantürkçü” olub, Türkiyədə yayımlanan yazılarında, təbliğatlarında sovet hökumətinə
şər, böhtan atıb, bu əməlindən artıq
peşmandır...
Məqalənin əvvəlində də qeyd etdiyim kimi,
Ə.Nazim də tutulan başqa yazarlar haqqında ifadələr verir, onları “satırdı”...
Məsələn, onun 1937-ci ildə verdiyi şahidlik ifadələri arasında həm də H.Nəzərli
haqqında ittihamları var idi. O, H. Nəzərlini “əksinqilabçı”, “millətçi”, “partiya
daxilində ikiüzlü” olan, “osmançılığı yayan”. “türk xəlifə mədəniyyətinin tərəfdarı
olan” biri kimi səciyyələndirirdi:
“1933-34-cü illərdə H.Nəzərli mənə şəхsən dəfələrlə deyirdi ki, Azərbaycanın
partiya rəhbərləri ilə mübarizə aparmaq lazımdır”.
Aydındır ki, 1930-cu illərin
ədəbi prosesində bizim başa düşdüyümüz anlamda ədəbi tənqidçi mövqeyi ola bilməzdi.
Ə.Nazimi sovet ideologiyası deyil, ümumtürk, ümummilli əqidə tendensiyası
formalaşdırmışdı. Ona görə də onu H.Cavid və o masştablı yazıçıların
yaradıcılığı maraqlandırırdı. O öz fəaliyyəti
boyunca həqiqi sovet tənqidçisi ola bilmədi...
Amma həmin illərin başqa
bir ədəbi siması vardı ki, Ə.Nazimdən sonra onu ədəbi tənqid sahəsinə “ezam”
etmişdilər... Bu Mehdi Hüseyn idi...
“Mehdi Hüseynin yaradıcılıq yolu hamar olmamışdır. Dövrün səhvləri, ədəbi
irsə olan yanlış münasibət ədibin də yaradıcılığına təsir etmişdir. O, APYC (Azərbaycan
Proletar Yazıçıları Cəmiyyəti) fəal rəhbərlərindən biri idi. Bu, onun da
yaradıcılığının başlanğıcında müəyyən səhvlərə yol verməsinə səbəb olmuşdu.
Amma o dövrün ədəbi mühitini təhlil etdikcə bir çox məqamlar aydınlaşır.
Klassiklərə ögey münasibət, onların inkar edilməsi haqsızlıq idi. Mehdi Hüseyn
kimi qələm sahibləri isə bu yanlışlığı sonadək apara bilməzdilər. Sonralar ədib
öz yazılarında bu məsələyə toxunmuşdur: “Biz sovet ədəbiyyatı uğrunda mübarizədə
yanıldıq. Çünki milli ədəbiyyata qarşı çıxmışdıq”. (F.Xəlilzadə)
M.Hüseyn
1920-1930-cu illərdə Ə.Nazim ədəbi tənqidinin davamçısı kimi deyil, sırf sovet ideologiyası təbliğatının
yazarı oldu. 1927-ci ildə o “Qoyun qırxını” hekayəsini yazmaqla bədii
yaradıcılığa başladı, 1930-cu illərdə isə qadın azadlığı, sosializm quruculuğu,
inqilabın kənd və qəsəbələrdə, şəhərlərdə təntənəsi və s. bu kimi mövzularda
çıxış etdi. O bədii ədəbiyyatda sanki nümunə göstərir və digər sovet
yazarlarından da bu mövqeni ədəbi tənqidçi kimi tələb edirdi... 1930-cu ildə
çap olunan “Ədəbi döyüşlər” adlı tənqidi məqalələr toplusunun adı artıq çox söz
deyir...
V.Yusifli
M.Hüseynin tənqidçi kimi fəaliyyətini yüksək qiymətləndirərək yazırdı ki, “Azərbaycan
ədəbi tənqidinin 1930-1965-cı illər mənzərəsini Mehdi Hüseynsiz təsəvvür
etmək mümkün deyil. M.Hüseyn ədəbi tənqidin ən cəsarətli, sözü vaxtında,
həm də kəskinliyilə söyləyən bir nümayəndəsi idi və tənqidçi həmkarlarından
daha çox bu cəhətiylə seçilirdi ki, çox zaman tənqidin bədii əsərlər,
ədəbiyyatın yaradıcılıq problemləri ilə bağlı ilk sözünü o, deyirdi.
Otuzuncu illərdə yaradıcılıq metodu ilə bağlı məsələlər, ədəbiyyatın
yeni nəsli, kommunist yazıçıların yaradıcılığı, qırxıncı illərdə
Azərbaycan ədəbiyyatının müharibə dövrü vəzifələri, əllinci illərdə
roman janrının inkişafı, şeirimizin, nəsrimizin və dramaturgiyamızın
o dövrkü mənzərəsi, altmışıncı illərdə ədəbiyyatımızın inkişafında
yeni bir mərhələnin xüsusiyyətləri ilk dəfə tənqidçi Mehdi Hüseynin
məqalələrində öz əksini tapmışdı. Əgər söhbət ayrı-ayrı sənətkarların
yaradıcılığından düşərsə, deyə bilərik ki, Mehdi Hüseynin xüsusi
diqqətlə yanaşdığı, yaradıcılığını qayğı və həm də tələbkarlıqla
izlədiyi yazıçılar olmuşdur. O, M.S.Ordubadinin, Səməd Vurğunun,
Süleyman Rüstəmin, Əbülhəsənin, Sabit Rəhmanın, Mir Cəlalın, Məmməd
Rahimin, Süleyman Rəhimovun, Əli Vəliyevin, Əhməd Cəmilin yaradıcılığına
dönə-dönə müraciət etmişdir”.
Sovet
ideologiyası bizim ədəbiyyatı böyüməyə, dünya ədəbi-estetik düşüncə arenasına
çıxmağa qoymadı. Bizim ədiblərin çoxu çox-çox sonralar anladı ki, bir ömürlük ədəbi
fəaliyyət, mübarizə və mücadilə yanlış yola doğru addımlamaq imiş. Bu ədəbi
simalardan biri M.Hüseyn idi.
İ.Əfəndiyev “Yeri görünən
adam” adlı memuarında M.Hüseynlə repressiya illəri haqqındakı söhbətini belə
ifadə etmişdi: “Bir dəfə 50-ci illərin ortaları idi, ona dedim ki, mən orta məktəbdə
oxuyanda, qəzetlərdə tez-tez sənin Cəfər Cabbarlı haqqında kəskin məqalələrin
çıxardı, özün dilçi olmadığın halda böyük dilçi, professor B.Çobanzadəni,
haqsız olaraq ittiham eləyirdin. Nə üçün heylə eləyirdin axı? O, boğulurmuş
kimi dərindən köks ötürüb: - Bunlar hamısı, - dedi, - lənətə gəlmiş vulqar
sosiologizmin təsiri idi. Özü də mən tək deyildim. Biz cavan idik. İndi fikirləşirəm
ki, vulqar sosiologizm bizi estetikadan uzaq salmışdı. Biz tribunada döşümüzə
döyüb Cəfər Cabbarlı kimi, Cavid kimi gözəl sənətkarlarımızın, Əhməd Cavad,
Sanılı kimi şairlərimizin, hətta, Mirzə Cəlil kimi böyük ədibimizin hərəsinə
bir-bir damğa vururduq. Kimini pantürkist, kimini xırda burjua yazıçısı, kimini
də nə adlandırırdıq... Biz, Yusif Vəzir kimi, Cavid kimi təmiz insanlara siyasi
böhtanlar atmaqdan çəkinmirdik. Biz o tribunalardan, hətta, klassiklərimizə də
atəş açırdıq. Amma mən indi “böhtan” deyirəm, o zamanlar isə, dediklərimə inanırdım.
Onun bu cür əsəbiliyi, ürək yanğısı mənə də təsir eləyirdi. Mən hələ yazmağa
başlamazdan əvvəl, 1936-37-ci illərdə günahsız adamların başlarına gətirilən
çox faciələrin şahidi olmuşdum. Xüsusən böyük artistlərin faciəsi mənə çox təsir
etmişdi. Mən də əsəbiliklə dedim: - Abbas Mirzə Şərifzadə də, Ülvi də o illərin
qurbanı oldu... - Abbas Mirzə kimi qurbanlar bir deyildi, yüz deyildi... Ayrı
söhbət danış, - deyə o, papiros yandırıb küçəyə baxan pəncərənin qabağına
keçdi”.
Bütün bu
dəyərləndirmələrdə həqiqət çalarları olsa da, M.Hüseyn sadəcə sovet tənqidçisi
oldu... Onun istər S.Vurğuna, istərsə də digər ədiblərə qarşı kəskin və cəsarətli
çıxışı belə sovet ədəbiyyatı, sovet ideologiyası təbliğatının ədəbi tənqid
tribunası ampluasını tərk edə bilmədi, sona qədər... Artıq, Stalinin ölümündən
sonra, 1960-cı illərdə “Yeraltı çaylar dənizə axır” müəllifi olmaq ədəbi qəhrəmanlıq
sayıla bilməzdi...
M.Hüseyn
tarixi mövzuda dram əsərləri (“Nizami”,
“Cavanşir” və “Şeyx Şamil”) yazanda da, müharibə ədəbiyyatı (“Fəryad”
pyesi), zavod, fabrik sənayesinin inkişafına dəstək ola biləcək romanlar
yazanda da ancaq və ancaq sovet yazarı oldu...
Ümumiyyətlə, repressiya illərindən sonra ədəbiyyatımızda
ən çox qlafda qalan, öz müstəqil ideya və məramnaməsi ilə mövqe nümayiş etdirə
bilməyən sahə kimi ədəbi tənqid sahəsi diqqəti çəkdi, düz 1960-cı illərə qədər...
O illərə qədər ədəbi tənqid sahəsindəki boşluğu elə çox zaman yazıçı və şairlərin,
dramaturqların özü doldurur, bir-birlərinin yeni çap olunan əsərlərinə münasibət
bildirirdilər. M.Arif, M.Cəfər, C.Xəndan, Ə.Sultanlı, P.Xəlilov və başqa ədəbiyyatşünasların
tənqidçi kimi fəaliyyəti də həmin məlum tendensiyalı yanaşma həddini keçə bilmədi...
Bu müəlliflər hamısı ədəbi tənqidimizin mövqeyini sosializm realizmi platformasında stabilləşdirdi...
On illərlə ədəbi tənqidin didaktika, öyüd-nəsihət və sosializm realizmi
tendensiyalı olması tənəzzülünün əsil səbəbi yenə də repressiya illərinin sözə,
ədəbiyyata qaldırdığı qanlı qılınc faktı oldu... Ədəbi tənqid kimi yaradıcılıq
forması azad düşüncə, sərbəst özünüifadə və cəsarətlilik tələb edir. Repressiya
qılıncının hədəfi isə məhz bu keyfiyyətləri aradan götürməkdən ibarət idi...
Ardı var
21.01.2018.
İradə Musayeva








