Moderator.az 1979-cu ildən 1991- ci il noyabrın 20-də - görkəmli dövlət xadimləri, ziyalılar, hərbçilər və jurnalistləri aparan vertolyotun Qarakənd səmasında vurulduğu günədək DQMV İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyən (tarix boyu DQMV-də azərbaycanlılar üçün ən yüksək vəzifəni tutan, Vilayət partiya komitəsinin 11 büro üzvündən yeganə azərbaycanlı) Fərrux Hüseynovun Qarabağ gündəliyinin ən vacib və maraqlı qeydlərini qısa şərhlərimizin müşayiəti ilə oxucuların diqqətinə çatdırır.
(Əvvəli bu linkdə://www.moderator.az/news/254199.html)
“Onlar Vilayət Prokurorluğuna daxil olan kimi 8 nəfər əli avtomatlı Şükür müəllimi girov götürüb...”
“...Erməni prokuror müavini gəldi mənim kabinetimə. Şükür Rzayev Ayrapetyana dedi ki, get Manuçarovun işi ilə bağlı sənədləri hazırla. Sabah gələcəm Vilayət Prokurorluğuna yoxlamağa, görüm, onunla bağlı cinayət işi niyə bağlanıb...
Manuçarov daş karxanasının direktoru idi və eyni zamanda “Krunk”un liderlərindən biri idi. Manuçarovu və onun əlaltısı olan bir neçə ermənini bizimkilər tutub Şuşa türməsinə salmışdı. Ancaq sonradan Moskvanın diktəsi və təyziqi ilə onlar azadlığa buraxılmışdı. Nə isə.... Şükür Rzayev belə deyəndə Ayrapetyan cavab verdi ki, əşşi, Şükür müəllim, nə danışırsız, sabah hara gəlirsiniz, sizi də, məni də orada güllələyərlər...
Şükür müəllim əsəbləşərək Ayrapetyanın üstünə qışqırdı: “Ə, qələt edirlər, get, deyirəm sənə!..”
“Şükür müəllim, getməyin, orada, Allah eləməmiş, ermənilər sizi girov götürə bilərlər. Ondan sonra Tofiq İsmayılova mən nə cavab verərəm? Axı o, sizi mənə görə bura göndərib. Özü də mənə tapşırıb ki, onların üstündə rəhbər kimi sən qalırsan. Xahiş edirəm, getmək söhbətini yığışdırın, yoxsa bu dəqiqə Tofiq İsmayılova zəng vuracam...”
Şükür müəllim bir az sakitləşib cavab verdi: “Yaxşı, yaxşı, dava salma...”
Sonra üzünü tutdu Ayrapetyana: “Onda sən get sənədləri hazırla, sabah bura gətirərsən...” “Səhər tezdən oyananda baxdım ki, Şükür Rzayev yoxdur...”
Gecəni kabinetimdə elə döşəmənin üstünə sərdiyimiz odeyal və “buşlat”ların üstündə bir təhər yuxuladıq. Səhər tezdən oyananda baxdım ki, Şükür Rzayev yoxdur. Diş pastası, əl-üz dəsmalı da gözümə dəymədi. Qapının önündə hərbi komendaturanın kapitanı əyləşərdi. Çıxıb ondan soruşdum ki, Rzayevi görməmisən. Cavab verdi ki, gətirib şeylərini qoydu bura. Dedi, bir azdan qayıdacam. Sən demə, Şükür Rzayev komendaturadan Ayrapetyana zəng edib ki, gəl, məni apar ora. Ayrapetyan da gəlib Şükür müəllimi aparıb. Və onlar Vilayət Prokurorluğuna daxil olan kimi 8 nəfər əli avtomatlı Şükür müəllimi girov götürüb...
“Rəhmətlik İsmət Qayıbova zəng etdim ki, ermənilər sizin köməkçinizi girov götürüblər...”
Elə bil, məni ildırım vurdu. Dərhal zəng elədim Azərbaycanın bütün rəhbərlərinə, o cümlədən Respublikanın Baş prokuroru rəhmətlik İsmət Qayıbova. Ona bildirdim ki, ermənilər sizin köməkçinizi girov götürüblər. İsmət müəllim təmkinini pozmadan cavab verdi ki, bu saat Bakıdan çıxıb gəlirəm ora...
Səhv etmirəmsə, 1991-ci il noyabrın 17-ı idi. Baş prokuror İsmət Qayıbov bir qrup adamla gəlib çıxdı Xankəndinə və oturdu Polyaniçkonun Təşkilat Komitəsi yerləşən binadakı keçmiş kabinetində. İsmət müəllim Vilayət prokurorunu, Vilayət Milis İdarəsinin rəisini və bir neçə digər vəzifəli şəxsləri çağırtdırıb başladı sorğu –suala...
“Komendaturadan bizə xəbərdarlıq etdilər ki, ermənilər sizi də girov götürə bilərlər...”
Bu zaman komendaturadan bizə xəbərdarlıq etdilər ki, binanın həyətinə ermənilər toplaşıb, səs küy salırlar. Onlar binaya soxulub sizlərə xəsarət yetirə və ya sizi də girov götürə bilərlər. Ancaq cəsarəti, qorxmazlığı, vətənpərvərliyi ilə seçilən İsmət müəllim deyilənlərə fikir vermirdi...
“Gecəyə yaxın İsmət müəllimi rus hərbçilərin zirehli transportyoruyla(“BTR”) Ağdama yola saldım...”
Axşam tərəfi Baş prokuroru dilə tutmağa çalışaraq dedim:
“İsmət müəllim, gəlin belə edək. Siz gedin Ağdama. Mən bu adamları göndərərəm yanınıza, dindirməni orada apararsınız. Nə tapşırığınız da var, orada verərsiniz, qayıdıb yerinə yetirərlər. Çünki bura çox təhlükəlidir, ermənilər doğrudan da binaya hücum çəkə bilər...”
Rəhmətlik əvvəlcə razılaşmadı. Xeyli dilə tutduqdan sonra, axır ki, çox çətinliklə İsmət müəllimin razılığını aldım. Zəng vurdum komendaturaya və noyabrın 17-də gecəyə yaxın İsmət müəllimi və onunla gələn yoldaşları rus hərbçilərin zirehli transportyoruyla(“BTR”) Ağdama yola saldım...”
(Davamı var)
Təqdim etdi: Sultan Laçın