II Yazı
Koronavirus pandemiyası ilə mübarizənin davam etdiyi bir zamanda dünyada söz sahibi olan super güclərin ideoloji təbliğatı da artır, siyasi, həm də iqtisadi problemlərə yeni yanaşma tərzi formalaşır.
Dünyanın ən yenilməz dövləti olduğunu iddia edən Rusiya Federasiyası isə hələ də dolayı yollarla virus bəlasına görə Amerika Birləşmiş Ştatlarını ittiham edir. Rusiyada siyasi kampaniya başlayıb. Kreml sahibinin belə bir gərgin şəraitdə fürsətdən faydalanmaq istədiyi açıq-aydın görünür.
Rus cəmiyyətində öz xilaskar obrazını yaratmağa cəhd edən, 2019-cu ildən bəri azalmış reytinqini bərpa etməyə çalışan və yeni virusa qalib gəlmiş dövlət başçısı kimi tarix yazmaq arzusunda olan Putin bütün istiqamətlərdən hücuma keçib. Ancaq Kovid-19 pandemiyası ilə qeyri-müəyyən zaman ərzində aparacağı gərgin savaşda Putinin siyasi nüfuzunun xeyli sarsılacağı da istisna deyil. Sanksiyalara boyun əyməyəcəyini, Ukrayna ilə savaşda, Krım, Donbas, Luqansk məsələsində güzəştə getməyəcəyini, həmçinin Suriya istiqamətində geri çəkilməyəcəyini dəfələrlə bəyan edən Putini indi virus bəlasından da çox Səudiyyə Ərəbistanı-ABŞ alyansının dünya neftinin qiyməti ilə bağlı qəbul edəcəyi qərarlar narahat edir.
ABŞ-la müqayisədə Rusiya daha çox narahatdır. Kreml ideoloji maşınının fəallığı göz önündədir. Rusiyanı ən böyük bəlalardan qorumağı bacardığını, öz ölkəsini "böyük şər" hesab etdiyi tarixi düşməndən - ABŞ-dan Stalin əzmi ilə müdafiə etdiyini, əvəzedilməz olduğunu hər cür üsullarla rus cəmiyyətinə sırımağa çalışan prezident Putinin təbliğat-təşviqat kampaniyası indi də koronavirus üzərindən hərəkətə keçib. Guya öncəgörən Vanqanın Rusiyadan, Vladimir adlı qüdrətli hökmdardan bəhs etdiyi, koronavirus pandemiyasına qalib gələ biləcək vaksinin Rusiyada kəşf olunacağını dediyi haqda xəbərlər də Putinlə bağlı təbliğatın bir parçasıdır.
Rusiyada isə hələ ki, irəliləyiş yoxdur. Bəzi ekspertlərə görə, belə davamla Kovid-19-un Rusiyaya vurduğu zərər il ərzində 50 milyard dollar civarında ola bilər.
Kütləvi bəla təki ortalığa çıxan virus Rusiyaya da özünü toparlamağa macal vermədən hücum etdi. Rusiyanın böyük qonşusu Çində isə pandemiya ilə bağlı görüntülər bambaşqadır. Dəhşətli Kovid-19 milyard yarım əhalisi olan Çində baş qaldırandan sonra virus səddini aşıb dünyanın dörd bir yanına yayıldı. Çin hökuməti həbs etdirdiyi, sonra koronavirusdan ölən ilk virus xəbərçisi doktor Linin nə qədər haqlı olduğunu anladıqda isə artıq gec idi. Dünya Səhiyyə Təşkilatının qeyri-müəyyən növə malik virusun tədqiq edilməsi tövsiyəsinə etinasızlıqla yanaşdığını etiraf edən Çin diqqətin SARS virusuna yönəldiyini açıqladı. Və bu ölkə ictimai bəraət qazanmaq üsulundan, yəni Uhan faktorundan ustalıqla istifadə edib ABŞ-ın bioloji silah sınağı apardığı barədə xəbərləri dövriyyəyə buraxdı. Çin hətta bu vəziyyətdə də Avropanı unutmayıb böyük bazarda Rusiya ilə yarışa atıldı və tezliklə avroməkanın daha çox Çin tibbinə ümid bəslədiyi üzə çıxdı. Çinin İtaliyaya yardım kampaniyasında Rusiyanı üstələdiyi üzə çıxdı. İtaliyaya xeyli maska və tibb ləvazimatı, həkim, peşəkar virusoloqlar, mobil laboratoriyalar göndərib yardım edən Çin başqa ölkələrə də yardıma hazır olduğunu bəyan etdi.
Çinin XXI əsrdə koronavirus tarixinə belə asanlıqla uduzacağı inandırıcı görünmür. Yəqin ki, indən sonra dünyada Çinə iqtisadi-siyasi münasibət də xeyli dəyişəcək. Çinin gələcəkdə ABŞ-ın, Avropanın həyata keçirdiyi qlobal missiyalarda, siyasi, sosial və iqtisadi proyektlərdə daha fəal olacağı artıq indidən sezilir.
Kovid-19 Çinlə yanaşı bütün dünyanın bəlasına çevrilib. Bu virus hələ çox ölkəni ölüm-dirim sınağına çəkəcək. Çin yardım təklif edir. Və Çinə görə bu pandemiya həm də... Çin nəhəng təlimdə, üçüncü cahan savaşının virtual görüntüsündə özünü görür. Koronavirusla savaş davam edir... Rusiyadan hələ qələbə xəbəri gəlməsə də, Çin artıq özünü qalib hiss edir...
Oqtay Qorçu
(Ardı var)